Polşanın artan müdafiə xərcləri yerli istehsalı artıra bilmir – ƏTRAFLI

2025/04/1745481881.jpg
Oxunub: 576     17:22     25 Aprel 2025    
Polşa Rusiyanın 2022-ci ildə Ukraynanı genişmiqyaslı işğalından sonra müdafiə xərclərini ciddi şəkildə artıraraq ÜDM-in 4,7%-nə çatdırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, milyardlarla dollarlıq bu xərclərin böyük hissəsi ölkənin dövlət dəstəkli müdafiə sənayesi nəhəngi PGZ-yə (Polska Grupa Zbrojeniowa) deyil, xarici şirkətlərə yönəlib.

Polşanın müdafiə ixracı

Polşa Müdafiə naziri Vladislav Kosinyak-Kamışın sözlərinə görə, isveçli həmkarı ilə görüşdə İsveçin Polşaya çoxlu sayda hərbi məhsul satdığını bildirən Conson “Biz nə ala bilərik?” deyə soruşub. Kosinyak-Kamış isə Polşanın ixrac edə biləcəyi ən önəmli məhsulun “Piorun” daşınan hava hücumundan müdafiə sistemi olduğunu vurğulayıb. Lakin istehsal gücünün yetərsizliyindən tələbi qarşılamaq mümkün deyil, yeganə istehsal xətti tam doludur.

Polşanın yerli müdafiə istehsalında yaşadığı tıxanma Avropanın bir çox ölkəsində də müşahidə olunan daha geniş bir problemin əksidir: Artan müdafiə büdcələri daxili istehsala kifayət qədər təsir etmir. PGZ 50 şirkətdən ibarət böyük bir müdafiə qrupu olsa da, planlama çatışmazlığı, investisiya gecikmələri və idarəetmə problemləri səbəbindən bu potensial reallaşmır.

Layihələrdə gecikmələr yaşanır

Polşanın 2025-ci ilə qədər ildə 150.000 ədəd 155mm NATO standartı artilleriya mərmisi istehsal etmək hədəfi var idi. Lakin bu hədəf 2028-ci ilə ertələnib. Çünki “Mesko” zavodunda həyata keçirilməsi planlaşdırılan barıt istehsalı layihələri - “Layihə 44.7” və “Layihə 400” - hələ də işə salınmayıb. Audit hesabatlarına görə, avadanlıq alınıb, amma fabriklərin inşası baş tutmayıb, layihələr daim gecikdirilib və idarəetmədəki qeyri-sabitlik prosesi ləngidib.

2022-ci ildən bəri Almaniyanın “Rheinmetall” şirkəti iri kalibrli sursat istehsalını on dəfə artıraraq illik 750.000 ədədə çatdırdığı halda, Polşa eyni tutumda istehsal təmin edə bilmir. Mütəxəssislər bu vəziyyəti Avropanın şərqində yerləşən bir cəbhə ölkəsi üçün təhlükəli zəiflik hesab edir.

PGZ-nin yerli istehsalda bəzi uğurları da olub. 96 ədəd “Krab” özüyeriyən haubitsa üçün 16 milyard zlotı dəyərində müqavilə imzalanıb. PGZ-yə bağlı “Jelcz” firması isə Cənubi Koreyanın “Hanwha Aerospace” şirkətinin hazırladığı “Chunmoo” raket sistemlərini Polşa istehsalı nəqliyyat vasitələrinə inteqrasiya edir. Bundan əlavə, “WB Electronics” şirkəti də “Chunmoo” raketləri üçün yerli istehsal müqaviləsi imzalamaq məqsədilə “Hanwha” ilə danışıqları davam etdirir.

Lakin bu uğurlar, müdafiə xərclərinin böyük hissəsinin hələ də xaricə getməsinin qarşısını ala bilməyib. 2023-cü ildə Polşanın müdafiə ixracatı cəmi 1,74 milyard avro səviyyəsində olub.

Hökumət yeni addımlar atır

Yeni koalisiya hökuməti, PGZ-nin yalnız Polşa ordusuna istehsal yönümünü dəyişdirməyi və şirkəti daha çox ixracata fokuslanan bir quruma çevirməyi hədəfləyir. Bu çərçivədə, istehsal icazələrini asanlaşdıran və Aİ fondlarının istifadəsi qarşısında maneələri azaldan yeni bir qanun layihəsi hazırlanaraq Parlamentə təqdim edilib.

2024-cü ilin noyabrında, 2028-ci ilə kimi başa çatdırılması planlaşdırılan yeni bir sursat zavodu üçün 3 milyard zlotı büdcə ayrılıb. Həmçinin, “Piorun” istehsal xəttinin genişləndirilməsi də planlara daxil edilib.

Mütəxəssislər hesab edir ki, Polşa yalnız idxal yolu ilə müdafiə təmin edə bilməz. Şərqi Avropadakı cəbhə ölkələrindən biri kimi Polşanın çəkindiricilik gücünə malik olması üçün yalnız ordu və texnika deyil, güclü istehsal infrastrukturuna da ehtiyacı var.

“Centre for Eastern Studies”dən Robert Pszczelin fikrincə, Polşa bir cəbhə ölkəsidir. “Tammiqyaslı bir müharibəni istisna edə bilmərik. Ən yaxşı müdafiə güclü çəkindiricilikdir. Və bu, genişmiqyaslı istehsal gücü olmadan mümkün deyil”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Müdafiə   Xərc  


Bizi "telegram"da izləyin