“Təsəvvür edin ki, hibrid müharibə barədə çıxışlardan sonra Rusiya da Ermənistan üçün gömrük rüsumları tətbiq etsin” - Köçəryan

2025/10/1759836302.jpg
Oxunub: 405     14:21     29 Yanvar 2026    
“Əgər hibrid müharibə və ya böyük dövlətlərin kiçik dövlətlərə təsiri barədə danışsaq, indi görürük ki, Tramp öz məsələlərini necə həll edir: kiminsə dediyi onun xoşuna gəlmirsə, gömrük rüsumları tətbiq edir. Təsəvvür edin ki, Rusiya tarixən öz təsir zonası hesab edilən ərazilərlə işləmək üçün oxşar üslub seçsin”.

Ordu.az xəbər verir ki, bunu Ermənstanın ikinci prezidenti Robert Köçəryan bu gün keçirilən mətbuat konfransında deyib.

“Təsəvvür edin ki, kimsə hibrid müharibə barədə danışsın və ya Alen Simonyan növbəti axmaqlığını desin, Rusiya isə Ermənistan üçün 200 faiz gömrük rüsumu elan etsin. Biz nə edəcəyik? Rusiya bu müddət ərzində elə bir siyasət aparıb ki, biz onun belə addım ata biləcəyini heç təsəvvür də etmirik. Amma Rusiyanın bu cür siyasətlə bizə təsir etmək üçün rıçaqları çox böyükdür. Belə addım kənd təsərrüfatına qarşı atılsa, bu, problem olar, çünki bizim kənd təsərrüfatı məhsullarımız Rusiyadan başqa heç bir yerə ixrac edilmir”, - deyə Köçəryan qeyd edib.

Köçəryan xatırladıb ki, 2019-cu ildə bir gürcü jurnalist televiziya vasitəsilə Rusiya və Rusiya Federasiyasının prezidenti haqqında kobud ifadələr işlədib, bundan dərhal sonra Rusiya Gürcüstanla ticarəti dayandırıb, bütün uçuşları ləğv edib.

“Həmin jurnalist işdən uzaqlaşdırıldı, Gürcüstan Rusiyadan üzr istədi. Xalq başa düşdü ki, Gürcüstanın iqtisadiyyatı və onların hər birinin rifahı Rusiyadan nə dərəcədə asılıdır”, - deyə o bildirib və qeyd edib ki, Rusiya müxtəlif amilləri nəzərə alaraq Ermənistanla bağlı daha yumşaq siyasət yürüdür.

Köçəryanın sözlərinə görə, Ermənistan hakimiyyəti seçkilər ərəfəsində Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi formalaşdırmağa davam edəcək, bununla Avropadan dəstək almağa ümid edir.

“Yeri gəlmişkən, bu, Ukraynanı dərin müharibəyə girməyə təşviq edən eyni Avropadır. Bəs indi nə oldu? 2022-ci ilin aprelində İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqlar aparılırdı. Avropalıların fəal iştirakı ilə bu danışıqlar iflasa uğradı və artıq dördüncü ildir ki, müharibə davam edir”, - deyə Köçəryan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənstan  


Bizi "telegram"da izləyin