Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Sərgidə nümayiş olunan stendlərin ölçüsü və çeşidi, təklif olunan məhsul, xidmət və texnologiya zənginliyi təkcə qitənin ən böyük bazarı olan Braziliya ilə deyil, həm də döyüş təyyarələri, döyüş gəmiləri və zirehli vasitələr kimi bir çox hərbi texnikasını yeniləmək prosesində olan digər Cənubi Amerika ölkələri ilə bağlanmış və ya aparılan bir çox iş müqavilələri ilə diqqəti cəlb edib.
İspaniyada yerləşən “Infodefensa” Braziliyanın Türkiyənin bir çox müdafiə sənayesi məhsullarına marağına diqqət çəkib və mümkün əməkdaşlıqları qiymətləndirib.
Sərginin rəsmi açılışından əvvəl ilk mərasim Türkiyə və Braziliya hökumətlərinin yüksək səviyyəli rəsmiləri ilə Braziliyanın “Embraer” və Türkiyənin TUSAŞ şirkətləri arasında keçirilib.
Müqavilə TUSAŞ-ın “Embraer”in “E2 E-Jet” kommersiya təyyarəsi xəttinə investisiyasını əhatə edir. Bu yolla TUSAŞ bu regional sərnişin təyyarələrinin qlobal tədarük zəncirinə qoşulmaq və sənaye imkanlarını artırmaq istəyir.
Müdafiə sektorunda bu müqavilə Türkiyəyə “Embraer”in iki mühərrikli hərbi nəqliyyat təyyarəsi “KC-390 Millenium”u sifariş etmək və istehsal etmək imkanı verə bilər. Digər tərəfdən, Braziliya “Baykar”ın uğurlu yerli istehsal olan Pilotsuz Uçuş Aparatları (PUA) ilə maraqlanır.
Bu platformalara stels tipli reaktiv mühərrikli pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”, iki mühərrikli zərbə PUA-sı “Bayraktar Akıncı” və MALE sinfinə məxsus “Bayraktar TB2” daxildir. TB2 Suriya və Ukrayna kimi müxtəlif döyüş meydanlarında uğurunu sübut edib.
Sevinc Əliyeva
Ordu.az