Tarixə yenidən baxış: ABŞ və Rusiya arasında nasizm üzərində qələbənin “müəlliflik davası

2025/05/1746248311.jpg
Oxunub: 788     20:21     03 May 2025    
“Mayın 8-ni İkinci, noyabrın 11-ni isə Birinci Dünya müharibəsində qələbə günü elan edirəm”, - ABŞ prezidenti Donald Tramp şəxsi sosial şəbəkəsində mayın 2-də belə yazıb. “Bir çox müttəfiq və dostlarımız mayın 8-ni Qələbə Günü kimi qeyd edir, lakin İkinci Dünya müharibəsində biz hər hansı digər ölkə ilə müqayisədə qat-qat çox iş görmüşük”, - deyə o əlavə edib.

Rusiyanın “RİA Novosti” dövlət agentliyi ABŞ prezidentinin bu tarixi-siyasi qiymətləndirməsini təqdim edərək əlavə edir ki, İkinci Dünya müharibəsi rəsmi olaraq 1945-ci il sentyabrın 2-də Yaponiyanın qeyd-şərtsiz təslim olması ilə başa çatıb. Bu fikir üstüörtülü olsa da, aydındır – Yaponiya ABŞ tərəfindən atom bombası ilə vurulsa da, nəticədə Sovet ordusunun “mərhəmətinə” təslim olub.

ABŞ prezidenti həmçinin Almaniyanın təslim olduğu konkret anı da qeyd edib: Mərkəzi Avropa vaxtı ilə 1945-ci il mayın 8-də saat 22:43, bu isə Moskva vaxtı ilə 00:43-ə təsadüf edir. SSRİ və onun varisi olan Rusiya buna görə faşizm üzərində qələbə gününü rəsmi olaraq mayın 9-da qeyd edir.

ABŞ prezidentinin bu paylaşımı şübhəsiz ki, siyasi məna daşıyır. Son günlərdə Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Prezidentin mətbuat katibi Dmitri Peskov ardıcıl olaraq bəyan ediblər ki, Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” nasizm meyillərini aradan qaldırmaq məqsədi daşıyır və bu ideologiya Ukrayna hökumətinə də təsir göstərir.

Donald Tramp sanki açıq şəkildə göstərir ki, nasizm üzərində qələbənin simvolu olan dəfnə çələngi Putinə məxsus deyil. Rusiya prezidenti özünü Avropanı azad etmiş dövlətin varisi və “harada olur-olsun nasizmin yenidən doğulmasına qarşı mübarizə aparmaq səlahiyyətinə malik lider” kimi təqdim edə bilməz.

ABŞ prezidentinin bu paylaşımı həm də Avropanın təhlükəsizliyinin təmin olunmasında Birləşmiş Ştatların davamlı rolunu vurğulayan bir siqnal kimi qəbul edilə bilər. Trampın bu tarixi-siyasi müraciəti, əslində, dünya nizamının “yeni memarlığı” məsələsində Rusiya və ABŞ arasında mövcud olan köklü fikir ayrılığını üzə çıxarır.

Rusiya mətbuatında yayımlanan onlarla yazının qeyri-rəsmi ipuçlarına əsaslansaq, “biznesmen Tramp üçün Avroatlantik dəyərlərin önəmli olmadığı” ilə bağlı ilkin təəssürat artıq Kreml üçün əsas xətt deyil. Görünür, son iki həftənin qapalı danışıqları bir nöqtəyə gəlib çatıb: ya Vladimir Putin ABŞ-nin atəşkəslə bağlı şərtlərini qəbul etməlidir, ya da özünü bununla bağlı yaranacaq nəticələrlə birlikdə panavropa müharibəsindən fayda götürmək istəyən tərəf kimi açıq şəkildə ifşa etməlidir.

Donald Trampın paylaşımı ABŞ milli təhlükəsizlik məsələləri üzrə baş müşaviri Uoltsun istefası ilə bağlı məlumatların fonunda səslənir. Yüksək vəzifəli şəxsin və ya şəxslərin vəzifədən uzaqlaşdırılmasının səbəbi barədə heç bir məlumat yoxdur. Lakin ABŞ-nin ixtisaslaşmış on mərkəzinin sorğularına əsasən, Trampın daxili və xarici siyasətinə ictimai dəstək yalnız 44-45 faiz səviyyəsindədir. Onun prezident kimi fəaliyyət göstərməsinin 100-cü günü isə mayın 20-də tamamlanır.

Tramp seçkiqabağı kampaniyasında “24 saata Rusiya-Ukrayna müharibəsini dayandıracağı” ilə öyünürdü, prezidentlik vəzifəsini icra etməyə başladıqdan sonra isə atəşkəsin əldə olunması üçün 90 günlük müddət təyin etmişdi. Amma praktikada heç nə alınmır. Çünki Kremlin şərti dəyişməz olaraq qalır: Kiyev yalnız Krımı deyil, həm də Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini Rusiyanın ərazisi kimi hüquqi olaraq tanımalıdır. Bu tələbi Vladimir Putin özünü Avropanı faşizmdən xilas etmiş dövlətin varisi kimi təqdim edərək irəli sürür.

ABŞ prezidenti sosial şəbəkədəki paylaşımı ilə ondan “qələbə dəfnəsi”ni alır. Bu yanaşma Rusiya-ABŞ danışıqlarında prinsiplərə və “metodologiyaya” təsir göstərə bilərmi? “Bloomberg” hesab edir ki, ABŞ üçün Vladimir Putini razı salmaq dövrü artıq başa çatıb.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Putin  


Bizi "telegram"da izləyin