Bu analiz yalnız zirehli gödəkçələr mövzusu üzərində fokuslanır və ABŞ-nin potensial ixrac imkanlarını, konkret şirkət və modelləri, region ölkələrinə əvvəlki satış təcrübəsini, əməliyyat mühitini və Azərbaycan Silahlı Qüvvələrinin real ehtiyaclarını sistemli və çoxşaxəli şəkildə təhlil edir.
Müasir müharibədə zirehli gödəkçələrin strateji rolu
Müasir döyüş əməliyyatları klassik cəbhə anlayışını aşaraq hibrid, yüksək texnologiyalı və çoxölçülü xarakter alıb. Bu şəraitdə fərdi döyüşçünün qorunması yalnız humanitar məsələ deyil, birbaşa döyüş effektivliyini müəyyən edən amillərdən biridir. Zirehli gödəkçələr artıq sadəcə gülləkeçirməz vasitə deyil, rabitə sistemləri, sensorlar, pilotsuz vasitələrlə koordinasiya olunan “soldier system” yanaşmasının əsas elementlərindən sayılır.

ABŞ ordusu bu transformasiyanı ən erkən mərhələdə yaşayan və faktiki olaraq müasir fərdi zireh bazarını formalaşdıran aparıcı aktordur. Bu səbəbdən ABŞ istehsalı olan zirehli gödəkçələrin ixracı təkcə fiziki qoruma vasitələrinin satışı deyil, müəyyən döyüş doktrinasının və əməliyyat fəlsəfəsinin ötürülməsi anlamına gəlir.
Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat mühiti və tələbləri
Azərbaycan Silahlı Qüvvələrinin son onillikdə keçdiyi əməliyyat yolu, xüsusən 2020-ci il müharibəsi və ondan sonrakı lokal antiterror tədbirləri göstərdi ki, Silahlı Qüvvələr üçün əsas prioritetlər yüksək mobillik, texnoloji üstünlük, pilotsuz sistemlərlə koordinasiya və şəxsi heyətin maksimal qorunmasıdır. Döyüş əməliyyatları əsasən dağlıq və yarımdağlıq relyefdə, məhdud urban zonalarda və açıq müşahidə imkanına malik ərazilərdə aparılıb.
Belə şəraitdə zirehli gödəkçələrin çəkisi, modul quruluşu, termal uyğunluğu, ventilyasiya səviyyəsi və pilotsuz müharibəyə adaptasiya qabiliyyəti həlledici meyarlara çevrilir. Silahlı Qüvvələrin sovet standartlarından NATO standartlarına mərhələli keçidi fərdi döyüşçü avadanlıqlarında da uyğunluq tələb edir.
ABŞ-də zirehli gödəkçə istehsal edən əsas şirkətlər
ABŞ müdafiə sənayesi fərdi zireh sahəsində qlobal liderdir. Azərbaycana potensial olaraq təklif edilə biləcək əsas şirkətlər sırasında “Point Blank Enterprises”, “Crye Precision”, “Safariland Group”, “Velocity Systems” və “Armor Express” xüsusi yer tutur. Bu şirkətlərin məhsulları ABŞ ordusu, NATO ölkələri, eləcə də ABŞ-nin tərəfdaş dövlətləri tərəfindən geniş şəkildə istifadə olunur.
“Point Blank Enterprises” və IOTV ailəsi
“Point Blank Enterprises” ABŞ ordusunun ənənəvi təchizatçılarından biridir. Şirkətin “Improved Outer Tactical Vest” (IOTV) “Gen III” və “Gen IV” modelləri uzun illər ABŞ ordusunda standart kimi istifadə olunub.
Texniki xüsusiyyətlər:
- Qoruma səviyyəsi: “NIJ Level III/IV” (keramika əsaslı kompozit zireh plitələrlə)
- Modul quruluş: yan, boyun və çiyin qoruyucuları
- Çəki: nisbətən ağır
Bu gödəkçələr yüksək ballistik qoruma versə də, dağlıq və manevr tələb edən əməliyyatlarda hərəkət azadlığını məhdudlaşdıra bilər. Bu səbəbdən IOTV modelləri Silahlı Qüvvələrimiz üçün daha çox arxa cəbhə, sabit mövqelər, logistik və mühafizə bölmələri üçün uyğun hesab edilə bilər.
“Crye Precision” – JPC 2.0 və AVS sistemləri
“Crye Precision” xüsusi təyinatlı və sürətli reaksiya bölmələri üçün dizayn edilmiş yüngül zirehli gödəkçələrlə tanınır. “Jumpable Plate Carrier 2.0” (JPC) və “Adaptive Vest System” (AVS) modelləri müasir xüsusi əməliyyat doktrinasının əsas nümunələrindəndir.
Üstünlüklər:
- Çox yüngül konstruksiya
- Yüksək ventilyasiya
- “SAPI” və “ESAPI” tipli keramika əsaslı kompozit zireh plitələrlə uyğunluq
Bu xüsusiyyətlər “JPC 2.0” modelini Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əməliyyat profili ilə yüksək dərəcədə uyğun edir. Dağlıq ərazilərdə uzunmüddətli əməliyyatlar zamanı çəkinin azlığı və bədənin hərəkət azadlığı ciddi taktiki üstünlük yaradır.
“Velocity Systems” – “Scarab LT” və “Scarab LE”
“Velocity Systems” şirkətinin “Scarab” seriyası NATO ölkələrinin xüsusi bölmələri arasında geniş yayılıb. Bu gödəkçələr modul dizaynı, erqonomik quruluşu və müxtəlif plitələrlə uyğunluğu ilə seçilir.
ABŞ-nin ötən illərdə Gürcüstan və Ukrayna kimi region ölkələrinə məhz bu tip yüngül zirehli gödəkçə sistemləri satması Azərbaycanın da oxşar konfiqurasiyalar əldə edə biləcəyini göstərir. Bu yanaşma həm əməliyyat baxımından effektiv, həm də siyasi cəhətdən daha az həssasdır.
“Safariland Group” və “Armor Express” modelləri
“Safariland Group” və “Armor Express” əsasən hüquq-mühafizə və yarımhərbi strukturlar üçün nəzərdə tutulmuş zirehli gödəkçələrlə tanınır. Urban mühit, post-münaqişə təhlükəsizlik, mina təmizləmə və sabitlik əməliyyatları üçün bu modellər funksional hesab olunur. Azərbaycanın azad edilmiş ərazilərində aparılan təhlükəsizlik tədbirləri baxımından bu cür zirehli gödəkçələr praktiki əhəmiyyət daşıya bilər.
Region ölkələrinə ABŞ zirehli gödəkçələrinin satış təcrübəsi və Azərbaycan üçün ən uyğun variantlar
ABŞ-nin region ölkələrinə ixrac təcrübəsi göstərir ki, əsasən yüngül və orta qoruma səviyyəli modellərə üstünlük verilir. Gürcüstan, Ukrayna və Balkan ölkələrinə göndərilən zirehli gödəkçələr əsasən “Crye Precision”, “Velocity Systems” və “Armor Express” istehsalı olub. Bu məhsullar regionda geniş yayılmış “7.62x39” və “5.45x39” tipli sursatlara qarşı effektiv qoruma təmin edir.

Texniki və əməliyyat baxımından Azərbaycan üçün ən uyğun variantlar “Crye Precision JPC 2.0” və “Velocity Systems Scarab LT” modelləri hesab edilə bilər. “Point Blank Enterprises” istehsalı olan IOTV isə məhdud sayda və spesifik bölmələr üçün məqsədəuyğundur.
Zirehli gödəkçələrin tədarükü yalnız maddi təchizat deyil, eyni zamanda NATO standartlarının ötürülməsi, təlim paketləri və istifadə doktrinasının paylaşılması deməkdir. Bu, beynəlxalq sülhməramlı və koalisiya əməliyyatlarında qarşılıqlı əməliyyat uyğunluğunu artırır.
Nəticə
ABŞ Prezidenti Donald Trampın açıqlamasında qeyd edilən zirehli gödəkçələr məsələsi simvolik olmaqla yanaşı, real hərbi-texniki əməkdaşlıq potensialını da əks etdirir. ABŞ istehsalı olan zirehli gödəkçələrin Azərbaycana satışı Silahlı Qüvvələrimizin əməliyyat mühiti, döyüş təcrübəsi və modernləşmə xətti ilə üst-üstə düşür və uzunmüddətli strateji nəticələr vəd edir. Göründüyü kimi, zirehli gödəkçələr böyük silah sistemləri qədər diqqət çəkməsə də, müasir müharibədə insan faktorunun qorunması baxımından həlledici rol oynayır və ABŞ-Azərbaycan əməkdaşlığında texniki detal deyil, strateji uyğunlaşmanın göstəricisi kimi çıxış edir.
Firuz Bağırov
Ordu.az