Hazırda CENTCOM Komandanının müavini vəzifəsində çalışan Admiral Brad Kuper təsdiqləndiyi təqdirdə ABŞ Mərkəzi Komandanlığının rəhbəri olacaq. O, əvvəllər ABŞ Beşinci Donanmasında xidmət etmiş və burada donanmanın ilk insansız və süni zəka ilə dəstəklənən əməliyyat qüvvəsini yaradaraq diqqət mərkəzinə düşmüşdü.
Rəsmi tərcümeyi-halına görə Kuper “Prosperity Guardian” və “Poseidon Archer” kimi əməliyyatlar çərçivəsində Yaxın Şərqdə İran və husilərin təhdidlərinə qarşı çoxsaylı real əməliyyatlara rəhbərlik edib. O, eyni zamanda esmineslərdə, aviadaşıyıcılarda və amfibik gəmilərdə xidmət göstərmiş təcrübəli döyüş zabitidir. Karyerası boyunca Ağ Evdə və Müdafiə Nazirliyində məsləhətçi vəzifələrində də çalışıb.
Daqvin Anderson AFRICOM Komandanlığına Namizəddir?
AFRICOM-un yeni komandanı olaraq təklif edilən şəxs Hərbi Hava Qüvvələri general-leytenantı Daqvin Anderson olub. Təsdiqləndiyi təqdirdə Anderson dördulduzlu general rütbəsinə yüksələcək. Hal-hazırda Birləşmiş Qərargahın J7 vəzifəsini icra edən Anderson birgə qüvvələrin inkişafına məsul şəxsdir.
Miçiqan ştatında doğulan Anderson əvvəllər Afrika Xüsusi Əməliyyatlar Komandanlığında xidmət edib. 2020-2021-ci illərdə ABŞ-nin Somali və digər Afrika ölkələrindəki birləşmələrinin çıxarılması əməliyyatını idarə edən “Birləşmiş Tapşırıq Qrupu-Quartz”ın komandanı olub. Uçuş karyerasında KC-135R, MC-130E və U-28A kimi təyyarələrlə müxtəlif təcili hallarda əməliyyatlarda iştirak edib.
Bu təyinat ilin əvvəlində Pentaqonun AFRICOM-u Avropa Komandanlığı (EUCOM) ilə birləşdirmək planlarının gündəmə gəlməsindən sonra diqqət çəkib. Mövcud AFRICOM Komandanı general Mixail Lenqli bu birləşmənin Afrika ölkələrində narahatlıq doğurduğunu və bu narahatlığın Ağ Evə çatdırılmalı olduğunu açıqlamışdı. Andersonun təyinatı bu planların ya rədd edildiyini, ya da yaxın gələcəkdə həyata keçirilməyəcəyini göstərə bilər.
SOCOM Komandanlığına Frank Bradley?
Ağ Ev eyni gün verdiyi açıqlama ilə Donanma kontr-admiralı Frank Bradleyin dördüncü ulduzunu alaraq SOCOM Komandanlığına gətiriləcəyini elan edib. Hazırda SOCOM-un tərkib hissəsi olan “Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığı” (JSOC) komandanı vəzifəsində çalışan Bradley karyerasına “Navy SEAL” olaraq başlayıb və 11 Sentyabr hücumlarından sonra Əfqanıstana göndərilən ilk birliklər arasında yer alıb.
Bradley indiyə qədər Birləşmiş Qərargah və SOCOM strukturu daxilində bir çox yüksək vəzifələrdə çalışıb. O, həm də keçmiş professional gimnast olub.
Sevinc Əliyeva
Ordu.az