Rusiya nüvə silahı sınaqlarını bərpa edə bilər

2025/04/1745568999.jpg
Oxunub: 436     12:15     25 Aprel 2025    
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvanın nüvə sınaqlarına yenidən başlaya biləcəyi barədə xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə Şoyqu aprelin 24-də Rusiyanın TASS dövlət xəbər agentliyinə müsahibəsində bildirib.

Şoyqu vurğulayıb ki, Rusiyanın nüvə sınaqları ilə bağlı mövqeyi birbaşa ABŞ-nin bu sahədə atacağı addımlardan asılı olacaq.

Şoyqu ABŞ-nin nüvə arsenalındakı bəzi sistemlərin istifadə müddəti bitmək üzrə olduğunu, Vaşinqtonun yeni silah sistemləri üzərində işlədiyini və nüvə sınaqlarına doğru hərəkət edəcəyi təqdirdə Moskvanın “cavab addımları” ata biləcəyini bildirib.

Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi və dövlət atom enerjisi agentliyi “Rosatom” belə bir ehtimala hazırdır.

Son illərdə bir çox modernləşdirilmiş strateji silah sistemini inventarına əlavə etdiklərini bildirən Şoyqu, buna baxmayaraq, hazırda nüvə sınaqları keçirməyə “təcili ehtiyac” hiss etmədiklərini bildirib.

Qeyd edək ki, Rusiya Sovet İttifaqı dövründə sonuncu nüvə sınağını 1990-cı il oktyabrın 24-də Novaya Zemlya poliqonunda həyata keçirib. Sovet İttifaqından sonra Rusiya nüvə sınaqlarına birtərəfli moratorium qoymağa davam edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Nüvə   Sınaq  


Bizi "telegram"da izləyin