Ordu.az xəbər verir ki, sərgidə Türkiyənin müdafiə sənayesi şirkətləri ilə İraq qurumları arasında əməkdaşlıq müqavilələri imzalanıb.
Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri və nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk həftəlik mətbuat brifinqində çıxış edərək, sərgi ilə bağlı aşağıdakı məlumatları verib:
“Milli müdafiə nazirimizin müavini Musa Heybət 19-22 aprel tarixləri arasında Bağdadda keçirilən IQDEX Beynəlxalq Müdafiə Sərgisində iştirak edib, nazirliyimizə bağlı ASFAT başda olmaqla, yerli və milli müdafiə sənayesi şirkətlərimizin stendlərini ziyarət edib, İraq Sənayeləşdirmə Təşkilatının vitse-prezidenti ilə “Niyyət Bəyannaməsi” imzalayıb”.
Kontr-admiral Aktürk sərgi çərçivəsində yeni sənaye əməkdaşlığının da qurulduğunu bildirib.
O, açıqlamasında qeyd edib: “Sözügedən sərgi çərçivəsində Nazirliyimizə tabe olan ASFAT və YDA-nın ortaqlığı ilə qurulan AYDA şirkəti ilə İraq Müdafiə Sənayesi Komitəsi arasında “Artilleriya Sursatlarının İstehsalının Yerliləşdirilməsi və Transferi” mövzusunda tərəfdaşlıq müqaviləsi imzalanıb”.
Sevinc Əliyeva
Ordu.az