Tramp TRIPP-dən həyəcanlanıbmı? ABŞ vitse-prezidentinin İrəvan və Bakı regional səfərindən nə gözləmək olar?

2026/01/1769411865.jpg
Oxunub: 714     12:21     26 Yanvar 2026    
“ABŞ vitse-prezidenti Cey Di Vens fevral ayında Ermənistan və Azərbaycana səfər edəcək və “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”nu (Zəngəzur dəhlizi-red.) irəli aparacaq”. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazaraq, Ermənistan ekspert dairələrində daha əvvəl yayılan məlumatı təsdiqləyib. Tramp ötən il avqustun 8-də imzalanmış sülh sazişinə əməl olunduğuna görə İlham Əliyevə və Nikol Paşinyana təşəkkür edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Tramp TRIPP-dən həyəcanlanıbmı? ABŞ vitse-prezidentinin İrəvan və Bakı regional səfərindən nə gözləmək olar?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, ABŞ Prezidenti yazıb: “Biz Azərbaycanla strateji tərəfdaşlığımızı dərinləşdirəcəyik, Ermənistanla mülki nüvə sahəsində möhtəşəm əməkdaşlıq sazişi imzalayacağıq, iri yarımkeçirici istehsalçılarımız üçün müqavilələr bağlayacağıq, həmçinin ABŞ-də istehsal olunan müdafiə təyinatlı avadanlıqları, məsələn, zirehli gödəkçələri, qayıqları və daha çoxunu Azərbaycana satacağıq”.

KİV bildirib ki, Tramp bu açıqlamanı Davos İqtisadi Forumu çərçivəsində irəli sürdüyü “Sülh Şurası” təşəbbüsünün təsisindən sonra verib.

“Məlum olduğu kimi, Trampın bu təşəbbüsünə Ermənistan və Azərbaycan da qoşulub. Təntənəli mərasimdə Nikol Paşinyan və İlham Əliyev Donald Trampın yanında əyləşiblər.

Diqqətçəkən məqam ondan ibarətdir ki, TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi Ermənistan ərazisində başlasa da, Davosda ABŞ Prezidenti ikitərəfli görüşü Paşinyanla deyil, İlham Əliyevlə keçirib. Azərbaycan mediasının məlumatına görə, Tramp və İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımları müzakirə ediblər. Azərbaycanın dövlət informasiya agentliyi “Azərtac”ın xəbərinə əsasən, İlham Əliyev Zəngəzur dəhlizi”nin, o cümlədən TRIPP layihəsinin regional əlaqələr baxımından mühüm rol oynadığını qeyd edib.

Davos səfəri zamanı İlham Əliyev bir sıra maraqlı sazişlər də imzalayıb. Yanvarın 20-də Azərbaycan Prezidenti Davosda “BlackRock” şirkətinin icraçı direktoru Larri Fink və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, prezidenti və icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb. Rəsmi açıqlamalara görə, görüşdə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) “BlackRock” ilə əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, eləcə də ölkənin infrastruktur sektorunda mümkün investisiya imkanları müzakirə olunub. Görüşün əsas nəticəsi uzunmüddətli əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması olub. Memorandum SOFAZ, “BlackRock” və GIP arasında strateji tərəfdaşlığı və üç-dörd il ərzində SOFAZ tərəfindən idarə olunan infrastruktur fondlarına və birgə investisiya layihələrinə 1,5 milyard dollara qədər vəsait yatırılması imkanlarının araşdırılmasını nəzərdə tutur”, - deyə məqalədə qeyd edilib.

KİV bildirib ki, “BlackRock” dünyanın ən iri aktiv idarəedicilərindən biridir və onun idarəsində 9 trilyon dollardan artıq aktiv var.

“Şirkət investisiya, fond və risklərin idarə olunması sahəsində fəaliyyət göstərir, institusional və fərdi müştərilərə kapitalın şaxələndirilməsi, uzunmüddətli investisiyalar və dayanıqlı inkişaf üzrə həllər təklif edir. “BlackRock” qlobal maliyyə bazarlarında fəal iştirak edir.

Azərbaycanın dövlət agentliyi “Azərtac” yazır ki, “BlackRock” və GIP üçün Azərbaycanla tərəfdaşlıq aydın üstünlüklər təqdim edir. Strateji infrastruktur layihələrində iştirak regionun artan bazarında investisiya üfüqlərini genişləndirməyə və şirkətlərin etibarlı institusional investor kimi mövqelərini möhkəmləndirməyə imkan verir, birgə layihələr isə uzunmüddətli investisiyaların səmərəli idarə olunmasını və infrastruktur fondlarının idarə edilməsi sahəsində qlobal təcrübənin praktik tətbiqini nümayiş etdirməyə şərait yaradır.

Ermənistanın ekspert-siyasi dairələrində artıq şübhələr səsləndirilir ki, müəyyən mərhələdə ABŞ-nin 76 faizlik payının hansısa hissəsi Azərbaycan tərəfindən əldə edilə bilər. Hərçənd, Ermənistan hakimiyyəti ABŞ payının Ermənistanın razılığı olmadan üçüncü tərəfə verilə və ya satıla bilməyəcəyini bildirirdi. Bununla belə, daha əvvəl Azərbaycanın bu infrastrukturun maliyyələşdirilməsi və həyata keçirilməsində maraqlı olduğunu nəzərə alsaq, hadisələrin belə inkişafı istisna edilmir”, - deyə müəllif bildirib.

Nəşrə açıqlamasında gürcü analitik İrakli Menaqarişvili bildirib ki, ABŞ vitse-prezidentinin Cənubi Qafqaza səfəri region üçün mühüm mərhələdir, çünki region belə yüksək səviyyəli ABŞ rəsmilərini tez-tez qəbul etmir.


Onun sözlərinə görə, bu səfər konkret məzmun daşıyır. Ekspert hesab edir ki, ABŞ vitse-prezidenti regiona dəqiq razılaşdırılmış proqramla gəlir və buradan nəticələrlə ayrılacaq.

“Bu nəticələr, təbii ki, ABŞ prezidentinin adını daşıyan yolla bağlı olacaq. Bununla əlaqədar mühüm sənəd artıq imzalanıb və düşünürəm ki, vitse-prezidentin səfəri zamanı daha bir vacib mərhələ rəsmiləşdiriləcək. Ola bilsin ki, Ermənistan-ABŞ birgə şirkəti fəaliyyətə başlasın və ya yol layihəsi ilə bağlı ilkin rəsmi tədbirlər keçirilsin.

Fikrimcə, əsas qərarlar artıq qəbul edilib. ABŞ administrasiyası bu proseslərdən kifayət qədər həyəcanlıdır, çünki təkcə vasitəçilik etmək deyil, həm də Trampın adını müəyyən biznes elementləri olan mühüm infrastruktur layihəsinə vermək mümkün olub. Artıq deməyə ehtiyac yoxdur ki, həm şəxsi keyfiyyətləri, həm də biznes baxımından ABŞ prezidenti bunu sevir. ABŞ-nin mövcud administrasiyasının fəaliyyətinin ilk günlərindən də göründüyü kimi, Tramp üçün geosiyasət praktik biznes, yəni ticarətdir. Bu layihədə isə Tramp üçün maraqlı olan bir neçə amil bir araya gəlib”, - deyə analitik bildirib.

Onun fikrincə, ABŞ-nin regionda iştirakı müsbət haldır.

“Hər məsələdə risklər ola bilər və onları neytrallaşdırmaq lazımdır. Ermənistanda ABŞ-nin regionda iştirakı və İran istiqamətində mövcud risklər müzakirə olunur, lakin düzgün siyasət aparılarsa, bunlar idarəolunan risklərdir”, - deyə Menaqarişvili qeyd edib.

Analitikin sözlərinə görə, Trampın Davosda Azərbaycan tərəfi ilə görüşüb, Ermənistan tərəfi ilə görüşməməsi ikitərəfli gündəmlə bağlı ola bilər.

“Əgər gündəlikdə təcili və konkret məsələlər varsa, görüşlər təşkil olunur. Adətən belə hallarda digər tərəflə də görüşün olması arzuolunandır. Lakin buna ehtiyac yoxdursa, bu, məcburi deyil”, - deyə Menaqarişvili bildirib və diqqəti ona yönəldib ki, Ermənistanın xarici işlər naziri bu yaxınlarda ABŞ-də dövlət katibi Rubio ilə danışıqlar aparıb.

Onun fikrincə, ABŞ-nin sülhün digər komponentlərinə də nəzarət etməsi vacibdir.

“Lakin bu administrasiyanın siyasəti konkret maraqlara əsaslanır və bu fonda region üçün mühüm olan bir çox digər məsələlər diqqətdən kənarda qala bilər. Bu administrasiya Gürcüstanı da nəzərdən qaçırır və nəticədə bu gün regionda Gürcüstan kənarda qalmış vəziyyətdədir”, - deyə Menaqarişvili əlavə edib.

Xatırladaq ki, Davosda Tramp yalnız iki görüş keçirib, biri İlham Əliyevlə, digəri isə Volodimir Zelenski ilə.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   TRIPP   ABŞ  


Bizi "telegram"da izləyin