Hər şeydən əvvəl terror təşkilatı PKK-nın əsas baza ərazisi hələ də İraq torpaqlarıdır. PKK strukturuna bağlı Suriyadakı YPG, İrandakı PJAK kimi müxtəlif təşkilatlar fərqli ölkələrdə fəaliyyət göstərsə də, təşkilati olaraq PKK-nın ən güclü olduğu yer İraqdır. 1982-ci ildə Suriyadan ayrılaraq İraqa yerləşən PKK, 40 ildən çoxdur ki, İraqı həm sığınacaq yeri, həm də Türkiyəyə qarşı hücumlarında baza kimi istifadə edir. 1980-ci ildən etibarən İraqdakı qeyri-sabit quruluş həm PKK-nın mövcudluğuna şərait yaratdı, həm də İraq dövlətini müdaxilə edə bilməyəcək vəziyyətə saldı.
1980-ci ildən sonra İraqdakı hadisələrə nəzər saldıqda 1980-88 illərində davam edən İran-İraq müharibəsi, 1991-ci il Körfəz böhranı və İraqın şimalında uçuşa qadağan zonasının yaradılması ilə iraqlı kürd qrupların de-fakto muxtar idarəçilik əldə etməsi, 1994-cü ildə İraqdakı iki əsas kürd partiyası olan Kürdüstan Demokratik Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər İttifaqı (KYB) arasındakı toqquşma və sonrasında KDP-nin İraqın devrilmiş lideri Səddam Hüseynlə razılaşaraq Ərbili ələ keçirməsi, 2003-cü ildə ABŞ-nin İraq işğalı, 2006-cı ildə baş verən İraq vətəndaş müharibəsi, 2010-cu ildə “əl-Qaidə” ilə mübarizəyə diqqətin artırılması və ABŞ-nin İraqdan çıxması, 2011-ci ildə başlayan “Ərəb Baharı” prosesi, 2014-2017 illərində İŞİD-in İraqdakı mövcudluğu və 2019-cu ildə İraqda baş verən etiraz aksiyaları kimi hadisələrin İraqda siyasi, sosial və təhlükəsizlik məsələlərində qeyri-sabitlik və güc boşluqları yaratdığını görərik. Lakin PKK ilə mübarizə İraq üçün birinci dərəcəli prioritet və əsas təhdid mövzusu olmayıb. PKK-nın mövcudluğunun İraqın şimalı ilə məhdudlaşması ilə yanaşı, 1991-ci ildən sonrakı dövrdə mərkəzi hökumətin İraqın şimalındakı nəzarətsizliyi, PKK-nın İraq torpaqlarını istifadə etmək imkanlarını asanlaşdırıb. Beləliklə, İraqın şimalındakı dağlıq ərazidə mühüm bir sahəni ələ keçirən PKK, Qəndil ilə yanaşı Hakurk, Metina, Zap, Qara, Avaşin-Basyan, Sinat-Haftanin və Asos bölgələrində bazalar, sığınacaq və yaşayış məkanları yaradıb. Silahlı struktur ilə məhdudlaşmayan təşkilat İraqdakı inzibati, siyasi və güc boşluğundan faydalanmaqla ya birbaşa, ya da müxtəlif etnik, dini və siyasi qurumlar vasitəsilə İraq və 2003-cü ildən sonra hüquqi status əldə etmiş İraq Kürd Regional Administrasiyasının (İKRA) siyasətində təsir yaratmağa çalışıb. PKK-nın bu mövcudluğu zaman-zaman Türkiyəyə qarşı bir “silah” kimi də istifadə edilərək alətə çevrilib.
Türkiyənin qətiyyəti nəticə verdi
Lakin Türkiyənin terrorla mübarizədə qətiyyəti, Suriyanın şimalında həyata keçirilən “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Barış Pınarı” əməliyyatları ilə konkretləşən və daha sonra İraqın şimalında keçirilən “Pəncə” əməliyyatları seriyası ilə davam edən “təhdidi yerində zərərsizləşdirmək” strategiyası ilə PKK-nın silahlı güc potensialı əhəmiyyətli dərəcədə məhdudlaşdırıldı. Xüsusilə İraqın sərhəd bölgəsi Türkiyə üçün daha təhlükəsiz hala gəlib, Türkiyənin əməliyyatları nəticəsində şimaldakı dağlıq ərazidə sıxışdırılan PKK daha cənuba və əsasən şəhərlər olmaqla müxtəlif ərazilərə sürüklənmək məcburiyyətində qalıb.
PKK-nın mövcudluğu səbəbindən İraqın şimalında 600-dən çox kənd boşaldılıb, Süleymaniyə, Kərkük, Mosulla yanaşı Bağdada qədər uzanan xətt boyunca PKK-nın ərazi əldə etməyə çalışdığı müşahidə edilib. Bu vəziyyət həm İraq mərkəzi hakimiyyətini, həm də İKRA-nı PKK ilə qarşı-qarşıya gətirib. Bu nöqtədə xüsusilə kürd siyasəti baxımından PKK pozucu bir rol oynayıb. İKRA daxili siyasətindəki rəqabətdə üz-üzə gələn KDP və KYB arasındakı münasibətlər KYB-nin PKK-ya açdığı imkanlar nəticəsində daha da gərginləşib və PKK həm Türkiyəyə, həm də KDP-yə qarşı bir alət kimi istifadə edilib.
Bu mənada PKK yenə də ən böyük zərəri kürdlərə vermiş oldu. Belə ki, KDP və KYB arasındakı çəkişmə səbəbilə əvvəllər 4 dəfə təxirə salınmaq məcburiyyətində qalan İKRA seçkiləri nəhayət 2024-cü ilin oktyabrın 20-də keçirildi. Lakin bu günə qədər KDP-nin birinci çıxdığı seçkilərin üzərindən təxminən 5 ay keçməsinə baxmayaraq, hələ də hökumət qurula bilməyib. Əvvəlki dövrlərdə də İKRA-da hökumətin qurulması 9-10 ay kimi müddət ərzində baş verdiyi üçün çox erkən bir hökumət qurulma prosesi gözlənilmirdi. Lakin mövcud konyunkturda İraqdakı kürd siyasəti yeni bir sınaqla üz-üzədir.
Narahatlıqlar davam edir
Terror təşkilatı PKK ilə bağlı başlayan yeni prosesi İraqdakı kürd liderlər müsbət qarşılasalar da, PKK-nın hansı istiqamətdə fəaliyyət göstərəcəyi mövzusunda narahatlıq və şübhə də var. Bu narahatlığın başında PKK üzvlərinin hansı şərtlər altında silahı buraxacağı ilə bağlı qeyri-müəyyənlik durur. Türkiyə baxımından problem tamamilə həll olunsa belə, İraqdakı təşkilat varlığının özünə siyasi və sosial sahə açmaq üçün addımlar ata biləcəyi müzakirə edilir. Bunun üçün İraqda müəyyən zəmin də mövcuddur. PKK iraqlı kürdlərlə yanaşı, yezidi və digər azlıqlar arasında da dəstək tapıb. Bu vəziyyət, öz daxili çəkişmələrini bitirməyən kürdlər üçün problemli bir vəziyyətdir. 2003-cü ildən sonra İraqda əldə etdikləri siyasi, inzibati və hüquqi qazanclar barəsində mərkəzi hökumətlə problemlər yaşayan iraqlı kürdlər PKK səbəbindən yeni problemlərlə üzləşə bilərlər. Bu nöqtədə PKK daxilindəki “müxtəlif məktəblər”in vəziyyətinə də diqqət yetirmək lazımdır. Hərçənd bütöv bir struktur kimi hərəkət etsə də, PKK daxilindəki “şahin qanad” və İrana yaxınlığı ilə tanınan Cəmil Bayıkın rəhbərlik etdiyi qrupun radikal mövqe tutaraq “oyun pozan” ola biləcəyi haqqında şayiələr İKRA-da güclü şəkildə səsləndirilir. Bu vəziyyət Suriya, Livan və Fələstində mövqe itirən İranın İraq daxilində “bütün kartları” masaya qoya biləcəyi narahatlığına səbəb olur.
Belə ki, PKK ilə bağlı başlayan prosesdən sonra, Xarici İşlər naziri Hakan Fidanın İran barəsində etdiyi açıqlamalar da nəzərə alındıqda, bu şübhənin Türkiyə baxımından da keçərli olduğu görünür. Nəhayət, İraqdakı İran tərəfdarı qruplara bağlı olan deputatların son dövrdə Türkiyənin İraqdakı əsgərlərini çəkməsi istiqamətində imza kampaniyası başlatmaları da diqqətçəkicidir. Burada İraq və iraqlı kürdlərin PKK-nın ən böyük zərəri onlara verdiyini anlaması lazımdır. Terror təşkilatı PKK-nın Türkiyədə əməliyyat keçirmək bacarığı demək olar ki, qalmayıb. PKK və əlaqəli təşkilatların olduğu bütün ölkələrdə məhv edilməsi təkcə Türkiyə üçün deyil, bütün region üçün sabitlik yaradacaq. Bütün tərəflərin bunun fərqində olaraq hərəkət etməsi regionun yeganə çıxış yolu kimi görünür. Fidanın yeni dövrdə regional həmrəyliyin artırılması lazım olduğuna və artıq köhnə səhvləri davam etdirmək zamanının olmadığına dair açıqlamaları bu mənada mühüm bir xəbərdarlıq xarakteri daşıyır.
Asif Cəfərov
Ordu.az