Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesində insansız sistemlərin inteqrasiyasına istiqamətlənən işlər sürətlə davam edir.
Son olaraq, “TCG Anadolu” gəmisində yerləşdirilmiş “Bayraktar TB3” zərbə PUA-sı ilə “Makine ve Kimya Endüstrisi A.Ş.” (MKE) tərəfindən hazırlanan “Pirana” KİDP arasında birgə sınaq həyata keçirilib.
Sınaq çərçivəsində “Bayraktar TB3” məlumat bağlantısı üzərindən KİDP-nin idarəetməsini təmin edib. Həmin sınaqda “Bayraktar TB3” zərbə PUA-sı rabitə relesi rolunu da oynayaraq, “Pirana” KİDP-nin yüksək sürətlə hərəkətdə olarkən, təqribən 3 metr enindəki hədəfi dəqiq şəkildə vurmasına imkan yaradıb.
Qeyd edək ki, MKE Türkiyə Hərbi Dəniz Qüvvələrinə yeni zərbə gücü qazandıracaq “Pirana” KİDP-ni təqdim etmişdi. “Pirana” KİDP suüstü hərəkət sınaqlarından sonra hədəflə toqquşma sınaqlarını da uğurla tamamlayaraq, xidmətdə istifadə üçün hazır vəziyyətə gətirilib. 2025-ci ilin iyun ayında keçirilən sınaqda 3,5 metrlik kiçik və çətin bir hədəfə dəqiq zərbə endirilərək, hədəf məhv edilib.
Sevinc Əliyeva
Ordu.az