Ordu.az xəbər verir ki, təlim ABŞ 6-cı Donanması tərəfindən planlaşdırılıb və Lissabon mərkəzli NATO dəniz qüvvələri qərargahı STRIKFORNATO tərəfindən idarə olunub.
Təlimə 16 hərbi gəmi, 25-dən çox hava platforması və təxminən 3.000 hərbi qulluqçu qatılıb. Belçika, Kanada, Danimarka, Fransa, İtaliya, Niderland, Norveç, İspaniya, Birləşmiş Krallıq və ABŞ aktiv iştirak edib. Türkiyə, Avstraliya və Yunanıstan müşahidəçi olaraq iştirak ediblər.
İtaliya Donanmasının Yeni Gəmisi Səhnədə
Təlimin diqqət çəkən iştirakçılarından biri İtaliya Donanmasına məxsus “ITS Giovanni delle Bande Nere” gəmisidir. İtaliyanın ilk tam konfiqurasiyalı Çox Məqsədli Döyüş Gəmisi (“PPA Full Configuration”) çoxsaylı təhdid mühitində verdiyi reaksiyalar və malik olduğu texnoloji sistemlərlə ön plana çıxıb.
Gəmi Şotlandiya sahillərində dörd fərqli hava və dəniz səviyyəsində fəaliyyət göstərən PUA-nın eyni vaxtda hücumu ilə simulyasiya edilən “sürü təhdidi” ssenarisinə effektiv cavab verib. Daha sonra Şotlandiyadakı Keyp Vras bölgəsində yüksək kalibrli dəniz artilleriyası atışlarını uğurla həyata keçirib.
Yeni Radar və Məlumat Paylaşımı Sınaqdan Keçirildi
Gəmi daha sonra aşağı yüksəkliyə malik (“sea-skimmer”), səsdən sürətli və ballistik (qısa və orta mənzilli) hava hədəflərini izləyib. Bu mərhələdə istifadə olunan yeni nəsil İki Zolaqlı Radar Sistemi əldə etdiyi məlumatları “Link 16” şəbəkəsi vasitəsilə digər NATO qüvvələri ilə bölüşüb. Bu inteqrasiya təlimin əməkdaşlıq baxımından ən önəmli mərhələlərindən biri hesab edilib.
“Aster 15” Raketi ilə Dəqiq Zərbə
Təlimin ən kritik mərhələsində “ITS Giovanni delle Bande Nere” gəmisindən “Aster 15” hava hücumundan müdafiə raketi canlı şəkildə buraxılıb və uğurla hədəfə çatdırılıb. Dəniz səthinə yaxın uçan hədəfi radar ilə aşkar edən gəmi onu uğurla məhv edib. Radar izləməsi və atış məlumatları eyni anda digər müttəfiq qüvvələrlə paylaşılıb və sistemin real şəraitdəki performansı tam şəkildə sınaqdan keçirilib.
Təlim Qiymətləndirmələri
ASD/FS25 təlimi 27 may tarixində Lissabonda keçirilən bağlanış mərasimi ilə başa çatıb. “ITS Giovanni delle Bande Nere” gəmisində təşkil edilən “DV Day” çərçivəsində iştirakçı ölkələrin performansları qiymətləndirilib və gələcək təlimlərə dair təkliflər müzakirə olunub.
Tapşırıq qrup komandiri CTG 154.64 komandiri Maykl Dvan təlimi “dəniz gücünün qeyri-adi bir nümayişi” kimi qiymətləndirib. İtaliya Dəniz Qüvvələri Komandanının müavini Aurelio De Karolis isə “Aster 15” atışının gəmi heyətinin yüksək peşəkarlığını və İtaliya Donanmasının əməliyyat bacarığını açıq şəkildə nümayiş etdirdiyini bildirib.
Real Vaxtlı Çəkindirmə Laboratoriyası
İki ildən bir keçirilən “Formidable Shield” təlim seriyası NATO-nun platformalararası inteqrasiyasını və birgə çəkindirmə imkanlarını real zaman rejimində sınaqdan keçirə biləcəyi bir laboratoriya funksiyası daşıyır. ASD/FS25 Atlantik Alyansının strateji transformasiya prosesinə verdiyi güclü və texnoloji baxımdan hərtərəfli cavab kimi ön plana çıxır.
Sevinc Əliyeva
Ordu.az