Ordu.az xəbər verir ki, Türkiyənin texnologiya lideri “Baykar” və İtaliyanın müdafiə nəhəngi “Leonardo” Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində ortaq gələcək qurmaq üçün “LBA Systems” adlı yeni şirkət qurduqlarını rəsmən açıqlayıb.
Bu strateji tərəfdaşlıq Avropanın müdafiə imkanlarında yeni səhifə açmaq və qlobal PUA bazarında balansı yenidən formalaşdırmaq məqsədi daşıyır.
Tərəfdaşlığın elan edildiyi mərasimdə çıxış edən “Leonardo” idarə heyətinin sədri Stefano Pontekorvo bu əməkdaşlıqdan qürur duyduğunu və həyəcanını ifadə edib. “Baykar”ı “öz sahəsində yəqin ki, dünyanın ən yaxşısı” olaraq xarakterizə edən Pontekorvo ortaqlığa verdikləri əhəmiyyəti vurğulayıb.
Pontekorvo əməkdaşlıqla bağlı gözləntilərini bu sözlərlə ifadə edib:
“Biz “Baykar” tərəfindən tərəfdaş olaraq seçildiyimiz üçün çox qürur duyuruq. Bu, böyük bir şirkətdir. Ortaqlığa o qədər sadiqik ki, tariximizdə ilk dəfə başqa bir şirkətlə ortaq stendimiz var və o şirkət “Baykar”dır. Nə gözləyirik? Biz PUA sahəsində lider şirkət olmağı və bunun üzərində dayanmağı hədəfləyirik. Birlikdə qeyri-adi bir məhsul yaradacağıq və bilirsiniz ki, bu dövrdə uğur gətirən şey texnologiyadır. Texnologiyanın ən qabaqcıl nöqtəsində olacağıq, Avropa və dünya bazarları üçün çox inandırıcı məhsulumuz olacaq. Mən əminəm”.
Sevinc Əliyeva
Ordu.az