“Heritage Fondu”nun 12 mart 2025-ci ildə dərc etdiyi hesabat ABŞ-nin 2029-2047 dövrünə dair xarici siyasət proyeksiyası çərçivəsində İsraillə münasibətlərini yenidən tənzimləməsini və qarşılıqsız hərbi yardımların 2032-ci ildən etibarən mərhələli şəkildə azaldılaraq 2047-ci ildə tamamilə ləğv edilməsini təklif edir.
Hesabata görə ABŞ İsrail yükünü üzərindən atmaq istəyir
ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı (Aİ) və NATO ölkələrinin müdafiə xərcləri üzərində yaratdığı maliyyə yükünü bütün dünya gündəminə gətirdiyi bir dövrdə yayımlanan bu hesabat İsrailin bölgədəki təhlükəsizliyinin məsuliyyətini zamanla özü üzərinə götürməli olduğunu vurğulaması ilə diqqət çəkir. Bu vurğu Trampçı xarici siyasətin yalnız müttəfiqlərə yönəlik yük paylaşımı tələbləri ilə məhdudlaşmadığını, eyni zamanda İsrail kimi yaxın müttəfiqlərlə qurulan münasibətlərdə də daxili-xarici siyasət balansını sınağa çəkən yeni bir çağırışa çevrildiyini göstərir.
Trampın ilk hakimiyyət dövründə yaşanan kadr çatışmazlığının ən əhəmiyyətli həll mərkəzlərindən biri olan bu qurumun İsrail hesabatı XXI əsrin ilk rübündə yenidən gündəmə gələn çoxqütblülük müzakirələrinə də yeni bir pəncərə açır. Təklif olunan model çərçivəsində İsraillə region ölkələri arasında gücləndiriləcək rəsmi və ictimai əlaqələr İsrail malları və texnologiyası üçün yeni bazarlar yaradacaq və üzv ölkələr ticarət və enerji sahəsində yeni əməkdaşlıq yolları tapacaq. Beləliklə, İsraillə Müsəlman dünyası arasında qarşılıqlı rifah əsasında maraqların birləşməsi təmin ediləcək. Hesabatda bu yeni yanaşmanın hər şeydən əvvəl, “Yəhudi dövlətinin ikinci əsrdəki gələcəyinin tamamilə israillilərin nəzarətində olmasını təmin edəcəyi” iddia olunur.
Təqdim olunan proyeksiyaya görə, bölgədə MESA (Middle East Strategic Alliance – Orta Şərq Strateji Alyansı), Orta Şərq Hava Müdafiəsi kimi kollektiv təhlükəsizlik arxitekturaları yenidən qurulacaq və İsrailin hərbi üstünlüyü qorunaraq müttəfiq ölkələrlə birgə müdafiə əməkdaşlıqları gücləndiriləcək. Ticarət sahəsində isə 1985-ci il Azad Ticarət Sazişi yenilənəcək, ABŞ-İsrail iqtisadi əlaqələri müasir hala gətiriləcək və “İbrahim Razılaşmaları” çərçivəsində yeni regional razılaşmalar yaradılacaq. Enerji sahəsində, xüsusilə Şərqi Aralıq dənizi layihələri başda olmaqla təbii qaz və elektrik yatırımları təşviq ediləcək, İsraillə ərəb və müsəlman ölkələri arasında enerji əməkdaşlığı artırılacaq. Həmçinin, IMEC, I2U2 və MERC kimi təşəbbüslərlə İsrailin Orta Şərq-Asiya-Avropa keçid dəhlizindəki rolu gücləndiriləcək.
Trampın Demokratların Yaxın Şərq siyasətlərini “ABŞ-nin milli maraqlarını nəzərə almayan strategiyalar” kimi tənqid etməsi hesabatın əsas yanaşmasını da açıq şəkildə göstərir. Trampın aprel ayında keçirdiyi mətbuat konfransında İsrail Baş naziri Benyamin Netanyahuya yönəlik “Ağıllı olmalısan” xəbərdarlığı, ardınca HƏMAS-ı birbaşa tərəf kimi qəbul etməsi, İsrail rəhbərliyini kənarda qoyaraq regiona etdiyi səfər və Suriya üzərindəki sanksiyaları ləğv etməsi ABŞ-dəki təcridçi sağın ölkənin regional mövqeyini yenidən formalaşdırmaq niyyətini ortaya qoyur. ABŞ-nin İsrailin yaranışından bəri davam etdirdiyi aktiv xarici siyasətə şərtsiz dəstəyi, regionda anti-Amerika əhval-ruhiyyəsinin artmasına səbəb olan əsas amillərdən biri kimi önə çıxır. Bu reallıq, ABŞ-nin bölgəyə dair maraqlarını və hesabatda İsrail üçün təklif edilən yeni strateji çərçivənin əhəmiyyətini daha da artırır.
Bu yanaşmanı gücləndirən ABŞ mərkəzli təşəbbüslərdən biri də Çinin “Kəmər və Yol” təşəbbüsünə alternativ olaraq Bayden administrasiyası dövründə irəli sürülən, Hindistan mənşəli yeni ticarət yolu layihəsinin (IMEC) mövcudluğudur. Layihənin reallaşmasının əsas şərtinin regional sabitlik olması Trampın region siyasətləri ilə “Heritage Fondu”nun hazırladığı hesabatı birgə dəyərləndirməyə və ABŞ-nin bölgəyə yönəlik strateji modelini bütöv bir çərçivədə anlamağa imkan verir.
Tək tərəfli deyil, qarşılıqlı bir tərəfdaşlıq axtarışı
“Heritage Fondu”nun Reyqan dövründə dərc etdiyi və təxminən 2000 siyasət təklifi ehtiva edən “Mandate For Leadership” adlı dövri işi “Reyqan idarəsinin incili” kimi qəbul edilmiş və təkliflərin 60%-i həyata keçirilmişdi. Bu fakt nəzərə alındıqda, “Heritage” mütəxəssislərinin və onlarla paralel hərəkət edən təcridçi mühafizəkar çevrələrin ABŞ-nin İsraillə davam etdirdiyi tək tərəfli münasibət modelində köklü dəyişikliyə nail olmağa çalışdıqları aydın olur.
Bu kontekstdə hesabatda son illərdə Yaxın Şərqdə artan qeyri-sabitlik və ABŞ-nin müttəfiqləri ilə Çin, İran, Şimali Koreya və Rusiya kimi revizionist güclər arasındakı rəqabətin gücləndiyi vurğulanır və İsraillə ittifaqın gücləndirilməsinin zəruriliyi önə çəkilir. Ortaq təhdidlər sırasında İranın regional hegemonluq iddiası, nüvə silahlanması cəhdləri, radikalizm və Çinlə Rusiyanın bölgədəki təsiri qeyd olunur və bu problemləri həll etmək üçün hərbi, kəşfiyyat, diplomatik və iqtisadi baxımdan güclü tərəfdaşlığın zəruriliyi bildirilir. Hesabatda təklif olunan strategiyanın son məqsədi isə “ABŞ-İsrail tərəfdaşlığını gücləndirmək və bu tərəfdaşlığın potensialını Yaxın Şərqdə və onun hüdudlarından kənarda əsas Amerika maraqlarını irəli aparmaq üçün istifadə etmək” kimi göstərilir.
Hesabatda kibertəhlükəsizlik, texnologiya inkişafı, birgə müdafiə sənayesi investisiyaları kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi təklif olunur, ABŞ-nin İsrailə diplomatik və hərbi dəstəyini davam etdirəcəyi bildirilir. Bu çərçivədə, Qüdsün paytaxt kimi tanınmasının dəstəklənməsi, İrana qarşı sanksiyaların genişləndirilməsi, HƏMAS-a qarşı dəstəyin davam etdirilməsi və UNRWA fondlarının kəsilməsi vəd edilir. Xüsusilə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) üzvlərinə sanksiya tətbiq olunması kimi sərt tədbirlərin təklif edilməsi hesabatın ən diqqətçəkən məqamlarından biri kimi ön plana çıxır.
Strateji tərəfdaşlıq, yoxsa strateji ayrılma?
Hesabat layihəsinin ictimaiyyətə sızmasından dərhal sonra İsrailin ABŞ-dəki səfirliyinin mətbuat katibi səfir Yexiel Leiter fondun yeni hesabatını təqdim etmək üçün planlaşdırdığı tədbirə qatılmayacağını açıqladı. Yəhudi icmasının nəşri olan “Jewish Insider”də İsrailin müharibə şəraitində olduğu bir dövrdə hesabatın dərc edilmə vaxtının uğursuz seçildiyi barədə fikirlər yer alıb. İsrail üçün Demokratik Əksəriyyət (DMFI) təşkilatı hesabatla bağlı açıqlamasında bildirib: “Bu təklif ABŞ-İsrail münasibətlərinin 75 ildən artıq bir müddətdə formalaşmış təməl prinsipinə və İsrailin təhlükəsizliyinə yönəlik uzunmüddətli, qarşılıqlı faydalı öhdəliyə xəyanət deməkdir”.
Buna cavab olaraq, 2023-cü ildə 14 milyard dollarlıq İsrail yardım paketinə qarşı səs verən yeganə Respublikaçı Konqres Üzvü Tomas Massi “davamlı xarici yardım anlayışının ümumilikdə dayandırılması”nın lazım olduğunu Respublikaçılar tərəfindən açıq şəkildə müdafiə edən tək şəxs oldu. Bu rəqəm 2024-cü il yardım paketində 14 Respublikaçı Nümayəndələr Palatası üzvünə qədər artdı. Yaxın zamanda mövqeyini bir daha təkrarlayan Massi “Başqa ölkələrə yardım göndərmək üçün Çindən borc almamalıyıq” açıqlaması ilə post-modern təcridçi mövqeyində israrını davam etdirdi.
Tramp administrasiyası yenidən hakimiyyətə gəldiyindən bəri təkliflərinin çoxunu həyata keçirərək “Heritage” ilə yaxın münasibət saxlayır. Eyni şəkildə “Heritage Fondu” da Tramp administrasiyasının təhsil nazirliyinin ləğvindən, miqrant əleyhinə qanunlarla başladığı daxili təhlükəsizlik tədbirlərinə qədər bir çox qərarını birbaşa dəstəkləyir.
Ənənəvi xarici siyasi dili və təcridçi meylli mühafizəkar dünya görüşü ilə ikinci dəfə hakimiyyətə gələn Trampın bir çox siyasəti Amerika mühafizəkarlığının yeni bir tarixi dönüş nöqtəsindən keçdiyini göstərir. “Dəstək deyil, bərabərlik” deyən “Heritage” hesabatı isə yalnız ABŞ-İsrail münasibətlərinin maliyyə modelini deyil, həm də ideoloji əsasını sorğulayır. Bu baxımdan hesabat Vaşinqtonun bir əsrə yaxın davam edən İsrail yönümlü mövqeyinə qarşı ilk böyük mühafizəkar çağırışlardan biri olaraq qiymətləndirilir.
Asif Cəfərov
Ordu.az