Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “T625 Gökbey” Ümumi Məqsədli Helikopterinin mülki konfiqurasiyası üçün Mülki Aviasiya Baş İdarəsi tərəfindən TUSAŞ-a İstehsalat Təşkilatı Təsdiqi (Production Organisation Approval/POA) sertifikatı verilib.
2020-ci il iyulun 24-də TUSAŞ “T625 Gökbey” Mülki Helikopter layihəsi üçün İstehsal Təşkilatı Təsdiqi sertifikatını almaq üçün Mülki Aviasiya Baş Müdirliyinə müraciət edib və 2021-2024-cü illər arasında səlahiyyətli orqan tərəfindən müxtəlif yoxlamalara məruz qalıb.
TUSAŞ Keyfiyyət İdarəetmə Sistemi, istehsal prosesləri və uçuş fəaliyyətlərinin ətraflı şəkildə araşdırıldığı yoxlamalardan sonra “Gökbey” Layihəsi 2024-cü il dekabrın 30-da sözügedən sertifikatı almaq hüququ qazanıb.
Hava platformasının müəyyən təhlükəsizlik, performans və tənzimləmə tələblərinə uyğun olduğunu sübut edən rəsmi təsdiq olan bu sənəd TUSAŞ-ın etibarlılığını daha da yüksək səviyyələrə qaldıracaq və “T625 Gökbey” Mülki Helikopterinin kommersiya əməliyyatlarında istifadəsinə imkan verəcək.
Bundan əlavə, “T625 Gökbey” Mülki Helikopterinin daha geniş auditoriyaya çatmasına, böyük bazarlara çıxışına yol açacaq və beləliklə, TUSAŞ-a bu bazarlarda rəqabət üstünlüyü təmin edəcək.
Sevinc Əliyeva
Ordu.az