Hazırkı məqamda Milli Gəmi (MİLGEM) və Milli Sualtı Qayıq (MİLDEN) layihələrində olduqca əhəmiyyətli işlərə imza atan Ankara üçün günün sonunda nüvə enerjisi ilə işləyən bir platforma istehsal etməyi hədəfləməsi sürpriz deyil.
Ancaq bu hədəfin Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanı Ercüment Tatlıoğlu tərəfindən dilə gətirilməsi xüsusi diqqət çəkir. Çünki bu, Türkiyənin bu istiqamətdəki niyyətinin ən yüksək səviyyəli şəxslərdən biri tərəfindən ilk dəfə açıq şəkildə ifadə olunmasıdır.
Tatlıoğlu beynəlxalq bir nəşrə verdiyi və Türkiyə Hərbi Dəniz Qüvvələrinin məqsəd və vizyonunu izah etdiyi müsahibədə belə deyib: “139 ildir milli arzumuz olan xarici asılı olmayan sualtı qayıqları inşa edirik. MİLDEN-dən sonra nüvə enerjili sualtı qayıqlar üçün önəmli bir addım atacağıq”.
Bu tarixi müsahibəni aparan şəxs isə Türkiyədə müdafiə sənayesini yaxından izləyən ekspertlərdən biri olan Devrim Yaylalıdır. Biz də Yaylalı ilə Ankaranın nüvə ilə hərəkət edən sualtı qayıq hədəfinin detallarını müzakirə etdik.
“Türkiyə bu sahədə seçkin ölkələr arasında yer alacaq”
Devrim Yaylalının müsahibəsi sayəsində Türkiyə Hərbi Dəniz Qüvvələrinin rəhbəri ilk dəfə açıq mənbələrdə nüvə enerjisi ilə işləyən sualtı qayıq ideyasını rəsmən dilə gətirmiş oldu.
Təbii ki, nüvə enerjisi ilə işləyən bir platformaya sahib olmağın müxtəlif dinamikaları və fərqli aspektləri var. Ancaq əsas sual budur: Ankara niyə belə bir hədəf qoyub?
Yaylalı qeyd edir ki, nüvə enerjili sualtı qayıq əhəmiyyətli bir qüvvə proyeksiyası vasitəsidir. Türkiyənin bu qabiliyyətə sahib olması, onu ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Hindistan kimi nüvə enerjili sualtı qayıqlarını müstəqil şəkildə dizayn edə, istehsal edə və idarə edə bilən ölkələr sırasına daxil edəcək.
Bu işin təkcə hərbi və texnoloji deyil, iqtisadi və insan resursları baxımından da inkişaf tələb etdiyini vurğulayan Yaylalı nüvə enerjili sualtı qayığın Türkiyənin qlobal prestijini artıracağını bildirir. Hətta aviadaşıyıcı gəmi layihəsinin də bu çərçivədə qiymətləndirilməli olduğunu deyir.
“Əldə olunan təcrübə gələcək layihələrə yol göstərəcək”
Yaylalı vurğulayır ki, Türkiyənin nüvə ilə işləyən sualtı qayıq hədəfini qiymətləndirərkən, hazırda davam edən MİLGEM və MİLDEN layihələrinin təcrübələri və nailiyyətləri ayrıca nəzərdən keçirilməlidir. Bu iki layihənin qazandırdığı bilik və infrastrukturlar gələcəkdə daha irihəcmli layihələrə əsas ola bilər.
Ancaq nüvə ilə hərəkət edən sualtı qayıqlar üçün gərəkli olan inkişaf etmiş texnologiyalar baxımından, bu sahədə bacarığı olan ölkələrlə əməkdaşlıq zəruridir. Yaylalı bu istiqamətdə Ankaranın niyə bu yolu seçdiyini belə izah edir:
“Nüvə enerjisi ilə işləyən sualtı qayıqlar, ərzaq və ekipaj ehtiyacları istisna olmaqla, demək olar ki, limitsiz dözümlülüyə malikdir. Bu qayıqlar yanacaq doldurmadan dünyanın istənilən nöqtəsində əməliyyatlar həyata keçirə bilirlər.
Bu strateji manevr imkanları Türkiyəyə həm qüvvə proyeksiyası, həm kəşfiyyat, həm də qlobal təsir baxımından əhəmiyyətli çeviklik qazandıracaq. Belə qabiliyyətlər Türkiyə Hərbi Dəniz Qüvvələrini Şərqi Aralıq dənizi, Qara dəniz və Hind okeanı kimi riskli bölgələrdə əsas oyunçulardan birinə çevirə bilər”.
“Bu bir meydan oxumadır”
Yaylalı bildirir ki, nüvə enerjili sualtı qayığın layihələndirilməsi, inşası və saxlanılması Türkiyənin yalnız texnoloji deyil, eyni zamanda maliyyə, siyasi və strateji səviyyədə də bir sıra ciddi çətinlikləri aşmasını tələb edir:
“Türkiyə belə bir platformada istifadə oluna biləcək nüvə reaktorlarını layihələndirmək, idarə etmək və onlara texniki xidmət göstərmək üçün zəruri bilik və infrastruktur əldə etməlidir”.
Bu isə yüksək ixtisaslı kadrlar, reaktor dizaynı və yanacaq dövriyyəsinin idarə olunması, radiasiyadan qorunma və təcili təhlükəsizlik prosedurlarında ixtisaslaşmanı zəruri edir.
Yaylalı eyni zamanda vurğulayır ki, Türkiyə indiyədək bəzi nüvə tədqiqat proqramlarında iştirak etsə və müəyyən səviyyədə təcrübə qazansa da, dənizdə istifadə üçün uyğun nüvə reaktorunun hazırlanması üçün kifayət qədər mütəxəssis və texnoloji infrastruktur hələ tam formalaşmayıb.
Bu səbəbdən ortaq layihələrə qoşulmaq və ya texnologiya transferi müqavilələri imzalamaq həm məntiqli, həm də zəruri addım kimi dəyərləndirilir.
Bununla belə, bu cür iddialı layihənin həyata keçirilməsi böyük strateji və maliyyə riskləri daşıyır. Əgər kifayət qədər resurs ayrılmaz və planlaşdırma mərhələli şəkildə aparılmazsa, layihə uğursuz ola, nəticədə batmış xərclərə səbəb ola bilər. Dünyada bu tip uğursuz nümunələr kifayət qədərdir.
Amma bütün bu çətinliklərə baxmayaraq, əgər siyasi iradə, texnoloji sərmayə və beynəlxalq əməkdaşlıq düzgün şəkildə qurularsa, Türkiyə bu vizionu reallaşdıra bilər. Bu, uzun və çətin prosesdir. Lakin Türkiyə Hərbi Dəniz Qüvvələri artıq bu istiqamətdə öz strateji yol xəritəsini ortaya qoyub. Qarşıdakı addımlar bu vizionun reallaşmasını müəyyən edəcək.
Sevinc Əliyeva
Ordu.az