Ordu.az xəbər verir ki, bunu Türkiyəli astronavt Tuva Cihangir Atasever Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2025) çərçivəsində çıxışı zamanı deyib.
O, Türkiyənin həyata keçirdiyi mikroqravitasiya şəraitində tədqiqat proqramının əsas istiqamətləri barədə məlumat verib və bildirib ki, növbəti illərdə kosmosda müxtəlif texnoloji və biotibbi eksperimentlər planlaşdırılır.
“Kosmosda azaldılmış sedimentasiya şəraitindən istifadə edərək yeni nəsil akkumulyator texnologiyaları üzərində çalışacağıq. Bu sistemlərin enerji sıxlığını artırmaq üçün fərqli tərkiblərdə materiallar sınaqdan keçiriləcək. Yer üzündə 1G şəraitində bəzi mürəkkəb materialları hazırlamaq çətinlik yaradır. Ümid edirik ki, mikroqravitasiya şəraitində daha təmiz və effektiv materiallar əldə edəcəyik”, - deyə astronavt qeyd edib.
T.Atasever bildirib ki, Türkiyə kosmosda həyata keçiriləcək tədqiqatlarla insanlığa fayda verəcək yeni terapevtik vasitələrin, vaksinlərin və bəzi xərçəng müalicə üsullarının hazırlanması istiqamətində də addımlar atır:
“İnsan fiziologiyası üzrə eksperimentləri genişləndirmək, mövcud tədqiqatların dəqiqliyini artırmaq da hədəflərimiz sırasındadır”.
Astronavt bioistehsal sahəsində aparılan araşdırmaların xüsusilə maraq doğurduğunu vurğulayıb:
“Yer üzündə orqanoidlərin 3D-bioprinterlə çapında qravitasiya səbəbindən məhdudiyyətlər var. Lakin mikroqravitasiya şəraitində bu toxumaları daha böyük ölçüdə yetişdirmək və dərmanların onlarla qarşılıqlı təsirini modelləşdirmək mümkündür. Altsheimer xəstəliyinin inkişafını öyrənmək və qarşısını almağa yönəlmiş dərmanlar sınaqdan keçirilə bilər. 25 illik perspektivdə isə transplantasiya üçün həyat qabiliyyətli insan orqanlarının kosmosda 3D çapı mümkün ola bilər”.
T.Atasever, həmçinin mikroqravitasiya şəraitində bitki fiziologiyası və böyüməsi üzrə tədqiqatların da vacib olduğunu vurğulayıb:
“Bitkilərin bu şəraitdə necə inkişaf etdiyini öyrənməklə, astronavtların uzaq kosmos missiyalarında ehtiyaclarını qarşılaya və stressə qarşı dayanıqlılıq mexanizmlərini kənd təsərrüfatında tətbiq edə bilərik”.
Ordu.az