Çin “Type 625E” mobil HHM sistemi ilə dron sürülərinə qarşı sınaq keçirib

2025/06/1749459951.jpg
Oxunub: 471     15:28     11 İyun 2025    
Çinin yeni nəsil “Type 625E” mobil hava hücumundan müdafiə sistemi iyunun 5-də keçirilən təlim zamanı dron sürülərinə qarşı canlı atış sınağı ilə ictimaiyyətə təqdim olunub.

Ordu.az xəbər verir ki, “Norinco” (Çin Şimal Sənaye Qrupu) tərəfindən hazırlanmış sistem alçaq hündürlükdə uçan Pilotsuz Uçuş Aparatları (PUA) və dəqiq idarə olunan sursatlara qarşı quru qoşunlarını effektiv şəkildə qorumaq üçün nəzərdə tutulub.

8x8 təkərli zirehli platformaya inteqrasiya olunmuş “Type 625E” altı lüləli 25 mm “Gatling” topu və qısa mənzilli hava hücumundan müdafiə raketləri ilə təbəqəli bir müdafiə şəbəkəsi yaradır. Radar və elektro-optik sensorlarla hədəfləri aşkarlayıb izləyə bilən sistem tam avtonom işləyə bilir və yüksək reaksiya qabiliyyətinə malikdir.

“Type 625E” Rusiya istehsalı “Pantsir-S1” və ABŞ-nin IM-SHORAD sistemləri ilə müqayisədə yüksək mobilliyi və mərkəzləşdirilmiş komanda şəbəkəsinə ehtiyac olmadan müstəqil əməliyyat apara bilməsi ilə seçilir.

Çin Ordusunun “Type 625E” sistemini aktiv təlimlərə daxil etməsi dron müharibələrinin artan roluna hazırlıqlı olduğunu və bu sahədə qabiliyyətlərini sürətlə inkişaf etdirdiyini göstərir. Bu inkişafın, xüsusilə Hind-Sakit okean regionu kimi mübahisəli bölgələrdə geosiyasi təsirlər yaratması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Type-625E  


Bizi "telegram"da izləyin