Paşinyanın partiyası daxilində klan qarşıdurmalarının təfərrüatları

2026/01/1769232304.jpg
Oxunub: 320     09:24     24 Yanvar 2026    
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hayk Sarkisyanın 2026-cı il seçki siyahısından kənarda qalması təkcə siyasi dairələrdə deyil, elə hakim komandanın daxilində də ciddi təəccüb doğurub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, Sarkisyan inqilab günlərində məşhurlaşan “su şüşəsi tutan” şəxs olmaqdan tutmuş parlament tribunasına qədər uzun illər Nikol Paşinyanın ən yaxın adamlarından biri hesab olunub.

“Bəs necə oldu ki, Paşinyanın etibarlı şəxslərindən biri “qara siyahı”ya düşdü?

“Joğovurd” qəzetinin “Vətəndaş Müqaviləsi” partiyasına yaxın mənbələrinin bildirdiyinə görə, Hayk Sarkisyana qarşı nüfuzlu klan sistemi hərəkətə keçib.

Qalumyanlar amili: Tavusda ağac kəsintilərinin ifşasından sonra

“Vətəndaş Müqaviləsi” partiyasına yaxın mənbələrin sözlərinə görə, proseslərin başlanğıc nöqtəsi partiyanın təşəbbüs iclaslarından biri olub. Həmin iclasda Hayk Sarkisyan Tavus vilayətində baş verən kütləvi və yolverilməz ağac kəsintiləri məsələsini açıq şəkildə gündəmə gətirib. Sarkisyanın təqdim etdiyi məlumatlar Paşinyanın ailə kirvəsi olan Qalumyanlara aid olub”, - deyə nəşr bildirib.

Ermənistan hakimiyyətinə yaxın mənbələrin iddiasına görə, bu ifşadan sonra vəziyyət o həddə qədər gərginləşib ki, Paşinyanın iştirakı ilə hətta fiziki qarşıdurma da baş verib.

“Bildirilir ki, Hayk Sarkisyan Paşinyanın kirvəsi Vahe Qalumyanı itələyib.

Alen Simonyanın qurduğu intriqalar

“Vətəndaş Müqaviləsi” partiyasının üzvləri qeyri-rəsmi şəkildə etiraf edirlər ki, Qalumyanlarla paralel olaraq Hayk Sarkisyana qarşı aktiv intriqaları parlament sədri Alen Simonyan da qurub. O, bu prosesə baş nazirin kürəkəni, deputat Hraçya Hakobyanı da cəlb edib.

Eyni mənbələrə görə, səbəb Hayk Sarkisyanın Alen Simonyanı qumarxana biznesinə dəstək verməkdə ittiham etməsi olub. Bu mövzu hakimiyyət daxilində uzun müddətdir həssas sayılır. Bunun səbəbi isə Simonyan və Hraçya Hakobyanın eyni qumarxana biznesinə sahib olan şəxslərlə yaxın münasibətlərinin olmasıdır. Alen Simonyan müdafiə məqsədilə vəziyyəti Baş nazirə elə təqdim edib ki, guya Sarkisyan ona və Hraçya Hakobyana qarşı çıxıb və daxili qarşıdurma formalaşdırıb.

Nəticədə, “Vətəndaş Müqaviləsi” partiyası daxilində yayılan tezisə görə, Nikol Paşinyana belə bir mənzərə təqdim olunub ki, Hayk Sarkisyan “baş nazirin ailəsinə müdaxilə edib”, kirvə və kürəkənlə bağlı arzuolunmaz mövzuları qurdalamağa başlayıb”, - deyə müəllif bildirib.

KİV vurğulayıb ki, bütün bunların yekununda Hayk Sarkisyan “Vətəndaş Müqaviləsi” partiyasının “qara siyahı”sına düşüb və 2026-cı il seçki siyahısına daxil olmaq imkanından məhrum edilib.

“Beləliklə, baş verənlər ideoloji deyil, klan toqquşmalarının nəticəsidir. Bu qarşıdurmada uduzan isə vaxtilə “şüşə tutmaqla” tanınan və yazılmamış “qırmızı xətlər”i keçməyə cəsarət edən deputat olub”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Sarkisyan  


Bizi "telegram"da izləyin