Ordu.az xəbər verir ki, ilk tədarüklər 2028-ci ildə gözlənilir.
Layihə TAI (Türkiyə Aviasiya və Kosmos Sənayesi) ilə əməkdaşlıqda hazırlanacaq və İspaniyanın milli dizayn səlahiyyətinə malik olacaq şəkildə formalaşdırılacaq.
İspaniyanın müdafiə naziri Marqarita Robles Senatın Müdafiə Komitəsində çıxışı zamanı bildirib ki, yeni təyyarə TAI-nin “Hürjet” modelinə əsaslanacaq, lakin F-5M qırıcılarının yerini almaq üçün hazırlanacaq və İspaniyaya xas dizayna malik olacaq. Robles bu təyyarənin “ispan kimliyi”nə vurğu qoyacağını qeyd edib.
İspaniya ilə Türkiyə arasında 2024-cü ilin dekabr ayında imzalanmış Anlaşma Memorandumu (MoU) ilə başlanan proses 2025-ci il mayın 14-də keçirilən FEINDEF sərgisində “Airbus”, TAI və 15 ispan şirkəti ilə imzalanan sənaye əməkdaşlığı planı ilə konkretləşib. Layihəyə daxil olan şirkətlər arasında “Aciturri”, “Aernova”, “Aertec”, “Airtificial”, “Amper”, “Centum”, CESA, “Clue”, GMV, “Grabysur”, “Indra”, ITP, “Grupo Oesía”, “Orbital” və “Sener” yer alır.
Layihənin əsas mərkəzində “Advanced Jet Trainer Aircraft, Integrated Training System–Combat (ITS-C)” adlanan təlim təyyarəsi sistemi durur. Bu çərçivədə potensial əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və inkişaf etdirilməsi hədəflənir.
Ümumi investisiya dəyəri 1,375 milyard avro olan proqram 28-30 təyyarədən ibarət eskadrilyanın yaradılmasını və ispan pilotların qabaqcıl təlim ehtiyaclarını qarşılayacaq səviyyəyə çatmağı nəzərdə tutur.
Robles bildirib ki, ispan sənayesi uçuş təlimlərini dəstəkləmək üçün inteqrasiya olunmuş yer təlim sistemi (GBTS) hazırlayıb. Bu sistemdə qabaqcıl simulyatorlar, rəqəmsal təlim vasitələri və performans təhlili sistemləri yer alacaq.
İlk altı təyyarənin 2028-ci ildə, qalanlarının isə 2029-cu ildə təhvil verilməsi planlaşdırılır. Tədarüklərdən sonra İspaniyaya xas uçuş profilləri və proqram təminatı ilə uyğunlaşdırılmış bir model hazırlanacaq. Bu proses beşinci və altıncı nəsil döyüş təyyarələrinə keçid üçün infrastruktur yaradacaq.
Robles bu proqramın ispan müdafiə sənayesinin konsolidasiyası baxımından strateji əhəmiyyət daşıdığını bildirib. Baza modeli “Hürjet” olsa da, təyyarə tam şəkildə İspaniyanın ehtiyaclarına uyğunlaşdırılacaq.
Layihənin Madrid, Andalusiya, Kastiliya-La Mança, Bask və Ekstremadura bölgələrində 2,887 milyard avroluq iqtisadi təsir yaratması və ümumilikdə 2,614 nəfərlik məşğulluq təmin edəcəyi gözlənilir.
Müdafiə naziri əlavə edib ki, bu yalnız bir təyyarə istehsalı layihəsi deyil, həm də yüksək mühəndislik, ixtisaslı işçi qüvvəsi və regional inkişaf üçün bir fürsətdir.
Sevinc Əliyeva
Ordu.az