İyun ayının 20-də Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı bildirib ki, Ukrayna qeyri-nüvə ölkəsi olmalı, heç bir hərbi ittifaqa qoşulmamalı, ərazisində nüvə silahı yerləşdirməməli və onun tranzitinə imkan verməməlidir. O, bu şərtlərin və Donbasla Novorossiya üzərində Rusiyanın yurisdiksiyasının tanınmamasının müharibəyə səbəb ola biləcəyini də əlavə edib.
Putin bu “qanuni şərtləri” kimlərin görməzlikdən gəldiyini dəqiqləşdirməyib, hətta üstüörtülü şəkildə də olsa işarə etməyib. Bəs söhbət ABŞ-dən gedirmi? O ABŞ-dən ki, onunla münasibətlər Peskovun ifadə etdiyi kimi, “həddindən artıq çirkli tövləni xatırladır” və bu vəziyyəti “təmizləməyə” yönəlmiş dialoq da qeyri-müəyyən müddətə təxirə salınıb.
Bu kontekstdə “NBC News”un jurnalisti Andrea Mitçell bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçi onunla müsahibəsində “iyunun 23-də – bazar ertəsi Moskvaya səfər edəcəyini və Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini” deyib. Lakin nə Rusiya, nə də İran mediası hələlik bu barədə məlumat yayıb.
Əvvəlki günlərdə İranın xarici işlər naziri Cenevrədə Avropa “üçlüyü”nün nümayəndələri ilə danışıqlar aparıb. Bu danışıqların nəticəsi hələlik bilinmir. Amma diqqətçəkən məqam ABŞ prezidenti Donald Trampın reaksiyasıdır. O bildirib ki, İran Avropa ilə deyil, birbaşa ABŞ ilə danışıqlar aparmalıdır. Tramp həmçinin işarə edib ki, Ağ Ev İranın rəsmi nümayəndələri ilə əlaqə saxlayıb və ona aydın mesaj göndərib: “İran nüvə silahına sahib olmamalıdır”.
İsrail mənbələri isə iddia edirlər ki, Tramp İrana “son qərar vermək üçün iki həftə vaxt verib”. Yerusəlimdə əmindirlər ki, bu müddətdə İran “kapitulyasiya etməzsə”, ən pis ssenari baş verəcək. Əgər yaranmış bu ekzistensial vəziyyətdə İranın xarici işlər naziri doğrudan da qarşıdakı bazar ertəsi Moskvada Putinlə görüşəcəkdisə və Tramp qətiyyətlə bildirirsə ki, İran yalnız ABŞ ilə razılaşmalıdır, o halda Vaşinqton Əraqçinin Moskva səfərinə necə reaksiya verəcək?
Sadə dillə desək – İran Moskvadan hərbi-siyasi dəstəkmi gözləyir, yoxsa Vaşinqtonla mümkün danışıqlarda vasitəçilik istəyir? Həftənin əvvəlində Tramp etiraf edib ki, Putinə son telefon danışığında “Rusiyanın öz problemləri ilə məşğul olmağı, müharibəni dayandırmağı və yalnız bundan sonra Yaxın Şərqdə vasitəçiliyi düşünməyi” tövsiyə edib. İyunun 20-də isə Putin Trampa açıq şəkildə bildirib ki, müharibəni dayandırmayacaq.
İran ətrafında vəziyyətin nizamlanmasına dair Rusiya vasitəçiliyini İsrailin baş naziri Benyamin Netanyahu da rədd edib. Əgər qarşıdakı bazar ertəsi İranın xarici işlər naziri doğrudan da Rusiya prezidenti ilə görüşərsə, bu iki ehtimandan biri gerçəkləşmiş olacaq: ya Vaşinqton Moskvaya vasitəçilik mandatı verib və “Avqiyin tövlələrinin təmizlənməsi” prosesi asanlaşır, ya da Putin İranla strateji əməkdaşlıqda təhlükəsizlik məsələlərinin birgə həllinə dair “fobiyasını” aşaraq, geosiyasi riskini kəskin şəkildə artırır. Bu halda Cənubi Qafqazda da “sürprizlər” istisna deyil.
Asif Cəfərov
Ordu.az