ABŞ NATO-nun zirvə toplantısında Avropanı “tərk edəcək”? – BAXIŞ BUCAĞI

2025/06/1749540392.jpg
Oxunub: 608     14:31     11 İyun 2025    
Mübadilə edilmiş memorandumların öyrənilməsindən sonra Moskva və Kiyev danışıqların yeni mərhələsinin təşkili barədə razılığa gələcəklər. Bunu “RİA Novosti”nin məlumatına görə, jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Tərəflərə mübadilə etdikləri memorandum layihələrini öyrənmək üçün müəyyən vaxt lazımdır. Bu, tərəflərin nə qədər hazır olmasından asılı olacaq, onlar danışıqların növbəti mərhələsinin yeni vaxtını razılaşdıracaqlar”, - deyə Peskov ətraflı açıqlayıb və əlavə edib ki, danışıqların hər hansı institusional ardıcıllığı gözlənilmir, hər şey hər yeni mərhələdə tərəflərin hazırlığından asılı olacaq.

Kreml sözçüsünün son formulyasiyasından belə nəticə çıxır ki, danışıqların davam etdirilməsi məsələsində Moskva ciddi ehtiyatlıdır. İstisna deyil ki, Rusiya müəyyən mərhələdə diplomatik təmasları tamamilə dondura bilər. Bu baxımdan, Rusiya nümayəndə heyətinin rəhbəri, prezident Putinin müşaviri Medinskinin müşahidəsi diqqətçəkicidir. O bildirib ki, İstanbulda tərəflər “səmimi və açıq şəkildə öz baxışlarını təqdim ediblər” və bundan sonrakı müzakirələrin mənası “harada və necə yekun nizamlanmanın tapılması”ndan ibarətdir.

Ukraynanın xarici işlər naziri Andrey Siqiba Rusiya ilə danışıqlar barədə xüsusi olaraq bədbin təəssürat ifadə edib. Onun sözlərinə görə, Rusiya İstanbul görüşündən öncə Ukraynanın təqdim etdiyi təkliflərə cavab verməyib, hətta Ukrayna nümayəndə heyəti danışıqlar masasında bu barədə birbaşa soruşduqda belə, həmin təkliflərə toxunmayıb.

Siqiba bildirib ki, Rusiya nümayəndə heyətinin bu mövqeyi heç bir siyasi məsələyə toxunmağa imkan verməyib, müzakirələr humanitar problemlər ətrafında aparılıb. Ukraynanın xarici işlər naziri humanitar xarakterli razılaşmaları alqışlayıb, lakin qeyd edib ki, “daha konkret nəticələrə nail olmaq mümkün idi.”

İstanbulda Rusiya nümayəndə heyətinin mövqeyindən – yəni “köhnəlmiş ultimatumların təkrarından” – çıxış edərək Ukraynanın xarici işlər naziri belə nəticəyə gəlib ki, Moskvanın “müharibəni dayandırmaq niyyəti yoxdur”. Siqiba tərəfdaş ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb: “Biz qətllərə son qoymalıyıq. Əgər hazırkı danışıqlar bu nəticəni verməzsə və sülhə nail olmaq istiqamətində irəliləyiş təmin etməzsə, artıq aydın olacaq ki, liderlərin görüşü təşkil edilməlidir”, - deyə Ukraynanın xarici işlər naziri yekunlaşdırıb.

Aydındır ki, Kiyev Rusiyanın ultimatumu qarşısında geri çəkilmədən bu ağır sınağı aşmaq üçün diplomatik çıxış yolları axtarır. Kiyev bu addımı ABŞ-nin dəstəyi olmadan ata bilməz. Və Vaşinqton, görünən odur ki, prezident Trampın mövqeyindən irəli gələrək, Rusiyaya təzyiq göstərməkdən ardıcıl olaraq çəkinir. Bu fonda Avropa “üçlüyü”nün Ukraynaya yeni silahlar verilməsi və ya onun ərazisində silah istehsalının təşkili ilə bağlı bəyanatları, əslində, “yer üzərindəki vəziyyəti” heç nə ilə dəyişmir: Rusiya böyük itkilərə baxmayaraq, hərbi əməliyyatları davam etdirir. Beynəlxalq nüfuzlu ekspertlər hesab edirlər ki, qarşıdakı aylar Ukrayna cəbhəsində “ən qaynar” mərhələ olacaq və danışıqlar “yalnız oktyabrda bərpa edilə bilər”. Avropa bu vaxta qədər Ukraynanı dəstəkləmək üçün kifayət qədər potensial və siyasi iradə göstərə biləcək? ABŞ NATO-nun qarşıdakı zirvə toplantısında Avropanı “tərk edəcək?”

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO   Avropa  


Bizi "telegram"da izləyin