Ordu.az xəbər verir ki, bunu bu gün mətbuat konfransı zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.
Qeyd edək ki, bir gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan AŞPA deputatlarından birinin Ermənistanda yüksək rütbəli din xadimlərinin həbsi ilə bağlı sualına cavab verərkən bildirib ki, din xadimlərinə qarşı təqiblər yoxdur.
“Belə bir vəziyyət var ki, Ermənistanın bəzi vətəndaşları demokratik yolla seçilmiş hakimiyyətin silahlı çevriliş yolu ilə devrilməsinə açıq çağırışlar edirlər. Hətta Ermənistan hakimiyyətinin bəzi nümayəndələrinin, o cümlədən mənim öldürülməyimə dair çağırışlar səsləndirilir. Belə bir vəziyyətdə sizin qərarınız nə olar, hansı addımları atarsınız? Ermənistanda qanunun aliliyi mövcuddur və bütün vətəndaşlar, istər din xadimi, istər siyasi xadim, istər məmur, bilmirəm, dirijor, artist və ya kim olursa-olsun, qanuna tabe olmalıdır”, - deyə Mirzoyan AŞPA-da bəyan edib.
Mirzoyanın bu açıqlamasına və kilsə ətrafında yaranmış vəziyyətə münasibət bildirən Köçəryan deyib:
“Hakimiyyət kilsəyə hücum edib və elə təəssürat yaranır ki, ora girib dəyişiklik edib şəxsi istifadə üçün bir qurum yaratmaq istəyirlər. Məqsəd də budur. Niyə belə bəyanatlar Avropa Şurasında lazımi reaksiya doğurmur? Problem daha çox geosiyasi xarakter daşıyır. Məsələn, Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallasdır, o, Estoniyanın keçmiş Baş naziri olub. Baş nazir olduğu dövrdə deyirdi ki, Rusiya üç hissəyə parçalanmalıdır. Sən kiçik bir ölkənin rəhbərisən, Rusiyanı necə parçalayacaqsan, ümumiyyətlə öz ölkənin təhlükəsizliyi barədə düşünürsənmi? Belə düşüncə tərzinə malik bir şəxs Aİ üçün bir nömrəli diplomat olur. Bu hadisələrə başqa prizmadan baxmaq lazımdır. Bunlar son dərəcə siyasiləşmiş bəyanatlardır və bir çox hallarda reallıqla heç bir əlaqəsi yoxdur”.
Alpər Mövludoğlu
Ordu.az