Tramp və Zelenski razılaşması: ABŞ Ukraynanın nadir resurslarına çıxış əldə edir

2025/05/1746164147.jpg
Oxunub: 557     14:34     02 May 2025    
Birləşmiş Ştatlar və Ukrayna Vaşinqtonda nadir faydalı qazıntılarla bağlı razılaşma imzalayıblar. Razılaşmaya əsasən, Ukraynanın bərpası üçün fond yaradılacaq və həmin fond vasitəsilə ABŞ Ukraynada nadir faydalı qazıntılara çıxış əldə edəcək.

Bu, Vaşinqtonun uzun müddət Kiyevdən gözlədiyi bir razılaşmadır və Kiyev bunun müqabilində təhlükəsizlik zəmanətləri gözləyirdi. Təhlükəsizlik zəmanətləri barədə heç bir qeyd yoxdur. Lakin ABŞ prezidenti Tramp bəyan edib ki, ölkəsinin həmin iqtisadi resurslarla zəngin bölgələrdə iştirakı bu ərazilərin heç bir hədəfə çevrilməməsini təmin edəcək.

Başqa sözlə, Tramp bəyan edir ki, ABŞ Ukraynada öz maraqlarını qoruyacaq. Bu razılaşmanın imzalanması, görəsən, Ukrayna müharibəsinin sona yaxınlaşdığını göstərirmi? Bu, hələ açıq sualdır, çünki aydın deyil ki, nadir faydalı qazıntılarla bağlı ABŞ-nin gözləntilərindən başqa Kiyev atəşkəslə bağlı olan şərtlərlə razılaşıbmı?

Xatırladaq ki, aprelin 26-da Vatikan şəhərində Roma Papası Fransiskonun dəfn mərasimində Donald Tramp və Vladimir Zelenski arasında qısa görüş baş tutmuşdu. Görünür, məhz həmin – təxminən 15 dəqiqə davam edən görüşdə nadir faydalı qazıntılarla bağlı razılaşmanı imzalamaq məsələsi son olaraq həll edilib.

Gələcək inkişaf baxımından digər mühüm sual isə budur ki, bu razılaşmanın imzalanması ABŞ-nin Ukrayna prosesindən çıxmaq barədə daha əvvəl Trampın dediyi variantı artıq gündəmdən çıxarırmı? Tramp əvvəllər bildirmişdi ki, Kiyev və Moskva razılaşma nümayiş etdirməsələr, ABŞ prosesi tərk edə bilər. Əgər Vaşinqton nadir faydalı qazıntılarla bağlı Kiyevlə razılaşma imzalayırsa, bu, atəşkəsin nə vaxt əldə olunmasından asılı olmayaraq prosesdə qalacağı anlamına gəlir. Heç olmasa, məntiq bunu göstərir.

Bunu da əlavə etmək olar ki, Tramp bu açıqlamaları nəticəsində Kiyevdən nadir faydalı qazıntılarla bağlı razılaşmanı əldə etdi. Əks halda, o, prosesi tərk etməklə hədələyirdi ki, bu da Ukrayna üçün ciddi zərbə olardı. Bununla belə, əsas məsələ müharibənin davam etməsidir, çünki razılaşmanın icrası birbaşa olaraq müharibənin gedişindən asılıdır. Təbii ki, bu mərhələyə çatmaq üçün razılaşmanın Ukrayna parlamenti tərəfindən təsdiqlənməsi zəruridir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Zelenski  


Bizi "telegram"da izləyin