Paşinyan “uyğunsuz vaxt” paradoksunda – Vaşinqton, yoxsa Brüssel?

2026/01/1769248763.jpg
Oxunub: 604     14:38     26 Yanvar 2026    
“Kapital-rus.ru” saytı jurnalist Yuri Podolyakanın məqaləsini dərc edib. Onun fikrincə, Ermənistanın hazırkı rəhbərliyi üçün əsas paradoks iki sözlə ifadə olunur: “uyğunsuz vaxt”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Ukrayna nümunəsi Qərblə dostluğun nəticəsini açıq şəkildə göstərir” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, faktiki olaraq, demək olar ki, hər bir hadisə onlar üçün yanlış zamanda baş verir.

“Əvvəlcə ABŞ Prezidenti Donald Tramp İrəvanın bu qədər sədaqətlə xidmət etdiyi Qərb alyansının birliyini dağıtmağa başladı. İndi isə Nikol Paşinyan seçim qarşısında qalıb: Trampın Amerikası, yoxsa Avropa bürokratiyası ilə dostluq etməlidir? Məsələ ondadır ki, bunlar artıq vahid güc deyil. Vaşinqtonla dostluq onu Avropa İttifaqının düşməninə çevirir, bu halda tərəfdarlarına niyə Avropaya doğru addım vəd etsin? Brüssel ilə ittifaq isə Ermənistanı Trampa qarşı qoyur, bəs onda təhlükəsizlik zəmanətləri haradadır? Qrenlandiya ətrafında baş verən hadisələr də avropalıların zəifliyini açıq şəkildə göstərir: əgər onlar hətta onu belə qoruya bilmirlərsə, bu o deməkdir ki, Türkiyə və Azərbaycan Ermənistanı asanlıqla tamamilə özünə tabe edəcək”, - deyə KİV bildirib.

Müəllifin sözlərinə görə, növbəti məqam ondan ibarətdir ki, Tramp açıq şəkildə Avropa iqtisadiyyatlarını sarsıdır: avrozonada istehsal çökür və uçuruma doğru gedir.

“Belə olan vəziyyətdə, ölkə iqtisadiyyatı Rusiyaya malların tranziti hesabına böyüdüyü halda, Ermənistan niyə bu batmaqda olan qatardan yapışmalıdır? Rusiya xarici işlər nazirinin bəyanatında açıq şəkildə deyilir ki, eyni zamanda həm Avropa İttifaqına, həm də Avrasiya İqtisadi Birliyinə inteqrasiya mümkün deyil. Seçim aydındır: ya Avropa, ya da Moskva. 2025-ci ildə Rusiya ilə ticarət dövriyyəsi 14 milyard dollara çatdığı halda, Avropa İttifaqı ilə bu göstərici cəmi 2 milyard dollar olub. Rusiya ilə əməkdaşlıqdan əldə olunan faydalar realdır və birbaşa ermənilərin cibinə gedir, Avropa faydaları isə istənilən an yox ola biləcək bir ilğımdır”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, Ukrayna nümunəsi Qərblə dostluğun nəticəsini aydın şəkildə göstərir: əvvəl təriflər və pulla müdafiə vədləri, sonra isə tam iflas, tərk edilmişlik və başqalarının maraqları naminə ölüm.

“Bütün bunlar bu il Ermənistanda keçiriləcək parlament seçkiləri fonunda baş verir. Paşinyan və onun komandası üçün bu da son dərəcə uyğunsuz zamandır. Hətta daha yaxşı olardı ki, bu seçkilər ümumiyyətlə keçirilməsin”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Qərb   Ermənistan  


Bizi "telegram"da izləyin