Ordu.az xəbər verir ki, ABŞ mərkəzli müdafiə texnologiyaları şirkəti “Anduril Industries” və enerji-müdafiə nəhəngi “General Atomics” bu il keçirilən “Paris Air Show” çərçivəsində altıncı nəsil qırıcı təyyarənin müşayiətçisi kimi fəaliyyət göstərəcək tam ölçülü avtonom PUA modellərini ictimaiyyətə təqdim edib.
YFQ-42A (General Atomics) və YFQ-44A “Fury” (Anduril) adlandırılan bu platformalar ABŞ Hərbi Hava Qüvvələrinin “Next-Generation Air Dominance” (NGAD – Yeni Nəsil Hava Üstünlüyü) proqramının əsas komponentləri arasında yer alır.

ABŞ Hərbi Hava Qüvvələri Baş Qərargah rəisi, general David Allvinin sözlərinə görə, bu yeni nəsil PUA-lar 700 dəniz mildən (təxminən 1 296 km) artıq döyüş radiusuna malik olacaq və 2029-cu ilə qədər operativ istifadəyə veriləcək. Bu sistemlər “Boeing” tərəfindən istehsal olunan və hazırda istismarda olan F-22 “Raptor” qırıcılarını əvəz edəcək altıncı nəsil F-47 ilə tam avtonom şəkildə inteqrasiya olunacaq.
Sözügedən PUA-ların hava-hava döyüşləri, kəşfiyyat və digər missiyalarda istifadə ediləcəyi, bununla da pilotlu qırıcıların fəaliyyət radiusunu və imkanlarını artıracağı bildirilir. “Anduril” rəsmisi Jakson Linqan bu sistemlərin xüsusilə Hind-Sakit okean bölgəsində baş verə biləcək mümkün münaqişələrdə mühüm rol oynayacağını qeyd edib. Linqan, həmçinin “Fury” PUA-sının Avropa müttəfiqləri üçün də uyğunlaşdırıla biləcək texnologiyalarla təchiz olunduğunu bildirib.
YFQ-42A və YFQ-44A “Fury” kimi avtonom platformaların ənənəvi qırıcı təyyarələrə nisbətən daha aşağı xərclə və daha qısa müddətdə istehsal oluna bilməsi ABŞ Hərbi Hava Qüvvələrinə sürətli döyüş qabiliyyəti artırımı imkanı verir. 2026-cı ildə istehsal qərarının verilməsi gözlənilən bu sistemlərin həmin il seriyalı istehsalına başlanılması və üç il ərzində döyüşə hazır hala gətirilməsi planlaşdırılır.

Digər tərəfdən, F‑47 qırıcıları 1 000 dəniz mildən (təxminən 1 852 km) artıq döyüş radiusuna malikdir və bu göstərici ilə mövcud F‑22 təyyarələrini təxminən iki dəfə üstələyir. Hal-hazırda 185 ədəd F‑47 üçün sifarişlər verilib və təhvilatların 2030-cu illərdə başlaması planlaşdırılır. Lakin general Allvin tərəfindən təqdim olunan infografikada 2029-cu ilə qədər operativ istifadəyə verilməsi hədəfləndiyi göstərilir. ABŞ isə bu ilin əvvəlində açıqlamışdı ki, F‑47 artıq 5 ildən artıq müddətə sınaq mərhələsindən keçib. Bununla bərabər, qarşı tərəfdə Çinin altıncı nəsil qırıcıları – J‑36 və J‑50 – üzərində sınaqlara başladığı xəbərləri verilir.
Sevinc Əliyeva
Ordu.az