Ordu.az xəbər verir ki, ABŞ-nin 57-ci Hava Hücumundan Müdafiə Artilleriya Alayının qoşunları “Afrika Aslanı 2025” təlimi üçün Tunisin “Ben Ghiluf” Təlim Mərkəzinə hava hücumundan müdafiə sistemini yerləşdirib.
Təlim çərçivəsində “Humvee”yə quraşdırılmış buraxılış qurğusu “Stinger” “yer-hava” raketini ataraq, qısa mənzilli HHM imkanlarını nümayiş etdirib.
ABŞ hərbi rəsmilərinin sözlərinə görə, atış təlimi “Avenger” HHM sisteminin çətin mühitlərdə çevikliyini, effektivliyini vurğulayıb və onun hətta Şimali Afrikanın çətin relyefində belə sürətli, mobil müdafiəni təmin edə biləcəyini sübut edib.
Qeyd edək ki, “Boeing” tərəfindən hazırlanmış “Avenger” ABŞ ordusunun təbəqəli HHM şəbəkəsinin əsas komponentidir.
Sistem pilotsuz uçuş aparatları, helikopterlər və yüngül təyyarələr kimi alçaq hündürlükdə təhlükələrin qarşısını almaq üçün nəzərdə tutulmuş 8 “Stinger” raketini daşıyır. Sistem, həmçinin yaxın məsafədən müdafiə üçün 12,7 mm-lik pulemyota malikdir və hərəkət edərkən, hədəfləri saatda 35 kilometrə (saatda 21,7 mil) qədər sürətlə vura bilir.
Bundan əlavə, “Avenger” daha yüksək dəqiqlik üçün qabaqcıl sensorlar, infraqırmızı kameralar və dost-düşmən identifikasiyası texnologiyası ilə təchiz edilib.
Sevinc Əliyeva
Ordu.az