Türkiyə NATO-nun Elektromaqnit Müharibə Koalisiyasına rəsmi şəkildə qoşulub – ƏTRAFLI

2025/06/EW-Ko-1749451815.jpg
Oxunub: 414     10:19     11 İyun 2025    
Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısında iştirak edən həmkarları ilə birlikdə “Elektromaqnit Müharibə Koalisiyası Niyyət Məktubu İmzalama Mərasimi”nə qatılaraq Türkiyə adından sənədi imzalayıb.

Ordu.az xəbər verir ki, Nazirliyin açıqlamasında belə deyilir: “Milli Müdafiə Naziri Yaşar Gülər Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısında iştirak edən həmkarları ilə birlikdə “Elektromaqnit Müharibə Koalisiyası Niyyət Məktubu İmzalama Mərasimi”nə qatılaraq ölkəmiz adından sənədi imzalayıb”.

NATO-nun yaratdığı bu yeni koalisiya Ukraynanın Rusiya ilə davam edən müharibəsində elektromaqnit spektri üzərində nəzarətini artırmağı hədəfləyən strateji addımdır. Müasir müharibənin əsas elementlərindən birinə çevrilmiş Elektron Müharibə (EW) yalnız müdafiədə deyil, hücum və kəşfiyyat əməliyyatlarında da həlledici rol oynayır.

Koalisiya 11 aprel 2025-ci ildə Brüsseldə yerləşən NATO qərargahında keçirilən 27-ci Ukrayna Müdafiə Əlaqələndirmə Qrupu iclasında elan edilib.

Koalisiyanın əsas hədəfləri arasında, Ukraynaya xüsusilə PUA hücumlarına qarşı istifadə olunacaq inkişaf etmiş EW sistemlərinin tədarükü, Ukrayna hərbi personalının elektromaqnit müharibəsi sahəsində təlimi və texniki qabiliyyətin artırılması, Ukrayna ordusunun öz rabitə şəbəkələrinin qorunması və düşmən sistemlərinin sıradan çıxarılması və uzunmüddətli EW bacarıqları üçün hərbi doktrina və strategiyaların formalaşdırılması yer alır.

NATO elektromaqnit müharibə fəaliyyətlərini EMO (Electromagnetic Operations) başlığı altında aparır və bu fəaliyyətlər hava, quru, dəniz, kosmos və kiberməkanda çoxölçülü tətbiqləri əhatə edir.

Elektron Müharibə (EW) siyasətləri MC 0064 kimi yüksək səviyyəli sənədlərlə müəyyən edilir, tətbiqlər isə NATO Elektron Müharibə Məsləhət Komitəsi (NEWAC) kimi qurumlar tərəfindən koordinasiya olunur. Lakin Ukraynaya xüsusi olaraq yaradılan bu koalisiya ümumi NATO EW strategiyalarından kənar, konkret bir dəstək təşəbbüsü olaraq fərqlənir.

Rusiya müharibənin başlanğıcından bəri inkişaf etmiş EW sistemlərindən istifadə edərək Ukraynanın rabitə və müdafiə xətlərini hədəf alıb. Bu prosesdə Ukraynanın NATO və Qərb ölkələrindən aldığı dəstək əks-tədbirlərin inkişafına imkan yaradıb. NATO-nun yeni koalisiyası isə bu dəstəyi davamlı və sistemli hala gətirməyi qarşısına məqsəd qoyur.

Elektromaqnit müharibə döyüş meydanındakı uğurun əsas amillərindən birinə çevrilib. NATO-nun qurduğu EW Koalisiyası yalnız Ukraynanın müqavimətini artırmayacaq, həm də müttəfiq ölkələrin bu sahədəki qabiliyyətlərini sinxron şəkildə inkişaf etdirməsinə dəstək olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO   Elektromaqnit-Müharibə  


Bizi "telegram"da izləyin