Dünyada xaotik və təlatümlü vəziyyət başda qlobal güclər olmaqla, bir çox ölkənin müdafiə sənayesinə astronomik investisiyalar yatırmasına səbəb olur.
ABŞ, Çin və Rusiya hərbi xərclərə görə ilk üç yeri bölüşür. “Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu”nun (SIPRI) 2024-cü ilə dair açıqladığı hesabatına əsasən, qlobal hərbi xərclər 2,72 trilyon dollara çatıb və bu, 2023-cü illə müqayisədə 9,4 faiz artım deməkdir. Bu göstərici Soyuq Müharibədən sonra qeydə alınan ən böyük illik artım kimi tarixə düşüb.

Müdafiə sistemlərinin ən vacib komponentlərindən biri hava hücumundan müdafiə sistemləridir. Türkiyənin də daxil olduğu bir neçə ölkə bu sistemləri özü istehsal edir. Digər ölkələr ya bu sistemləri satın alır, ya da daha primitiv vasitələrə yönəlir.
“Qızıl Günbəz” – ABŞ
ABŞ prezidenti Donald Tramp Oval Ofisdə etdiyi çıxışda uzun müddətdir bəhs etdiyi “Qızıl Günbəz” (Golden Dome) müdafiə sistemi ilə bağlı rəsmi elanını verdi.
“Qızıl Günbəz” Trampın 2025-ci ilin yanvarında imzaladığı prezident fərmanı ilə elan edilmiş quru, dəniz və kosmosdan gələ biləcək ballistik, hipersəs və qanadlı raketlərə qarşı çoxqatlı müdafiə təmin edəcək “yeni nəsil” bir müdafiə qalxanı təşəbbüsüdür.

Tramp sistemin öz prezidentlik müddəti ərzində fəaliyyətə başlayacağını, təxminən 3 il içində işə düşəcəyini və layihənin ümumi büdcəsinin 175 milyard dollar olacağını qeyd edib.
“Qızıl Günbəz” tam qurulduqda dünyanın istənilən yerindən, hətta kosmosdan atılan raketləri də zərərsizləşdirmək imkanına sahib olacaq.
Hazırda ABŞ hava hücumundan müdafiə üçün “THAAD” və “Patriot PAC-3” sistemlərindən istifadə edir.
“Dəmir Günbəz” – İsrail
“Dəmir Günbəz” (Iron Dome) “Rafael Advanced Defense Systems” və “İsrail Aviasiya və Kosmik Sənayesi” tərəfindən hazırlanmış mobil hava hücumundan müdafiə sistemidir.
2011-ci ildən istismarda olan “Dəmir Günbəz” 4 ilə 70 kilometr arasında atılan qısa mənzilli raket və mərmiləri aşkar edib məhv etmək üçün nəzərdə tutulub.

Sistem raket və mərmiləri atıldıqdan dərhal sonra aşkar edərək məhv edə bilir. “Dəmir Günbəz” 3 metr uzunluğunda və 16 sm diametrli bərk yanacaqlı raketlərdən istifadə edir. Bir batareya radar, komanda-idarəetmə mərkəzi və hər biri 20 raket tutumuna malik 3 buraxılış qurğusundan ibarətdir.
“Dəmir Günbəz” “Arrow 2”, “Arrow 3”, “Iron Beam”, “Barak 8” və “David's Sling” sistemlərini də əhatə edən İsrailin çoxqatlı müdafiə sisteminin tərkib hissəsidir.
“Polad Günbəz” – Türkiyə
Türkiyənin yerli texnologiya ilə inkişaf etdirdiyi hava hücumundan müdafiə sisteminin adı “Polad Günbəz” olaraq açıqlanıb. “Polad Günbəz” Türkiyənin müxtəlif hündürlüklər üçün hazırladığı hava müdafiə sistemlərinin birlikdə işlədiyi “birləşmiş arxitektura” kimi təsvir olunur.
Layihədə ASELSAN, ROKETSAN, TÜBİTAK SAGE və “Makina və Kimya Sənayesi” (MKE) birlikdə çalışır.

Layihə müxtəlif təhdidlərə fərqli raketlərlə cavab verilməsini nəzərdə tutur.
Türkiyə Silahlı Qüvvələrinin inventarında aşağı hündürlükdəki təhdidlərə qarşı ASELSAN tərəfindən hazırlanmış “Korkut”, alçaq və orta hündürlükdə “Hisar-O” sistemləri mövcuddur.

ASELSAN uzun mənzilli regional hava və raket hücumundan müdafiə sistemi olan “Siper”in də ilin sonuna qədər TSQ-nin istifadəsinə veriləcəyini bildirib.
S-400 – Rusiya
Rusiyanın hava müdafiəsinin əsas sütunu S-400 raket sisteminə söykənir.
S-400 sistemləri insanlı və pilotsuz hava vasitələrini, eləcə də həm qanadlı, həm ballistik raketləri zərərsizləşdirmək qabiliyyətinə malikdir. Maksimum mənzili 400 km, uçuş yüksəkliyi isə 30 km-dir.

Hər hədəfə iki raket kilidləyərək eyni anda 80 hədəfi vura bilir. Sistem 3.500 km məsafədən atılan orta mənzilli ballistik raketləri də məhv etmə gücündədir.

Bundan başqa, Rusiyada “Tor”, “Pantsir”, “Buk” kimi qısa və orta mənzilli sistemlər də aktiv istifadə olunur. Rusiya gələcəkdə istifadəyə veriləcəyi bildirilən S-500 sistemi ilə hava müdafiəsini daha da inkişaf etdirməyi planlaşdırır.
HQ-19 – Çin
Çinin ABŞ-nin THAAD sisteminə rəqib olaraq inkişaf etdirdiyi HQ-19 antiballistik raket sistemi həm atmosfer içində, həm də xaricindəki ballistik raket təhdidlərini zərərsizləşdirmək üçün nəzərdə tutulub və hazırda Çin Xalq Azadlıq Ordusu tərəfindən istifadə olunur.

HQ-19 sistemi 3.000 km-ə qədər məsafədəki ballistik raketləri zərərsizləşdirmə qabiliyyətinə malikdir. Çin Müdafiə Nazirliyi yaxın aylarda sistemin 200 km-dən yüksək hündürlüklərdə və saniyədə 10.000 metrə qədər sürətlərlə sınaqdan keçirildiyini və bu xüsusiyyətlərin təsdiqləndiyini açıqlayıb
“Sky Sabre” – Böyük Briyaniya
Böyük Britaniya “Sky Sabre” hava hücumundan müdafiə sistemindən istifadə edir. 2020-ci ildə istifadəyə verilən bu sistem “Land Ceptor” adı ilə də tanınır və qısa və orta mənzilli təyyarə və raket hücumlarına qarşı müdafiə təmin edir.

“Sky Sabre” sistemi MDBA, “Saab” və “Rafael Advanced Defense Systems” tərəfindən hazırlanıb və istehsal olunub. 3D radar sistemi kiçik pilotsuz hava vasitələri kimi aşağı səviyyəli hədəfləri aşkar edə bilən 360 dərəcəlik və 120 km-lik aşkaretmə məsafəsinə sahibdir.
Sistem 24 raketi eyni anda fərdi hədəflərə yönləndirə bilir.
Dəyanət Ağalarlı
Ordu.az