Böyük Britaniya PUA-ların istehsalını genişləndirəcək

2025/04/1745059562.jpg
Oxunub: 411     13:16     25 Aprel 2025    
Böyük Britaniya hökuməti qlobal təhlükəsizlik çağırışları və müasir hərbi tələblərə cavab olaraq ölkədə Pilotsuz Uçuş Aparatlarının (PUA) istehsalını əhəmiyyətli dərəcədə artırmaq qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu təşəbbüs çərçivəsində ölkə həm kəşfiyyat, həm də hücum məqsədli PUA sistemlərinin yerli istehsal imkanlarını genişləndirəcək.

Britaniya Müdafiə Nazirliyi bu qərarın təkcə ordunun texnoloji imkanlarını genişləndirmək deyil, eyni zamanda müdafiə sənayesində yerli istehsalın rolunu artırmaq məqsədi daşıdığını bildirib.

PUA istehsalının artırılması ölkənin “Milli Müdafiə və Təhlükəsizlik Strategiyası” çərçivəsində irəli sürülüb. Strategiyaya əsasən, 2030-cu ilə qədər Birləşmiş Krallıq ordusunda müxtəlif tipli PUA-ların sayı ikiqat artırılacaq. Əsas prioritetlərdən biri isə süni zəka ilə təchiz edilmiş və döyüş meydanında avtonom şəkildə fəaliyyət göstərən sistemlərin inkişaf etdirilməsidir.

Qeyd olunur ki, bu təşəbbüs “Tempest” proqramı ilə paralel həyata keçiriləcək və “Team Tempest” konsorsiumuna daxil olan “BAE Systems”, “Leonardo” və “Rolls-Royce” şirkətləri PUA texnologiyalarında da birgə çalışacaq. Yeni sistemlərin ilk nümunələrinin 2026-cı ildə təqdim olunacağı gözlənilir.

Ekspertlər hesab edirlər ki, bu qərar Birləşmiş Krallığın NATO daxilində texnologiya və hava üstünlüyü sahəsində liderliyini qorumaq üçün strateji addımdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   PUA  


Bizi "telegram"da izləyin