Ordu.az “Armyrecognition”a istinadən xəbər verir ki, ordu bu inkişafı “uzun mənzilli dəqiq zərbə qabiliyyətində kritik addım” kimi qiymətləndirir.
“Dark Eagle” sistemi mobil platformalardan atılan və hipersəs sürətlə (“Mach 5” və daha yuxarı) hərəkət edən süzülmə gövdəsinə malik raketlərdən ibarətdir.
Təxminən 2776 km mənzilə malik olan və 6100 km/saat sürətə çata bilən sistem konvensional hava hücumundan müdafiə vasitələrinin öhdəsindən gələ və minimum xəbərdarlıq müddəti ilə strateji hədəfləri vura bilir.
“Lockheed Martin” və “Northrop Grumman” arasında əməkdaşlıq çərçivəsində hazırlanmış sistem ABŞ ordusunun quruda yerləşən bölmələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin dəniz platformaları tərəfindən istifadə edilə bilər. İlk batareya hazırda Vaşinqton ştatındakı “Lewis-McChord” bazasında yerləşdirilib.
Ordu sistemin döyüş sahəsinə inteqrasiyasını təmin etmək üçün 2024-cü ilin avqustunda Nevadadakı “Bamboo Eagle” təlimində canlı sistem nümayişi keçirib. Sistemin təkmilləşdirilmiş versiyası üçün sınaq atəşi 2025-ci ilin son rübündə planlaşdırılır.
“Dark Eagle” ABŞ-nin yaxın təhdidlərə qarşı çəkindirmə qabiliyyətini, ilk zərbə vurma qabiliyyətini artıran və çoxdomenli müharibə mühitlərinə uyğun gələn yeni nəsil strateji silah hesab olunur.
Sevinc Əliyeva
Ordu.az