Pilot + Süni Zəka: B-21 “Raider” müharibənin gələcəyini dəyişə bilər

2026/01/Ekran-1767943087.jpg
Oxunub: 680     15:27     14 May 2026    
“Raider”in yalnız bir hazırlıqlı pilot tərəfindən idarə oluna bilməsi ideyası misilsizdir.

ABŞ Hərbi Hava Qüvvələrinin gələcək nəsil stels tipli bombardmançı proqramı ilə bağlı məlumatların böyük hissəsi məxfi olaraq qalmasına baxmayaraq, açıqlanan məhdud məlumatlar B-21 “Raider”in ilkin proqnozlaşdırıldığından da daha unikal ola biləcəyini göstərir. Ötən ay ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığının rəhbəri altıncı nəsil platformanın kabinəsində silah sistemləri zabitinin (WSO) yer almasını tövsiyə edib. Qeyd etmək lazımdır ki, WSO pilot deyil, təyyarənin silahlarını, radarlarını və sensorlarını idarə etməyə cavabdeh olan ixtisaslaşmış ekipaj üzvüdür. “Raider”in WSO-ya əlavə olaraq yalnız bir hazırlıqlı pilot tərəfindən idarə olunması ideyası, şübhəsiz ki, misilsizdir və süni zəkanın platformanın ümumi dizaynında aparıcı rol oynaya biləcəyinə işarə edir.

“Raider”in tam potensialının açılması mürəkkəb bacarıqlar kombinasiyası tələb edir: pilotaj bacarığı, silahların tətbiqi, elektromaqnit spektrində əməliyyatlar, sensorların idarə olunması, real vaxt rejimində döyüşün idarə edilməsi və döyüş zamanı çevik yenidən planlaşdırma”, - deyə general Tomas Bussier avqust ayında Hərbi Hava Qüvvələrinin katibinin ofisinə, Baş Qərargah rəisinə və ABŞ Strateji Komandanlığının komandanına ünvanlanan xidməti qeyddə yazıb. Bu qeydlər B-21-in təkcə ənənəvi bombardmançı rolunu yerinə yetirmək üçün deyil, eyni zamanda radioelektron mübarizə, kəşfiyyat, döyüşün idarə olunması və müşahidə sahələrinin ön xəttində xidmət göstərmək üçün dizayn edildiyini göstərir.

B-21 “Raider” haqqında

İstismara qəbul ili: Gələcəkdə
İstehsal edilən sayı: təxminən 3
Uzunluq: 54 fut
Qanad açılımı: 132 fut
Çəki: maksimum uçuş çəkisi 180 000 funt
Mühərriklər: “afterburner”siz iki ədəd “Pratt & Whitney” PW9000 turbofan mühərriki
Maksimal sürət: təxminən “Mach 0,8”
Uçuş məsafəsi: təxminən 6 000 mil
Praktik tavan: təxminən 55 000-60 000 fut
Silahlanma: daxili bölmələrində həm nüvə, həm də adi silahlardan ibarət ikili təyinatlı silahlanmanın yerləşdirilməsi gözlənilir. Buraya AGM-181 LRSO qanadlı raketi, B61-12 nüvə bombası və B61-13 nüvə bunkerdələn bombaları kimi yüksək dəqiqlikli sursatlar daxildir
Ekipaj: böyük ehtimalla 2 nəfər


İkinci Dünya müharibəsindəki “Doolittle Raiders” dəstəsinin şərəfinə adlandırılan B-21 “Raider”in istismara qəbul edildikdən sonra qlobal miqyasda bombardmançı gücü baxımından öncül rol oynayacağı gözlənilir. Altıncı nəsil stels tipli platforma aşağı radara görünmə texnologiyaları və açıq arxitekturaya malik olacaq ki, bu da onu uzun illər ərzində istifadəyə açıq bir təyyarəyə çevirəcək. Daha əvvəl qeyd edildiyi kimi, “Raider” proqramı ilə bağlı dəqiq texniki göstəricilər və detallı məlumatlar açıqlanmayıb. Bununla belə, bombardmançının dizayn mərhələsində ardıcıl irəliləyiş əldə etdiyi məlumdur.

Hərbi Hava Qüvvələri onilliyin sonunadək ən azı 100 ədəd B-21 əldə etməyi planlaşdırdığını bildirib. Lakin bəzi analitiklər xidmətin bundan xeyli çox sayda “Raider” almalı olduğunu düşünürlər və hesab edirlər ki, bu təyyarə Çin, Rusiya və ya digər potensial rəqiblərlə mümkün münaqişələr fonunda əməliyyat hazırlığının qorunması üçün həlledici əhəmiyyət daşıyır. Moskva və Pekin də müvafiq olaraq PAK-DA və H-20 “Sian” adlanan öz altıncı nəsil bombardmançı prototiplərini yaratmaq üzərində çalışırlar. “Raider” Hərbi Hava Qüvvələrinin tam əməliyyat imkanlarına çatana qədər xidmət mövcud bombardmançı parkına, B-2, B-52 və B-1 təyyarələrinə güvənməyə davam edəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   B-21   Raider  


Bizi "telegram"da izləyin