Dövlət Dumasının sədri Volodin xəbərdarlıq edib ki, Almaniya hökumətinin bu addımları Rusiya ilə Almaniya arasında hərbi qarşıdurmaya gətirib çıxara bilər: “Bu, alman xalqına lazımdırmı? Bu suala cavabım yoxdur, amma deyə bilərəm ki, biz hər şeyə hazırıq”, - deyə Rusiya Federasiyası Federal Məclisinin aşağı palatasının rəhbəri yazıb. O, məktubu Almaniya parlamentinin beş fraksiyasına da ünvanlayıb.
Bu mövzu ilə bağlı daha sərt və qeyri-diplomatik üslubda Dövlət Dumasının keçmiş sədri, “Ədalətli Rusiya-Vətən uğrunda” partiyasının və eyni adlı fraksiyanın lideri Sergey Mironov danışıb. O, Almaniyanın kansleri Fridrix Mertsə xatırlamağı tövsiyə edib: “Reyxstaqın divarlarında nə yazılıb, unutmasın”. Rusiyalı parlamentarinin qiymətləndirməsinə görə, Almaniya Ukraynaya silah tədarük edərkən “rusofob siyasət yürüdür” və öz prinsiplərinə xəyanət edir.
“Biz tarixə xəyanət etməyə və (İkinci Dünya) müharibəsinin dərslərini unutmağa icazə verməyəcəyik. Çünki o zaman bizim qarşımızda yalnız faşist Almaniyası deyil, bütün Avropa döyüşürdü. Amma biz qalib gəldik və bunu heç vaxt unutmayacağıq”, - deyə Mironov “Telegram”da yazıb.
Həm Dövlət Dumasının sədrinin məktubu, həm də “Ədalətli Rusiya-Vətən uğrunda” partiyasının liderinin əsəbi və hədələyici tərzi göstərir ki, Moskvada Almaniya kansleri Mertsin ABŞ-yə səfəri və ABŞ prezidenti Donald Tramp ilə apardığı danışıqlar ciddi narahatlıq doğurur. Bu görüşlərdə Avropada faşizmin məğlub edilməsindən danışıldığı halda, Rusiya “RİA Novosti”nin ifadəsi ilə desək, “tərəflərdən heç biri SSRİ-nin bu qələbədəki istisnasız rolunu” xatırlamayıb.
Volodinin məktubu və Mironovun yazısından belə qənaətə gəlmək olar ki, siyasi çıxılmaz vəziyyətə düşmüş Moskva Rusiya-Ukrayna müharibəsinin “temperaturunu artırmağa” çalışır, bu yolla Avropaya, xüsusilə də Almaniyaya “neonasist və rusofob” siyasi xətt mənimsədiklərini iddia edir.
Bu, yəqin ki, müharibənin yeni mərhələsinə keçid üçün bir təbliğat hazırlığıdır. Türkiyənin “Anadolu” agentliyinin şərhçisinin son günlərdə yazdığına görə, əgər Rusiya Ukrayna ilə danışıqlarda “atəşkəs şərtləri” adlandırdığı tələbləri əldə edə bilməsə, taktiki nüvə silahından istifadə edə bilər.
Eyni vaxtda Almaniyanın keçmiş kansleri Angela Merkel Şərqi Avropa ölkələrində “Azadlıq” adlandırdığı siyasi xatirə kitabını təqdim edir. Çexiyada keçirilən tədbirlərin birində Merkelə vaxtilə Putinlə əməkdaşlıq etdiyi üçün irad tutulub. Merkel isə cavabında bildirib ki, 2014-cü ildə Ukrayna “çox zəif idi” – bununla da o, Rusiyanın hücumunu 8 il gecikdirdiyini nəzərdə tutub. Rusiya isə iddia edir ki, bu müddət ərzində Qərb Ukraynanı müharibəyə hazırlayıb.
Merkel Avropa liderlərini “cəsarətli olmağa və Ukraynanı müdafiə etməyə” çağırıb. Buna baxmayaraq, Almaniyanın keçmiş kansleri etiraf edib ki, Rusiyanı cilovlamağın ən effektiv vasitəsi ABŞ-Avropa strateji ittifaqıdır. Onun fikrincə, bu əməkdaşlıq yalnız o zaman bərpa olunacaq ki, avropalılar öz aralarındakı fikir ayrılıqlarını dəf etsinlər və birlik nümayiş etdirsinlər.
Moskvadan edilən Almaniya ilə bağlı hədələr – Putin bunları Volodin və Mironovun dili ilə səsləndirir – ilk növbədə Şərqi Avropa ölkələrində qorxu və tərəddüd yaratmağa yönəlib. NATO-nun növbəti sammiti iyunun üçüncü ongünlüyündə planlaşdırılır. Amma görəsən, Moskvanın bu hədəsinə cavab olacaq?
Asif Cəfərov
Ordu.az