AV-8B “Harrier” dünyada ən asan tanınan reaktiv təyyarələrdən biri olaraq qalır və şaquli qalxa, havada asılı qala və uçuş-enmə zolağı olmadan enə bilən nadir platformalardandır. Bu qabiliyyət V/STOL kimi tanınır. Təbii ki, belə manevrləri yerinə yetirə bilən qanadlı bir təyyarənin yaradılması son dərəcə məqsədyönlü dizayn elementləri tələb edirdi. İtələmə vektorlaşdırması, reaksiya idarəetmə sistemləri və yüngül konstruksiyanı birləşdirən mühəndislik yanaşması nəticəsində ortaya çıxan son məhsul təyyarənin nələr edə biləcəyinə dair anlayışı yenidən müəyyənləşdirdi.
AV-8B “Harrier”in texniki göstəriciləri
Xidmətə qəbul edildiyi il: 1985
İstehsal sayı: təxminən 340 (bütün AV-8B variantları)
Uzunluğu: 46 fut 4 düym (14,1 m)
Qanad açılımı: 30 fut 4 düym (9,3 m)
Maksimal uçuş çəkisi: təxminən 31.000 funt (14.060 kq)
Mühərrik: bir ədəd “Rolls-Royce” F402-RR-408 (Pegasus) turbofan, vektorlaşdırılan çıxış burunları ilə 23.800 funt itələmə gücü
Maksimal sürət: təxminən 670 mil/saat (1.078 km/saat)/təxminən “Mach 0,9”
Uçuş məsafəsi: köçürmə uçuşu üçün təxminən 1.380 mil (2.220 km), döyüş radiusu yükgötürmədən asılı olaraq təxminən 300-400 mil (480-640 km)
Xidmət tavanı: təxminən 50.000 fut (15.240 m)
Silahlanma: 7 asqı nöqtəsi, təxminən 9.200 funt (4.173 kq) yük, “Sidewinder”, JDAM, “Maverick” raketləri, reaktiv mərmilər və top podlarını dəstəkləyir
Ekipaj: 1 nəfər
Böyük Britaniya “Harrier” “sıçrayış təyyarəsi”ni necə yaratdı?
“Harrier”in V/STOL qabiliyyətinin mərkəzində “Rolls-Royce Pegasus” turbofan mühərriki dayanır. Bu mühərrik dörd ədəd fırlanan çıxış burununu hərəkətə gətirir. Ön hissədə yerləşən iki “soyuq” burun “bypass” havasını, arxa hissədəki iki “isti” burun isə yanma qazlarını xaric edir. Bu dörd burun bir-biri ilə sinxron şəkildə 0 dərəcədən (üfüqi vəziyyət) 98 dərəcəyədək (aşağıya və bir qədər geriyə doğru) fırlana bilir. Bu isə “Harrier”in itələmə gücünü arxaya (ənənəvi uçuş üçün), aşağıya (şaquli qalxma üçün) və ya bu iki vəziyyət arasında istənilən istiqamətə (qısa qalxma və ya aşağı sürətli idarəetmə üçün) yönəltməyə imkan verir.
Lakin V/STOL-u mümkün edən şəkildə itələmənin bölüşdürülməsi məsələnin yalnız bir hissəsidir. Havada asılı qalma zamanı adi aerodinamik idarəetmə səthləri təsirini itirir. Məhz buna görə “Harrier” Reaksiya İdarəetmə Sistemi ilə təchiz edilib. Bu sistem burun, quyruq və qanad uclarında yerləşdirilmiş sıxılmış hava reaktivləri vasitəsilə hava axını kifayət etmədikdə “pitch”, “yaw” və “roll” idarəetməsini təmin edir. Bu sistem tamamilə həyati əhəmiyyət daşıyır, onsuz “Harrier” havada asılı qalma rejimində idarəolunmaz olardı.
“Harrier”in gövdəsi xüsusi olaraq yüngül və balanslı şəkildə tənzimlənib. Xüsusilə, ağırlıq mərkəzinin burunların itələmə vektoru xətti ilə dəqiq uyğunlaşması təmin edilib. Aşağı sürətli uçuşda sabitlik üçün yüksək qaldırma qüvvəsinə malik, böyük və uzun qanadlar əlavə edilib. Eniş dəsti isə şaquli eniş zamanı yaranan zərbələrə və qeyri-bərabər enmə sahələrinə davam gətirə biləcək şəkildə hazırlanıb.
“Harrier”in V/STOL texnologiyası niyə bu qədər faydalı idi?
V/STOL “Harrier”ə aviadaşıyıcı göyərtələrindən, ekspedisiya zolaqlarından və improvizə olunmuş irəli bazalardan fəaliyyət göstərməyə imkan verir. Sadə dillə desək, “Harrier” istənilən yerə gedə bilir. Bu isə onun operatorlarına, ABŞ halında Dəniz Piyadaları Korpusuna sabit qanadlı hava gücünü qoşunlara yüzlərlə mil uzaqdan deyil, birbaşa yaxın məsafədən təmin etməyə şərait yaradır. Beləliklə, tam aviadaşıyıcı zərbə qruplaşmasına ehtiyac olmadan hava dəstəyi əldə olunur. V/STOL texnologiyası “Harrier”ə çoxistiqamətli istifadə və dözümlülük qazandırır, ona qısa avtomobil yollarından və magistrallardan belə fəaliyyət göstərməyə imkan verir. Bu isə uçuş-enmə zolaqlarının məhv edildiyi ssenarilərdə xüsusilə dəyərlidir.
Bununla yanaşı, “Harrier”in müəyyən çatışmazlıqları da var. Havada asılı qalma rejimi çox böyük itələmə gücü tələb edir və çıxarılan isti qazlar beton örtüyü belə dağıda bilir. Şaquli əməliyyatlar zamanı faydalı yük və yanacaq tutumu kəskin şəkildə azalır. Bundan əlavə, pilotun üzərinə düşən yüksək iş yükü və qəza göstəriciləri tarixən ənənəvi qırıcılarla müqayisədə daha yüksək olub.
Harrier eyni zamanda mühüm strateji nəticələrə malik idi. Bu təyyarələr ölkələrə nüvə aviadaşıyıcıları olmadan da qırıcı təyyarələr yerləşdirmək imkanı verdi və məhdud büdcəli parklar üçün bir tarazlaşdırıcı rol oynadı. “Harrier”lər həmçinin Dəniz Piyadaları Korpusuna Hərbi Dəniz Qüvvələrindən tam asılı olmadan öz hava dəstəyi mənbəyini təmin etdi.
“Harrier” dövrü başa çatır və bu reaktiv təyyarə artıq aktiv xidmətdən demək olar ki, tamamilə çıxarılıb. “Harrier” köhnəlmiş hesab olunur və yüksək radara görünmə sahəsi Çin kimi bərabər səviyyəli rəqibə qarşı mübahisəli hava məkanında sağqalma ehtimalını kəskin şəkildə azaldardı. Lakin “Harrier” istismardan çıxarılsa da, V/STOL konsepsiyası yaşayacaq. Onun genetik kodu beşinci nəsil, çoxməqsədli, stels tipli F-35B “Lightning II” qırıcısında öz əksini tapıb.
Dəyanət Ağalarlı
Ordu.az