Sabiq erməni prezident: “Əgər aydınlaşsa ki, benzini Azərbaycandan gətirmək daha ucuzdur, düşünmək olar”

2026/01/1769677330.jpg
Oxunub: 648     12:59     29 Yanvar 2026    
“Ermənistanda benzinin tələbatı təxminən 250 min tondur. Keçən ilin sonunda Ermənistana idxal olunan 1200 ton Azərbaycan benzini bunun neçə faizini təşkil edir? Bu, bazarda qiymətlərə hansısa təsir göstərə bilərmi? Bunun hesabına benzinin qiymətinin düşdüyünü demək absurddur və cəfəngiyyatdır. Mən buna “təbliğat xarakterli benzin idxalı” adını vermişəm”.

Ordu.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

O qeyd edib ki, benzinin qiyməti beynəlxalq neft bazarında son vaxtlar Səudiyyə Ərəbistanı, Braziliya, ABŞ və Kanada tərəfindən neft ixracının artması səbəbindən düşüb.

Köçəryan bildirib ki, bu, neftin ucuzlaşmasına, nəticədə isə neft məhsullarının qiymətinin azalmasına gətirib çıxarıb.

Köçəryan vurğulayıb ki, Ermənistanda benzinin ucuzlaşması başqa amillərin təsiri ilə baş verib.

Ermənistanla Azərbaycan arasında başlanacaq ticarəti necə qiymətləndirdiyi ilə bağlı suala Köçəryan belə cavab verib:

“Bu, yaxşıdır, amma kim kimə daha böyük xeyir verir, alıcı, yoxsa satıcı? Ermənistanda formalaşan pullar Azərbaycana gedir. Bunu böyük xeyir kimi təqdim etməyi, açığı, başa düşmürəm. Mən on il prezident olmuşam və biz heç vaxt yanacaq idxalı problemi yaşamamışıq. Üstəlik, yanacaq Ermənistana Bolqarıstandan gətirilirdi: Rusiya nefti Bolqarıstana gedir, orada emal olunur və Ermənistana gətirilirdi. Azərbaycan dəmir yoluna ümumiyyətlə ehtiyac yox idi. Əgər bu, bizə yeni imkanlar verirsə, normaldır, amma düşün ki, sənin ölkənin pulları hara gedir və nəyi maliyyələşdirir”.

Hakimiyyətə gələcəyi təqdirdə Azərbaycandan benzin idxalının davam edib-etməyəcəyi sualına Köçəryan belə cavab verib:

“Hakimiyyət heç vaxt, ən azı mənim idarəçilik dövrümdə, benzin və dizel yanacağı idxal etməyib, bunu özəl sektor edib. Əgər aydınlaşsa ki, Azərbaycandan gətirmək daha ucuzdur, düşünmək olar. Əgər sülh sazişi imzalansa, hər şey normal olsa, gətirərlər. Amma mənim ciddi şübhələrim var ki, bu belə olacaq. Əgər Rusiya benzini Azərbaycana gətirilsə, sonra Ermənistana keçirilsə, nazir də sərhəddə plakatlarla qarşılasın, mahnılar oxunsun, mən buna “təbliğat xarakterli yanacaq” deyirəm. Bu, ayıbdır. Xalqı nə yerinə qoyursunuz? Elə düşünürlər ki, heç kim bu işə girməyəcək, rəqəmlərə baxmayacaq, təhlil aparmayacaq”.

Nikol Paşinyanın Ermənistan və Azərbaycanın enerji sistemlərinin birləşdiriləcəyi ilə bağlı bəyanatına toxunan Köçəryan qeyd edib:

“Ermənistanda elektrik enerjisi istehsal güclərində ciddi artıq var. Azərbaycanda da artıq var. Birləşsələr, pis olmaz, amma guya biz onlara elektrik enerjisi satacağıq və ya onlar bizə satacaqlar kimi deyilənlər nağıldır. Bizim bu enerjiyə ehtiyacımız yoxdur. Bizdə elektrik enerjisi istehsalında əhəmiyyətli artıq mövcuddur. Azərbaycanda da artıq var, əlbəttə, bizim qədər böyük miqyasda olmasa da, var”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Köçəryan  


Bizi "telegram"da izləyin