PUA-lar hədəfi özləri seçdi, hücum avtomatik həyata keçirildi
SBU-nun açıqlamasında vurğulanıb ki, əməliyyat tamamilə Ukrayna istehsalı olan PUA sistemləri və yerli proqram təminatı ilə icra edilib. Ən diqqətçəkən məqam isə bu PUA-ların süni zəka ilə öyrədilərək hava bazalarını və təyyarələrdəki zəif nöqtələri insan müdaxiləsi olmadan müəyyən edə bilməsi olub.
Həyata keçirilən hücumlarda “Tu-95MS” təyyarələrinin, Kh-101 qanadlı raketlərinin yerləşdiyi qanadaltı asqı sistemləri və yanacaq çənləri hədəfə alınıb. SBU-nun paylaşdığı görüntülərdə bu həssas bölgələrə yönəlmiş zərbə izləri açıq şəkildə görünür.
Mobil buraxılış sistemləri
Fotolarda kamuflyaj olunmuş taxta sektorlar da diqqət çəkir. Bu mobil sektorlar Rusiya hava bazalarının yaxınlığında yük maşınlarına yerləşdirilmiş halda, dam hissəsi uzaqdan açılaraq PUA-ların birbaşa hədəflərinə yönləndirilməsinə imkan verir.
Əməliyyat çərçivəsində Rusiyaya 150 kiçik kamikadze tipli PUA və 300 sursat daxil edilib. Bu PUA-lardan 116-sı havaya qalxaraq hücumu həyata keçirib. İdarəetmə və istiqamətləndirmə isə Rusiyanın telekommunikasiya infrastrukturu vasitəsilə, süni zəka dəstəyi ilə marşrut tənzimləyən alqoritmlər vasitəsilə təmin olunub.
Hərbi kəşfiyyat və vizual hədəfləmə
Əməliyyatın planlaşdırılması mərhələsində, SBU rəhbəri Vasili Malyukun “Tu-95” və “Tu-22M3” təyyarələrinin konstruksiyasında zəif nöqtələri göstərən detallı fotoları nəzərdən keçirdiyi qeyd edilib. Bu görüntülərdə işarələnmiş vurula bilən nöqtələr süni zəka alqoritmlərinə inteqrasiya edilərək hücumun tamamilə avtonom qaydada aparılmasına imkan yaradılıb.
18 aylıq planlaşdırma, 41 təyyarə vuruldu
SBU rəsmiləri əməliyyatın 18 ay davam edən hazırlıq mərhələsinin nəticəsi olduğunu və heç bir Qərb istehsalı sistem və ya komponentdən istifadə edilmədiyini bildiriblər. Bütün avadanlıqlar ya yerli istehsaldır, ya da Çin mənşəli komponentlərdən ibarətdir.
Əməliyyat Ukraynanın indiyədək həyata keçirdiyi ən mürəkkəb və uzun mənzilli hücum kimi qiymətləndirilir. Əvvəlki açıqlamalara görə, hücumlar nəticəsində 41 təyyarə vurulub, bunların arasında Ukrayna şəhərlərinə mütəmadi qanadlı raket hücumları həyata keçirən strateji bombardmançı təyyarələr də var.
Bu hücum həm Ukraynanın dərin strateji hədəflərə çıxış imkanını, həm də süni zəkanı müharibə doktrinasına inteqrasiya etmək bacarığını nümayiş etdirir.
Dəyanət Ağalarlı
Ordu.az