Ordu.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.
“Əgər belə olmasaydı, hakim Armen Danielyan Ali Məhkəmənin hakimi seçilə bilməzdi. Konstitusiya Məhkəməsi, Ali Məhkəmə Şurası, Ali Məhkəmə, hamısı parlamentdən keçir. Parlamentdə onların lehinə “Vətəndaş Müqaviləsi” partiyası səs verir, bu partiyanın qərarını isə Baş nazir verir. Bu normal deyil. Kim o kresloda oturarsa, əgər vicdanını itirərsə, həm parlamentdə, həm də məhkəmə sistemində mono hakimiyyət formalaşdıracaq. Nikol Paşinyan ümumiyyətlə vicdan sahibi olmadığı üçün bu mono hakimiyyəti bütün qollarda qurmaq üçün münbit zəmin əldə edib. İndi nə etmək lazımdır? Konstitusiya dəyişiklikləri lazımdır. Yarım-prezident idarəetmə modelinə keçmək olar, amma bu, kəskin addımdır və siyasi meydanda bir çoxları bunu qəbul etməyə bilər. Parlament idarəetməsi qalmaqla prezident parlament tərəfindən yox, xalq tərəfindən seçilə bilər. Şərqi Avropa ölkələrinin əksəriyyəti bu cür işləyir”, - deyə Köçəryan qeyd edib.
Onun sözlərinə görə, bu halda məhkəmə hakimiyyətinin formalaşmasında prezident də iştirak edə bilər və onun da birbaşa mandatı olmalıdır.
“İkinci variant səsvermə qaydasını dəyişmək ola bilər. Məsələn, mən təklif edərdim ki, Ali Məhkəmə Şurasının üzvləri parlament tərəfindən sadə çoxluqla yox, bütün fraksiyaların ən azı yarıdan çox üzvünün səsi ilə seçilsin. Eyni yanaşmanı Ali Məhkəmə və Konstitusiya Məhkəməsi hakimlərinin seçilməsində də tətbiq etmək olar. Əgər biz gəlsək, ilk addımlardan biri bu olacaq. Bir nəfər istədiyini edə bilməz. Bu konstitusiya avtoritar hakimiyyət yaratmağa xidmət edən konstitusiyadır. Amma düşünürəm ki, konstitusiyanın müəllifləri belə bir vəziyyətin, yəni “Vətəndaş Müqaviləsi” partiyasının mövcud olub özünü “tapşırıq daşıyan” kimi aparacağını nəzərə almayıblar”, - deyə Köçəryan bildirib.
Jurnalistin hansı keçmiş məmurların bu vəzifələrə təyin olunmasına görə təəssüfləndiyi ilə bağlı sualına Köçəryan belə cavab verib:
“Mən bəlkə də məsələyə başqa prinsipdən yanaşaram. Məsələn, ölmüş polis rəisi Hayk Harutyunyan parlaq və son dərəcə vicdanlı insan idi. O, 1999-cu ildən 2008-ci ilə qədər polis rəisi işləyib. O vaxt bu miqyasda narkomaniya və oğurluq yox idi. İndi narkomaniya artıq məktəblərə daxil olub. Bu illər ərzində neçə polis rəisi dəyişib? Altı, ya da yeddi. Bu elə vəzifə deyil ki, pis yuxu görəsən və ya kimsə qulağına nəsə desin, gedib polis rəisini dəyişəsən. Eləcə də neçə təhlükəsizlik xidməti rəhbəri dəyişib. Əgər bir şəxs vəzifədə uğurludursa, uzun müddət işləməlidir, onun təcrübəsindən maksimum istifadə olunmalıdır. Bu gün SMS-lə Ali Məhkəmə Şurasının sədrini dəyişmək, Antikorrupsiya Komitəsinin sədrini vəzifədən götürmək mümkündür”.
Alpər Mövludoğlu
Ordu.az