Dəniz Sərhədləri Planı Xəritəsi
Yunanıstan 16 aprel çərşənbə günü “Dəniz Sərhədləri Planı Xəritəsi”ni (Maritime Spatial Planning Map) nəşr etdi və nəşr etdiyi bu xəritədə Türkiyənin dəniz yurisdiksiyasını heçə sayaraq öz birtərəfli mövqelərini əks etdirdi. Bu xəritəyə əsasən, Egey dənizində Yunan adalarına 12 mil (dəniz mili) olmaqla bir yurisdiksiya sahəsi tanınıb. Əgər bu tətbiq bütün adalara şamil edilərsə, Egey dənizinin 70 faizindən çoxu Yunanıstanın hakimiyyətinə keçmiş olacaq. Belə bir bölgü, normalda beynəlxalq sular hesab ediləcək dəniz sahələrini ölçüsüz şəkildə məhdudlaşdırır və dənizlərdə naviqasiya azadlığını məhdudlaşdırır. Eyni zamanda, dəniz resurslarından istifadə sahəsində də Türkiyə ilə Yunanıstan arasında ədalətsiz nəticələr doğurur. Yunanıstan, hal-hazırda 6 mil olaraq tətbiq etdiyi sahil sularını hər fürsətdə 12 milə çıxarmaq istəyir.
Yunanıstanın 1982-ci il BMT Dəniz Hüququ Konvensiyasına baxışı
Yunanıstan 1982-ci il tarixli Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyasına tərəf olduqdan sonra konvensiyada yer alan 12 mil yuxarı limitinin onların “təbiətə uyğun hüququ” olduğunu iddia edir. Türkiyə isə Egey dənizində Türkiyə materikinə çox yaxın Yunan adalarının mövcudluğunu əsas gətirərək, dünyadakı digər oxşar nümunələrdə olduğu kimi məsələnin Türkiyə ilə Yunanıstan arasında ədalətli bir razılaşma çərçivəsində həll olunmalı olduğunu bildirir. Türkiyə bu Konvensiyaya tərəf olmadığı kimi, Egey dənizində 12 mil sahil sularının tətbiqinə həm əvvəl, həm də sonra ardıcıl şəkildə etiraz edib və bu bölgədə regional adət hüququnun formalaşmasının qarşısını almağa çalışıb.
Türkiyə 1995-ci ildə Yunanıstanın “sahil sularını 12 milə qədər çıxara biləcəkləri” ilə bağlı qərarına cavab olaraq, həmin il Türkiyə Böyük Millət Məclisində (TBMM) “casus belli” (müharibə səbəbi) kimi tanınan qərarı qəbul edibr. Bu qərara əsasən, əgər Yunanıstan sahil sularını 12 milə çıxararsa, TBMM Türkiyə hökumətinə hərbi tədbirlər də daxil olmaqla, bütün lazımi tədbirləri görmək üçün səlahiyyət verib. Hal-hazırda Türkiyə də Egey dənizində 6 mil sahil suları tətbiq edir. Yunanıstan isə zaman-zaman siyasi açıqlamalar və ya xəritələr və planlarla 12 mil hədəfini gündəmə gətirsə də, bunu həyata keçirə bilməyib.
Hüquqi baxış
BMT Dəniz Hüququ Konvensiyasının sahil suları ilə bağlı maddəsi beynəlxalq adət hüququ qaydasıdır və sahil sularının yuxarı həddi maksimum 12 mil ola bilər. Bildirmək lazımdır ki, bu 12 mil yalnız bir limitdir, dövlətlər dənizlərin xüsusiyyətinə uyğun olaraq daha aşağı bir sahil suyu sərhədi müəyyən edə bilərlər. Ancaq heç bir halda bu limit 12 mili keçə bilməz. Bu baxımdan Yunanıstanın iddia etdiyi kimi, konvensiya avtomatik olaraq 12 mil hüququ vermir, əksinə, şərait uyğun olduqda 12 milə qədər uzatmağa icazə verir.
Bu gün bir çox dövlət digər sahilyanı dövlətlərin hüquqlarını pozduğu üçün 12 mili tətbiq etmir və daha aşağı sahil suyu sərhədi müəyyənləşdirir. Üstəlik, Türkiyə artıq beynəlxalq hüquqda mövcud olan “ısrarlı etiraz” (persistent objection) qaydasına əsaslanaraq Egey dənizi üçün 12 mil qaydasına hər zaman qarşı çıxıb və regional bir adət hüququnun formalaşmasının qarşısını alıb. Əgər bir adət hüququ qaydası formalaşarkən bir dövlət bu qaydaya israrla qarşı çıxır və rədd edirsə, o dövlət həmin qayda ilə bağlı öhdəlik daşımır. Bu mənada, Yunanıstanın israrla irəli sürdüyü “12 mil sahil sularının beynəlxalq adət hüququndan doğan hüquq” olduğu iddiası Egey dənizində keçərli deyil. Halbuki hər iki dövlət 6 mil sərhədi tətbiq etməkdədir və Egey dənizindən istifadə edən digər dövlətlərə də 6 mil əsaslı yanaşma tətbiq olunur. Əgər regional bir adət hüququndan danışılacaqsa, 6 mil tətbiqi daha uyğun bir regional adət hüququ formalaşdırma potensialına sahibdir.
Ədalət və müvazinət prinsipi
Hüququn ümumi prinsiplərindən biri də “öz hüququndan istifadə edərkən, başqasının öz hüququndan istifadə etməsini çətinləşdirməməkdir”. Türkiyə Egey dənizindəki minlərlə adanın özəlliyinə görə bu məsələnin razılaşma yolu ilə həll edilməsinin vacib olduğunu müdafiə edir. Yunanıstan isə Türkiyə ilə bu cür bir razılaşma yoluna getmək istəmir və əvəzində İtaliya, Misir və İsraillə dəniz yurisdiksiyası razılaşmaları imzalayıb. Üstəlik, Misirlə bağladığı razılaşma Türkiyənin dəniz yurisdiksiyasını da pozur. Türkiyə bu razılaşmanın tərəfi olmadığından öz hüquqlarını qoruyur. Bu baxımdan, bəzi razılaşmalar Türkiyə nəzərə alınmadan həyata keçirildiyi üçün Yunanıstan üçün mənfi nəticələrə belə çevrilib.
Beynəlxalq məhkəmə qərarları və presedentlər
Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) bir çox qərarında sahilyanı dövlətlər arasında razılaşmaların əhəmiyyətinə diqqət çəkib və ən düzgün həll yolunun razılaşma yolu ilə əldə olunacağını vurğulayıb. Yunanıstanın bölgənin ən böyük sahilyanı dövləti olan Türkiyəni nəzərə almadan digər bölgə ölkələri ilə razılaşma imzalaması Türkiyə üçün hüquqi öhdəlik yaratmır. Hətta razılaşma olmasa belə, məhkəmənin digər dövlətlərlə bağlı qərarları Türkiyənin bir çox mövqeyini dəstəkləyir. Məhkəmə qarşısına çıxan dəniz yurisdiksiyası mübahisələrində dənizin coğrafi vəziyyətini, adaların mövcudluğunu, digər sahilyanı dövlətə yaxın olan adaların mövqeyini nəzərə alaraq ədalətli bir həll yoluna çatmağa çalışır və avtomatik olaraq 12 mil tətbiqini rədd edir. Məhkəmə bir çox qərarında digər sahilyanı dövlətin dəniz yurisdiksiyası sahəsində yerləşən adaların dəniz yurisdiksiyasının məhdudlaşdırılması lazım olduğunu müdafiə edib. Bu baxımdan, Meis adası kimi Türkiyə materikinə çox yaxın olan adalara tam dəniz yurisdiksiyası vermək mümkün deyil. Belə bir vəziyyətin məhdudlaşdırılması məhkəmə qərarlarına görə sahilyanı dövlətlərin hüquqlarının tarazlaşdırılması baxımından daha ədalətli nəticə verəcək.
Gərginliyin artması və Aİ-nin rolu
Yunanıstan Türkiyə ilə razılaşma yolu ilə getmək əvəzinə son illərdə gərginliyi artıran addımlar atmağa davam edir. Bu vəziyyətin yaranmasında Yunanıstanın Aİ-yə olan inamının və Aİ-dən aldığı cəsarətin də rolu böyükdür. Halbuki Aİ-nin iki ölkə arasında olan dəniz yurisdiksiyası mübahisəsində hüquqi baxımdan söz haqqı yoxdur. Egey dənizində Türkiyəsiz bir həll yoluna çatmaq mümkün deyil. Çünki Türkiyə bölgənin ən güclü dövlətlərindən biridir və Egey dənizinə yüzlərlə kilometr sahili olan bir dövlətdir. Yunanıstanın Misir kimi dövlətlərlə razılaşmalar bağlaması və ya zaman-zaman öz mövqelərinin yer aldığı xəritə və planlar yayması problemin həllinə kömək etmədiyi kimi, Türkiyə ilə arasındakı gərginliyi də artırır. Üstəlik, Yunanıstan Türkiyə materikinə yaxın və silahsızlaşdırılmış statusa malik bəzi adaları zaman-zaman silahlandıraraq gərginliyi artırır. Xroniki problem halına gəlmiş Egey dənizi mübahisəsinin bu şəkildə həlli mümkün deyil.
Aİ bir tərəfdən yeni təhlükəsizlik düsturunda Türkiyənin yanında yer almasını istəyir, digər tərəfdən isə Yunanıstanın mövqelərini dəstəkləyir. Aİ bu mövqeyindən əl çəkməli və Yunanıstanın məqbul bir həll yolunu qəbul etməsini təmin etməlidir. Türkiyə də Yunanıstanla problemləri həll edilmədikcə Aİ-yə şərtsiz dəstək verməməlidir. Nəticədə Yunanıstanın Türkiyə ilə razılaşmaqdan başqa həll yolu yoxdur. Beynəlxalq hüququn məqsədlərinə ən uyğun olan da sülh yolu ilə həll yoludur.
Asif Cəfərov
Ordu.az