“Göktürk-Y” layihəsi bütün sürəti ilə davam edir

2025/04/1745485061.jpg
Oxunub: 666     15:56     24 Aprel 2025    
Türkiyə Silahlı Qüvvələrinin yerli texnologiyalarla kosmosdan yüksək keyfiyyətli görüntülər əldə etmək qabiliyyətini qorumaq məqsədilə başlanan “Göktürk-Y” Yeniləmə Kəşfiyyat və Müşahidə Peyk Sisteminin İnkişafı Layihəsi daha bir mühüm həddi keçib.

Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) koordinasiyası ilə həyata keçirilən layihə çərçivəsində 2025-ci ildən etibarən müxtəlif struktur və ekoloji sınaq proseslərinə başlanılıb.

Layihənin sınaq prosesi Kosmik Sistemlərin İnteqrasiya və Sınaq (USET) Mərkəzində davam edir.

Termal vakuum, kütləvi xüsusiyyət ölçmələri, akustika, sinus vibrasiyası və statik yoxlama sınaqları kimi kritik mərhələlər 2025-ci ilin yanvarında başladılıb.

Peykdəki bütün alt sistemlərin performansı və davamlılıq səviyyəsi bu sınaqlarla yoxlanılır.

Türkiyə MSK sədri Haluk Görgün layihənin gedişatını şəxsən yerində araşdırıb. O, sosial şəbəkədə bu barədə açıqlama verib:

“Göktürk-Y” sayəsində əldə edəcəyimiz çox yüksək ayırdetmə qabiliyyətinə malik görüntüləmə qabiliyyəti “Göktürk-1” peykinin missiya müddəti bitdikdə, fasiləsiz davam edəcək. Yerli resurslar hesabına peyklər, stasionar və daşınan yerüstü stansiyalar, buraxılış əməliyyatları, inteqrasiya olunmuş logistik dəstək fəaliyyətləri və digər zəruri sistemlər hazırlanır”.

Çapı təxminən 2,5 metr, hündürlüyü 4,5 metr və çəkisi 1,3 ton olan “Göktürk-Y” peykinin Termal Struktur Yetərlilik Modeli 31 paneldən, 38 müxtəlif tipli ümumi 87 avadanlıqdan, naqil və istilik avadanlığı komponentlərindən ibarətdir.

Peykdə istifadə olunacaq elektro-optik kamera və digər alt sistemlər də yerli imkanlar hesabına hazırlanır.

Tamamlandıqdan sonra “Göktürk-Y” yüksək ayırdetmə, çeviklik, inkişaf etmiş dözümlülük və optimal missiya müddəti kimi xüsusiyyətləri ilə Türkiyənin kosmos kəşfiyyatı və müşahidə qabiliyyətinə qabaqcıl töhfə verəcək.

Layihə həm də kosmik texnologiyalarda xarici asılılığın azaldılması və kritik texnologiyaların yerliləşdirilməsi istiqamətində strateji addım kimi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Göktürk-Y  


Bizi "telegram"da izləyin