Erməni ekspert: “Xüsusi yüklərlə bağlı suallar Ermənistanın birtərəfli qərarı deyil, siyasi danışıqlar predmetinə çevrilə bilər”

2026/01/1769234084.jpg
Oxunub: 484     16:44     24 Yanvar 2026    
“TRIPP-in Ermənistan-ABŞ icra çərçivəsinin dərcinə dair birgə bəyanat elə bir dildə tərtib olunub ki, ilk baxışdan sanki suverenliklə bağlı bütün mümkün narahatlıqları qabaqlamaq cəhdi var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Henakət” analitik mərkəzinin eksperti Şiraz Xaçatryan deyib.

Onun sözlərinə görə, sənəddə “sülh”, “tam suverenlik”, “yurisdiksiyanın qorunması” kimi ifadələr o qədər təkrar olunur ki, belə təəssürat yaranır: məzmun hansısa “strateji” sənəddən çox, məhz bu vurğular üzərində qurulub.

Erməni ekspert bildirib ki, yük, marşrut və hərəkətlə bağlı həssas məlumatların xarici qüvvələrin əlinə keçə biləcəyi vəziyyət yarana bilər.

“Bu bəyanatın ilk və ən dərin riski, dəfələrlə qeyd etdiyimiz kimi, layihənin mülkiyyət və idarəetmə modeli ilə bağlıdır. Ermənistan ərazisindən keçən strateji infrastrukturlar ilkin olaraq 49 il müddətinə, sonradan uzadılma perspektivi ilə, xüsusi yaradılan inkişaf şirkətinə verilir və burada nəzarət payının 74 faizi ABŞ tərəfinə məxsus olacaq. Bu isə o deməkdir ki, Ermənistan ərazisində yerləşən əsas nəqliyyat, energetika və rəqəmsal qovşaqların operativ idarəçiliyi onilliklər ərzində dövlətin birbaşa nəzarətindən çıxaraq xarici dominant təsiri olan strukturların əlində cəmlənəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, ABŞ nəzarət payının mövcudluğu onun kapitalının mənşəyinin tam şəffaf olmasına zəmanət vermir.

Adətən müasir infrastruktur layihələrinin maliyyələşdirilməsi çoxmənbəli investisiya modelləri ilə həyata keçirilir və ABŞ platformaları tez-tez müxtəlif ölkələrin kapitalını birləşdirən mexanizm kimi çıxış edir. Bu şəraitdə istisna etmək olmaz ki, ABŞ payının daxilində digər oyunçuların, o cümlədən regional güclərin, məsələn, Azərbaycan və Türkiyə kapitalının da investisiyaları yer alsın. Bu isə Ermənistan ərazisində həyata keçirilən strateji infrastrukturlara dolayı təsir rıçaqları formalaşdıra bilər”, - deyə Xaçatryan qeyd edib.

O bildirib ki, bəyanatda hüquqi baxımdan Ermənistanın bütün səlahiyyətləri saxladığı vurğulansa da, bu modeldə real nəzarət dövlətin deyil, özəl operatorun əlində cəmlənir.

Xüsusi yüklərin daşınması məsələsinə toxunan Xaçatryan bildirib: “Bu cür həssas və prinsipial məsələlər üçün nəzərdə tutulan Ermənistan-ABŞ birgə komitəsi elə bir vəziyyət yaradır ki, təhlükəsizlik, tranzit rejimləri və ya xüsusi yüklərlə bağlı suallar Ermənistanın birtərəfli qərarı deyil, siyasi danışıqlar predmetinə çevrilə bilər.

İkinci böyük risk təbəqəsi sərhəd və gömrük idarəçiliyinin operativ modeli ilə bağlıdır. “Front ofis-bek ofis” sistemlərində hüquqi qərar dövlətin əlində qala bilər, lakin operativ səviyyədə hansı yükün nə vaxt hərəkət edəcəyi və hansının uzunmüddətli saxlanmaya məruz qalacağı barədə qərarı məhz operator verir.

Nəzəri olaraq bu mexanizmlər səmərəliliyi təmin etmək üçün nəzərdə tutulur, lakin siyasi və ya xarici təzyiqlər şəraitində asanlıqla hədəfləmə alətinə çevrilə bilər, müəyyən kateqoriyalı yüklər sistemli şəkildə “yüksək risk” qrupuna salına bilər. Nəticədə, zahirdə sırf texniki prosedur kimi təqdim olunan davamlı məhdudiyyət rejimi formalaşar”, - deyə erməni ekspert vurğulayıb.

Xaçatryan deyib ki, daha dərin təhlükə məlumatlar və rəqəmsal infrastrukturlarla bağlıdır.

“TRIPP (Zəngəzur dəhlizi-red.) genişmiqyaslı rəqəmsallaşmanı, optik lif şəbəkələrinin inkişafını və informasiya sistemlərinin inteqrasiyasını nəzərdə tutur. Məlumatların Ermənistanın nəzarətində qalacağı bildirilsə də, siyasi və geosiyasi təcrübə göstərir ki, bu cür layihələr tez-tez təhlükəsizlik, şəffaflıq və ya səmərəlilik əsaslandırmaları ilə məlumat mübadiləsi çərçivələrinin tədricən genişlənməsi ilə müşayiət olunur. Bu isə yük, marşrut və hərəkətlə bağlı həssas məlumatların xarici qüvvələrin əlinə keçə biləcəyi vəziyyət yarada bilər”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaçatryan  


Bizi "telegram"da izləyin