Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu gün mətbuat konfransı zamanı, hakimiyyətə gələrsə mövcud formada sülh sazişini imzalayıb-imzalamayacağı ilə bağlı suala cavab verərkən deyib.
Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT üzvlüyünün başqa mənbələrdən silah alınmasına mane olduğu barədə bəyanatına toxunan Köçəryan deyib:
“Bizim heç vaxt başqa yerlərdən silah almaq problemimiz olmayıb, belə alışlar da olub. Sadəcə Rusiya ilə qiymət baxımından elə endirimlərimiz var idi ki, insan gərək axmaq olsun, gedib eyni silah növünü başqa yerdən ikiqat baha alsın. Bununla yanaşı, həmin silahın texniki xidməti ilə bağlı problemlər yaranırdı, döyüş komplektini necə gətirəcəksən, bütün məsələlərdə ciddi çətinliklər ortaya çıxırdı.
Əgər sən Fransadan bir neçə artilleriya qurğusu almısansa, düşünməlisən ki, sursatı hansı qiymətə və hansı həcmdə gətirəcəksən. Necə gətirəcəksən və bu, sənə neçəyə başa gələcək? Ən azı 4-5 dəfə baha. Texniki xidməti necə təşkil edəcəksən? Beş ədəd üçün ayrıca servis mərkəzi açacaqsan, yoxsa hər problem üçün oradan mütəxəssislər gələcək?”.
O qeyd edib ki, bu, yalnız problemlər yaradır.
“Belə bir termin var: “silah zooparkı”. Bu, kifayət qədər problemlidir. Ona görə də bir çox ölkələr böyük dövlətlərdən birini əsas tərəfdaş seçir və ordusunu əsasən həmin ölkənin silahları ilə təchiz edir. Bu da belə problemlər yaratmır. NATO-da standartlaşdırma məhz bu problemləri həll etmək üçün aparılır. İndi biz bir şeyi Fransadan, bir şeyi Hindistandan gətirmişik, bilmirəm, daha haralardan gətirəcəklər. Sonra bütün bunlar necə bir-biri ilə inteqrasiya olunacaq? Bu, uzaqgörənlikdən uzaq proseslərdir”, - deyə Köçəryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az