Ağ Ev və Yerusəlim arasında gizli böhran: Tramp Netanyahuya qarşıdır?

2025/05/1747203433.jpg
Oxunub: 650     11:29     22 May 2025    
Dünya siyasətinin qeyri-müəyyənliklərlə dolu olduğu bir dövrdəyik. Xüsusilə ABŞ-də Donald Trampın ikinci dəfə prezident seçilməsi ilə birlikdə beynəlxalq münasibətlərdəki köhnə stereotiplər kökündən sarsılır. Hazırkı qlobal vəziyyət hər nə qədər çətin proqnozlaşdırılan, olduqca kompleks tənliklər doğurur və qeyri-mümkünlər mümkün olmağa başlayır kimi görünsə də, əslində bir çox dövlət və aktorun onillərdir doğru zamanı gözlədiyi hesablarının gerçəkləşməyə başladığını müşahidə edirik.

Gözlənilməz inkişaf: ABŞ-İsrail ayrılığı

Trampın yenidən prezident seçilməsi ilə bir çox analitik transatlantik ittifaqda çat yaratmasını gözləyirdi. Rusiya-Ukrayna müharibəsi fonunda hərbi və siyasi baxımdan ciddi zəiflikləri üzə çıxan Avropa ölkələrinin artıq ABŞ-yə əhəmiyyətli töhfə verə bilməyəcəyi aydın idi. Avropanın üzləşdiyi təhlükəsizlik böhranı və bu böhrana gətirib çıxaran idealist siyasi, iqtisadi və hərbi yanaşmalar ABŞ-nin Çinlə rəqabətində əlini gücləndirmədi. Nəticədə, ABŞ-nin Rusiya ilə birbaşa əlaqəyə üstünlük verəcəyi və Çinə qarşı fərqli strategiya yürüdəcəyi gözlənilən bir ssenari idi.

Lakin Qəzzada baş verən proses zamanı “Mən bir sionistəm”, “Yaxın Şərqdə İsrail adlı dövlət olmasaydı, biz onu yaradardıq” kimi fikirləri ilə tanınan, kabinetinin böyük hissəsi yəhudilərdən ibarət olan sabiq prezident Co Baydenin İsrail və Baş nazir Benyamin Netanyahu ilə münasibətlərinin gərginləşməsinin Tramp dövrünə də sirayət edəcəyi heç kimin gözləmədiyi bir vəziyyət idi.

Məqalələrimizdə Trampın Kennedi sui-qəsdi, Epşteyn işi, “Amerikanı amerikalılara geri qaytarmaq” şüarlarının təsadüfi olmadığını, Bayden seçkiləri uduzduqdan və Tramp qalib gəldikdən sonra da ABŞ ilə Netanyahu arasındakı gərginliyin davam edəcəyini vurğulamışdıq. Artıq problemlərin xalçanın altına süpürülə bilmədiyi bu dövrdə, ABŞ və Netanyahu arasındakı ixtilaflar da tarixdən çıxarılaraq gündəmə gətirilib.

ABŞ-nin institusional yaddaşına qısa baxış

Cəmiyyətdə tez-tez işlədilən “institusional nizam” anlayışı, ABŞ daxilindəki dərin strukturlarla bağlı iddialar, illərlə açıq şəkildə dilə gətirilməsə də pərdəarxası müzakirə edilən ABŞ-nin institusional yaddaşı artıq bu dosyaları açmağı bir azadlıq mübarizəsi kimi görür. Bu kontekstdə Trampın Kennedi sui-qəsdi ilə bağlı açıqlamaları arxasında Dimona nüvə obyektinin yoxlanması prosesi, “Amerikanı amerikalılara qaytarmaq” şüarının arxasında Niksonun yəhudi lobbiləri ilə bağlı gizli narahatlıqları və Epşteyn işi ilə bağlı təkrarlanan açıqlamalar olduqca diqqətçəkicidir.

Bu üç hadisənin ABŞ yaddaşında tutduğu yer bu gün Tramp və Netanyahu arasında dərinləşən gərginliyi anlamağın açarıdır. Kennedinin etirazına baxmayaraq İsrailin ABŞ-dən gizli şəkildə nüvə proqramına başlaması və nəticədə baş verən sui-qəsd ABŞ siyasi gündəmində illərdir dondurulmuşdu. Niksonun Yom Kippur Müharibəsində İsrailə verdiyi böyük dəstəyə baxmayaraq, pərdəarxasında İsrailin ABŞ-ni çətin vəziyyətə saldığına dair ifadələri də bu qəbildəndir. İkinci dövrünü böyük fərqlə qazansa da, Uterqeyt qalmaqalı ilə istefa verən Niksonun taleyi bu gün Trampın Netanyahuyla yaşadığı böhranı başa düşmək baxımından önəmli nümunədir.

Tramp Netanyahunu kənara çəkərək nə məqsəd güdür?

Bu gün hələ ictimaiyyətdən gizlədilməyə çalışılsa da artıq mediaya sızmağa başlayan məsələ ABŞ-nin Tramp xüsusi simasında İsraillə mübarizəsi kimi şərh edilə bilər. “The New York Times” qəzetində yayımlanan “İsrail hökuməti artıq bizim müttəfiqimiz deyil” başlıqlı köşə yazısından tutmuş İsrail mediasındakı “Tramp Netanyahudan bezdi” tipli başlıqlara qədər baş verənlər, illərlə səsləndirilməyən bəzi məsələlərin bugünkü nəticələri kimi oxunmalıdır.

Netanyahu kimi fraksiyaların ABŞ-yə qarşı sərgilədiyi kobud və təkəbbürlü davranışlar, İsrailin ABŞ-nin iradəsinə zidd şəkildə atdığı addımlar və qlobal sistem daxilində Vaşinqtonu çətin vəziyyətə salan strategiyalar Tramp tərəfindən qəbul edilmir. Trampın ikinci prezidentlik dövrünün əvvəlindən, hətta ilk dönəmindən bəri Netanyahuyla gərgin münasibətlər yaşadığı müxtəlif vəziyyətlərdə açıq görünmüşdü. Bu mənada Trampın addımlarında İsrail kontekstində “siyasi kapital toplama” cəhdi müşahidə edilir. Tramp İsrail-ABŞ münasibətlərini Netanyahu amilindən uzaqlaşdırmaq niyyətindədir.

O, artıq sözügedən siyasətlərin nəticəsini Orta Şərq və dünya ictimaiyyətində itirilmiş dəstək olaraq ödəmək və Çinə əlavə üstünlük vermək istəmir. Bu kontekstdə Trampın ABŞ adından başda husi hərəkatı, daha sonra HƏMAS ilə apardığı gizli anlaşmalar və Səudiyyə Ərəbistanı ilə bağlanması gözlənilən razılaşma üçün İsraillə normallaşma şərtinin Vaşinqton tərəfindən aradan qaldırılması bu siyasətin bir hissəsi kimi qiymətləndirilməlidir.

Trampın bu günə qədər İsrailə göstərdiyi sərt və şərtsiz dəstəyin əslində Netanyahuya qarşı həyata keçirmək istədiyi manevri legitimləşdirmək üçün olduğu artıq aydın görünür. Əgər husilər və HƏMAS-la edilən razılaşmalar Netanyahudan asılı olmadan uğurla davam edərsə və İranla ABŞ arasında aparılan danışıqlarda razılıq əldə olunarsa, bu zaman İsrailin nüvə proqramı və Qəzzada atəşkəs də razılaşma sənədinə daxil edilə bilər. Bu ssenari reallaşarsa, Tramp bölgədə itirdiyi ictimai dəstəyi atəşkəs razılaşması və Səudiyyə Ərəbistanı ilə müttəfiqlik mesajları vasitəsilə yenidən qazana bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Netanyahu  


Bizi "telegram"da izləyin