İspaniya müdafiə xərclərini artırmaq planını açıqlayıb

2025/04/1745481642.jpg
Oxunub: 552     17:16     25 Aprel 2025    
İspaniya Baş naziri Pedro Sançes 11,2 milyard dollar dəyərində yeni Təhlükəsizlik və Müdafiə Sənayesi və Texnologiya Planının təsdiqlənməsindən sonra verdiyi açıqlamada İspaniyanın müdafiə xərclərini 2025-ci ilin sonuna qədər ümumi daxili məhsulun (ÜDM) 2%-nə çatdıracağını bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Madriddə keçirilən Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Sançes bu planın İspaniyanın NATO qarşısında öhdəliklərini “rekord müddətdə” yerinə yetirməsinə imkan verəcəyini deyib.

Plan həyata keçirildikdə, ümumi müdafiə və təhlükəsizlik xərcləri bu il 33,123 milyard avroya çatacaq və hazırkı xərclər ÜDM-in təxminən 1,4%-indən alyansın 2%-lik meyarına yüksələcək.

Sançes jurnalistlərə bildirib: “Bu plan sabah texniki və büdcə baxımından qiymətləndirilməsi üçün Avropa Komissiyasına və NATO-ya Brüsselə göndəriləcək”.

Sançes əlavə edib ki, yeni müdafiə planı qlobal qeyri-sabitlik dövrünü İspaniya iqtisadiyyatını və sənaye inkişafını artırmaq üçün bir fürsətə çevirməyi hədəfləyir.

Hökumətin proqnozlarına əsasən, ÜDM-də 0,7%-ə qədər artım, tədqiqat və inkişafda 18%-lik artım və 100.000 nəfərlik yeni məşğulluq yaradılması nəzərdə tutulur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   MN   Xərc  


Bizi "telegram"da izləyin