Qırğızıstana Cənubi Koreyadan 2 ədəd KUH-1 helikopteri tədarük edilib

2025/04/1745482973.jpg
Oxunub: 582     18:51     24 Aprel 2025    
Qırğızıstan Cənubi Koreyadan iki ədəd KUH-1 tipli helikopter tədarük edib. Ümumi dəyəri 71 milyon ABŞ dolları olan bu helikopterlər ölkənin mövcud axtarış-xilasetmə aviasiya parkına daxil ediləcək.

Ordu.az Qırğızıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Cənubi Koreyadan alınan helikopterlər axtarış-xilasetmə versiyalarıdır və daha əvvəl inventara daxil edilən bir H-125 və bir H-145 model helikopterlə birlikdə fəaliyyət göstərəcək. 71 milyon dollarlıq bu alışın (təxminən 6,5 milyard Kırğız somu) Cənubi Koreya tərəfindən təmin ediləcək kredit vasitəsilə maliyyələşdiriləcəyi qeyd olunub.

Qeyd edək ki, ölkənin axtarış-xilasetmə aviasiya imkanları 2023-cü ilin aprel ayında Rusiya tərəfindən hədiyyə olunan Mi-8MTV-1 tipli helikopterlə də gücləndirilmişdi.

KUH-1 texniki xüsusiyyətləri

İlk uçuşunu 2010-cu ilin mart ayında həyata keçirən KUH-1 helikopteri 2013-cü ilin mayında Cənubi Koreya ordusunun istifadəsinə verilib. AS-332 “Super Puma” dizaynı əsasında inkişaf etdirilən bu helikopter maksimum 8.709 kq qalxma çəkisinə və 2.700 kq faydalı yük daşıma qabiliyyətinə malikdir. Ümumilikdə 18 nəfərə qədər personal daşıya bilir.

İki ədəd 1.855 at gücündə T700-701K mühərriki ilə təchiz olunmuş KUH-1 saatda 283 km maksimal sürətə çata bilir. Helikopterin standart uçuş məsafəsi 828 km, maksimum əməliyyat hündürlüyü isə 4.595 metr kimi qeyd olunur.

Helikopterin silahlı versiyasında pulemyot podları, idarəolunan və idarəolunmayan raketlər, həmçinin tank əleyhinə raketlər mövcuddur. Lakin Qırğızıstana təhvil verilən KUH-1 helikopterlərinin yalnız axtarış-xilasetmə və humanitar vəzifələrdə istifadə ediləcəyi rəsmi şəkildə açıqlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırğızıstan   Cənubi-Koreya   KUH-1  


Bizi "telegram"da izləyin