Toqquşma ehtimalı çoxdan proqnozlaşdırılırdı, çünki bu iki ölkə arasında uzunmüddətli düşmənçilik mövcuddur və Hindistanda Kəşmir hücumuna güclü cavab verilməsi tələbi yüksək idi. Bir çox baxımdan Hindistan üstün sayılırdı. Hindistanın nüvə komanda və idarəetmə imkanları Pakistanınkından üstündür. Hindistan həm Avropa, həm də Rusiya istehsalı olan müxtəlif hərbi texnikalara sahibdir.
Lakin pakistanlılar öz döyüş qabiliyyətlərini sübut etdilər. Çin istehsalı ilə silahlanmış və Türkiyədən hərbi yardım almış İslamabad Hindistanın hava hücumlarının ilkin dalğasına qarşı durmaqda kifayət qədər bacarıqlı olduğunu göstərdi. Pakistanlılar “Sindoor Əməliyyatının” ilk mərhələsində Hindistan Hərbi Hava Qüvvələrinin (IAF) altı döyüş təyyarəsini vurdu.
Qərbdə bir çoxlarının düşündüyünün əksinə olaraq, IAF-də xroniki pilot çatışmazlığı və uyğun uçuş təlim simulyatorlarının olmaması döyüş qabiliyyətinə mənfi təsir etdi. Hindistanın itirdiyi “Rafale” qırıcıları onun ən inkişaf etmiş sistemlərindən sayılırdı. Bu itkilər Yeni Dehlinin nüfuzuna ciddi zərbədir. Daha da önəmlisi, bu, Hindistanın Pakistan Hərbi Hava Qüvvələrinə qarşı üstünlüyə malik olduğunu düşünməsinin təhlükəli olduğunu göstərir.
“Le Monde”dən Sofi Landrinin fikrincə, Pakistan Hərbi Hava Qüvvələrinin kampaniyanın ilk mərhələsindəki uğurunun səbəbi onların pilotlarının daha yüksək səviyyəli təlim və döyüş təcrübəsinə malik olmasıdır. Onlar Əfqanıstanla sərhəddə yerləşən Federativ Administrasiyalı Qəbilə Bölgəsində (FATA) davamlı antiterror hava əməliyyatlarında iştirak ediblər, Hindistan isə əsasən sülh şəraitində olub.
Pakistan belə bir münaqişəyə uzun müddətdir hazırlaşıb, bir sıra regional güclərlə, xüsusilə Çinlə əlaqələrini gücləndirib. O, həmçinin Türkiyə ilə müttəfiqliyindən istifadə edərək müdafiə qabiliyyətini artırıb. Nə Türkiyə, nə də Çin Hindistanın qalib gəlməsini istəmir. Çin Hindistanın regional rəqibidir. Bundan əlavə, Çin və Hindistan iqtisadi cəhətdən ciddi rəqabət içindədirlər. Həmçinin, Ladax bölgəsində Çin və Hindistan arasında gərgin qarşıdurma davam edir. Gözlənildiyi kimi, Çin bu müharibədən Hindistanın bölgədəki mövqeyini zəiflətmək məqsədilə istifadə edə bildi.
Hindistan tərəfinə gəlincə, onun beynəlxalq münasibətlərdə neytral siyasəti ona geniş beynəlxalq dəstək qazandırmadı. Hindistan ABŞ, Avstraliya və Yaponiya ilə birgə “Quad” alyansının qurulmasında mühüm rol oynasa da, bu alyansın hərbi təsiri – xüsusilə Yeni Dehlinin istəyi ilə – məhdud oldu. Hindistanın uzunmüddətli müttəfiqi Rusiya isə bu bölgədəki münaqişəyə qarşı açıq-aşkar neytral mövqe tutdu. Bu da yəqin ki, Rusiyanın Pekinlə “sərhədsiz dostluq” münasibətindən irəli gəlir.
Bu şəraitdə Pakistanın uğuru onun regional geosiyasi reallıqları düzgün oxuya bilməsi və strateji tərəfdaşlıqlarını zamanında və səmərəli şəkildə qurması ilə bağlıdır. İslamabad yalnız hərbi texnologiya baxımından deyil, həm də informasiya müharibəsində və diplomatik manevrlərdə daha çevik və nəticəyönümlü yanaşma nümayiş etdirdi. Çin və Türkiyənin diplomatik himayəsi altında Pakistan öz mövqelərini müdafiə etməklə bərabər, Hindistanın hərbi avantüralarının qarşısını aldı və beynəlxalq ictimaiyyətdə bu münaqişənin birtərəfli təqdimatına qarşı alternativ baxış formalaşdırmağı bacardı.
Nəticə etibarilə, bu münaqişənin ilk mərhələsində Pakistan təkcə hərbi sahədə deyil, həm də siyasi və psixoloji sahədə Hindistana qarşı üstünlük əldə etdi. Bu, bir daha göstərdi ki, güc təkcə texniki göstəricilərlə deyil, həm də düzgün strateji planlama, regional ittifaqlar və döyüş meydanında real qabiliyyətlərlə ölçülür. Pakistanın bu uğuru həm region daxilində, həm də İslam dünyasında onun nüfuzunu artırdı və ölkənin gələcəkdə də regional təhlükəsizlik arxitekturasında əsas söz sahibinə çevrilmək iddiasını gücləndirdi.
Asif Cəfərov
Ordu.az