Köçəryan: “Əgər Ermənistanın rəhbəri Türkiyənin agenti olsaydı, Nikol Paşinyanın bu gün atdığı addımları atardı”

2025/12/1765016011.jpg
Oxunub: 510     14:12     29 Yanvar 2026    
“Yalnız Hakan Fidan yox, Kaya Kallasın bəyanatına da baxın. Bəli, onlar Nikol Paşinyana çox açıq dəstək verirlər. Düşünmürəm ki, bu onların təşəbbüsüdür. Təşəbbüs Ermənistandan gəlir. Ermənistandan nümayəndə heyətləri gedir və deyirlər ki, biz Qərb xəttini seçmişik, Rusiya bizə qarşı hibrid müharibə başlayacaq. Bu, Saakaşvilinin etdiklərinin eynisidir: münasibətləri gərginləşdirirdi, sonra ABŞ-yə qaçıb dəstək istəyirdi”.

Ordu.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

O qeyd edib ki, Hakan Fidan öz bəyanatı ilə faktiki olaraq Nikol Paşinyana və onun apardığı siyasətə dəstək verib.

“Bu, eyni modeldir. Sən gərginləşdirilmiş münasibətlər fonunda birinin qucağına girməyə çalışırsan, yoxsa maraqların üst-üstə düşdüyü addımları seçirsən? Biz belə edirdik və buna komplementar siyasət deyirdik. İndi isə Ermənistan tam əksini edir, münasibətləri gərginləşdirir və bunun müqabilində Qərbdən nəsə qoparmağa çalışır. Bunun daxili siyasi həyata necə təsir edəcəyinə gəlincə, müəyyən təsiri olacaq. Amma təsəvvür edin ki, müxalifət bu baxımdan qeyri-bərabər şəraitə salınıb. Eyni Rusiya belə səviyyəli bəyanatlar vermir, Çin də vermir. Çinlə ABŞ arasındakı fərq ondadır ki, ABŞ deyir: bunu etməsən, səni cəzalandıracağam, Çin isə deyir: bunu etsən, səni təşviq edəcəyəm. Yanaşmalarda böyük fərq var, məhz buna görə də Çin bir çox ölkələr üçün daha cəlbedicidir. Ermənistan isə hansı məqsədlərlənsə elə bir sahəyə girir ki, bir ölkə ilə münasibətləri qurmaq üçün digəri ilə münasibətləri korlamalı olur. Bu, kiçik ölkə üçün normal deyil”, - deyə Köçəryan vurğulayıb.

Köçəryanın sözlərinə görə, 2018-2020-ci illərdə Nikol Paşinyan elə anti-Türkiyə bəyanatları verirdi ki, belə bəyanatları heç bir başqa rəhbər verməyib.

“Həmin dövrdə Makron-Ərdoğan münasibətləri gərginləşmişdi. Makron anti-Türkiyə yönümlü qeyri-rəsmi ittifaq formalaşdırmağa çalışırdı və bu məsələni Misir, İsrail, Yunanıstan və Kiprlə çox aktiv müzakirə edirdi. Həmin vaxt Ermənistan da bu qeyri-rəsmi koalisiyanın formalaşmasına qoşulmuşdu. Makron isə həftədə bir mövqeyini dəyişir. Mən on il prezident olduğum müddətdə heç vaxt anti-Türkiyə bəyanatı verməmişəm, axı bu, qonşu ölkədir. Təsəvvür edin ki, mən Kürdüstanın yaradılmasından danışmağa başlasaydım, bu, axmaqlıq olardı və Ermənistanı zərbə altına qoyardı. Heç bir prezident də belə bir şey etməyib. O isə bu prosesin içinə girdi və yəqin ki, bu da 2020-ci il müharibəsində Türkiyənin açıq şəkildə Azərbaycanın yanında dayanmasının səbəblərindən biri oldu”, - deyə Köçəryan qeyd edib.

Erməni jurnalistin cəmiyyətin böyük bir hissəsinin Paşinyanın apardığı güzəştli siyasətlə barışmadığı və onu qəbul etmədiyi barədə qeydinə Ermənistanın ikinci prezidenti belə cavab verib:

“Praqmatik siyasət ola bilər və bu, müəyyən güzəştləri nəzərdə tutur. Amma mən burada praqmatizm görmürəm. Mənim üçün motivasiyası anlaşılmaz olan bir siyasət görürəm. Əgər Ermənistanın rəhbəri Türkiyənin agenti olsaydı, Nikol Paşinyanın bu gün atdığı addımları atardı. Mən bu motivasiyanı başa düşmürəm. Çünki çox sadə məsələlərdə elə addımlar atırlar ki, bunun çox ağır nəticələri olur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin