Ordu.az xəbər verir ki, BAHA Pilotsuz Uçuş Aparatı və “Sungur” raketinin Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verildiyi bildirilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri və nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk həftəlik mətbuat konfransında danışıb.
Türkiyə Quru Qoşunları Komandanlığına müxtəlif müdafiə sənayesi məhsullarının təhvil verildiyini bildirən Aktürk açıqlamasında bildirib:
“Milli, beynəlxalq gücümüzü və effektivliyimizi artırmaq üçün inkişaf etdirdiyimiz yerli, milli müdafiə sənayesi məhsulları ilə Türkiyə Silahlı Qüvvələrimizin imkan və qabiliyyətləri günü-gündən artır. Bu çərçivədə müxtəlif miqdarda Buludaltı Pilotsuz Uçuş Aparatı (BAHA) və “Sungur” raketi yoxlama və qəbul fəaliyyətləri tamamlandıqdan sonra Quru Qoşunları Komandanlığımız tərəfindən inventara qəbul edilib”.
ROKETSAN tərəfindən hazırlanan “Sungur” raketi HİSAR və “Stinger” layihələri əsasında istehsal edilib. Hərəkət edən hədəfləri təsirli şəkildə vura bilən sistem gecə-gündüz hədəfi aşkarlama, diaqnostika və tanınma xüsusiyyətləri ilə yanaşı, 360 dərəcə atış qabiliyyəti ilə də diqqət çəkir.
“Sungur”un maksimal mənzili 8 kilometrə, effektiv hündürlük diapazonu isə 4-4,5 kilometrə çatır. Raket Görüntüləyici İnfraqırmızı (IIR) Axtarış Başlığı texnologiyası sayəsində dördüncü nəsil MANPADS (Portativ Hava Hücumundan Müdafiə Sistemi) sinfində yer alır.
Sevinc Əliyeva
Ordu.az