Yunanıstan PULS raket sistemini niyə alır?

2025/04/Ekran-1745059457.jpg
Oxunub: 484     12:58     25 Aprel 2025    
Yunanıstan İsrailin müdafiə sənayesinə məxsus “Elbit Systems” şirkəti tərəfindən istehsal olunan PULS (Precise & Universal Launching System) raket sistemini satın almağa qərar verib. Bu silah sisteminin alınması Yunanıstanın artan regional təhlükəsizlik çağırışları və müasir texnologiyalara keçid strategiyası ilə əlaqələndirilir.

Ordu.az xəbər verir ki, Yunanıstan Müdafiə Nazirliyi PULS sisteminin müxtəlif növ raketlər atmaq qabiliyyətinə malik olması, eyni platformada 18 km-dən 300 km-ə qədər mənzilli silahların istifadə edilə bilməsi və modulyar struktura sahib olması səbəbilə bu seçimi etdiyini açıqlayıb.

PULS çoxnövlü raket buraxılış sistemi Yunanıstan Silahlı Qüvvələrinin alacağı 5-ci nəsil yüksək dəqiqlikli uzaqmənzilli zərbə imkanlarını artıracaq. Sistem “Accular”, “Extra”, “Predator Hawk” və digər kalibrli raketlərlə işləyə bilir. Bu da ona həm yaxın döyüş, həm də strateji dərinlikdə hədəfləri vurmaq imkanı verir.

Mütəxəssislər qeyd edirlər ki, bu sistem Türkiyənin “T-122 Sakarya” və “T-300 Kasırğa” raket sistemlərinə qarşı balans yaratmaq üçün nəzərdə tutulub. Yunanıstan regionda bu tip sistemlərə malik olan nadir ölkələrdən biri olmaqla öz raket artileriya imkanlarını əhəmiyyətli dərəcədə modernləşdirir.

PULS sistemlərinin ilk partiyasının 2025-ci ilin sonuna qədər Yunanıstan ordusuna təhvil verilməsi planlaşdırılır. Əməliyyatlar üçün ayrılmış heyətin İsraildə hazırlıq mərhələsinə cəlb olunacağı da qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   PULS  


Bizi "telegram"da izləyin