Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyə Müdafiə Sənayesi Komitəsinin liderliyi ilə həyata keçirilən “Akıncı” Layihəsi çərçivəsində milli və yerli olaraq “Baykar” tərəfindən inkişaf etdirilən “Bayraktar Akıncı” zərbə PUA-sı 100 min uçuş saatını müvəffəqiyyətlə tamamlayıb və Türkiyə aviasiya tarixində daha bir mühüm mərhələni geridə qoyub.
“Baykar”ın 11 ölkə ilə ixrac müqaviləsi imzaladığı “Bayraktar Akıncı” dünyanın bir çox fərqli yerində səmərəli xidmətini davam etdirir.
“Bayraktar Akıncı” zərbə PUA-sı 2024-cü il mayın 19-da İran prezidenti İbrahim Rəisi və nümayəndə heyətini daşıyan helikopterin qəzaya uğramasından sonra axtarış-xilasetmə işlərində mühüm rol oynayıb.
Türkiyədən havaya qalxaraq, qısa müddətdə qəza yerinə çatan “Bayraktar Akıncı” sıx dumana, güclü küləyə və dağlıq əraziyə baxmayaraq, dağıntıları aşkar etmək üçün 300 metr yüksəkliyə enərək, xidmətini fasiləsiz davam etdirib.
PUA gecəgörmə qabiliyyəti və qabaqcıl sensorlar sayəsində helikopterin qalıqlarının yerini təyin edib və koordinatları İran hakimiyyətinə ötürüb.
Missiyasını uğurla başa vuran “Bayraktar Akıncı”nın bu kritik əməliyyatı bütün dünyada yüz minlərlə insan tərəfindən canlı olaraq izlənilib və böyük təsir bağışlayıb.
Sevinc Əliyeva
Ordu.az