Lakin İsrailin bu cür açıq və hədəfli addımlarını yalnız bir etnik icmanın müdafiəsi kimi qiymətləndirmək sadəlövhlük olardı. İsrail üçün əsas məsələ Suriya cənubunda, xüsusilə Dəməşq ətrafında Türkiyənin təsiri altında olan silahlı qrupların mövcudluğudur. Əhməd əl-Şəraa və onun ətrafındakı qüvvələr uzun illərdir ki, Türkiyənin siyasi və hərbi dəstəyi ilə fəaliyyət göstərir. Bu dəstək təkcə taktiki deyil, həm də strateji xarakter daşıyır. Türkiyə öz sərhədinin yaxınlığında nəzarətli və etibarlı bir bufer zona formalaşdırmağa çalışır, bu isə onun milli təhlükəsizliyi və regiondakı nüfuzu baxımından əhəmiyyətlidir.
İsrailin baxış bucağından isə bu qruplar – xüsusilə druzlara qarşı mümkün təhdidlər yaradan silahlı birləşmələr – potensial təhlükədir. Təl-Əviv hesab edir ki, bu qüvvələr gələcəkdə İran tərəfindən manipulyasiya edilə və İsrailə qarşı yeni cəbhə formalaşdıra bilər. Belə bir ehtimal fonunda İsrailin regional balans yaratmaq cəhdləri özünü açıq göstərir. Druz icmasına verilən dəstək bəyanatları isə bu strategiyanın ideoloji və humanitar çərçivəsini təşkil edir, eyni zamanda beynəlxalq legitimlik qazanmaq üçün rıçaq funksiyası daşıyır.
Bu kontekstdə maraqlı məqam İsrail Baş naziri Benyamin Netanyahunun mayın 7-də planlaşdırılan Bakı səfəridir. Azərbaycan və Türkiyə arasında dərin strateji əlaqələrin mövcudluğu fonunda belə bir səfərdən öncə Dəməşqdə həyata keçirilən bu cür yüksək riskli əməliyyat, ilk baxışdan ziddiyyətli görünə bilər. Çünki İsrail, prinsip etibarilə, Azərbaycanın vasitəsilə Türkiyə ilə birbaşa qarşıdurmadan yayınmağa çalışır. Bununla belə, bu addımı Netanyahunun regional siyasətində təkcə hərbi deyil, həm də diplomatik çoxqütblü oyun qurduğunu göstərən sübut kimi dəyərləndirmək olar.
Təl-Əviv çox yaxşı anlayır ki, Bakı regional güc balansında mərkəzi oyunçulardan biridir. Azərbaycanın həm Türkiyə ilə yaxınlığı, həm də İsraillə strateji əməkdaşlığı bu ölkəni Qafqaz və Yaxın Şərq arasında körpü halına gətirir. Netanyahunun Bakı səfəri bu anlamda təkcə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi deyil, eyni zamanda Ankara ilə dolayı diplomatik koordinasiyanın təməli ola bilər. Digər tərəfdən, bu səfərin ABŞ-İran danışıqlarının növbəti mərhələsinin təxirə salındığı dövrə təsadüf etməsi də təsadüfi deyil. Bu, göstərir ki, bölgədə İranın təsir gücünü balanslaşdırmaq məqsədilə İsrail öz diplomatik kanallarını aktivləşdirir.
Nəticə etibarilə, Suriyada baş verənlər təkcə lokal qarşıdurma deyil, eyni zamanda regional güclərin maraq toqquşması və təsir dairələri uğrunda mübarizənin bir hissəsidir. İsrailin strateji hədəfi yalnız təhlükəni uzaqlaşdırmaq deyil, həm də bölgədə yeni bir təhlükəsizlik arxitekturası formalaşdırmaqdır. Bu arxitekturanın içində isə Türkiyənin iştirakı olmadan davamlılıq mümkün deyil. Azərbaycan bu arxitekturanın dinc və sabit regional modelə çevrilməsi üçün unikal imkanlara sahib vasitəçi rolu oynaya bilər.
Firuz Bağırov
Ordu.az